adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2017 17:48
8424
MƏMLƏKƏT
A- A+

Nazirlikdən “əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra mətbu orqanlarda yayılan Nazirlər Kabinetinin qərarı ilə bağlı "əmək haqlarının 1 manat artırılması” xəbərinə münasibət bildirib.

Adalet.az "Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun "əmək haqlarının 1 manat artırılması” kimi təqdim edilməsi yanlışdır:

"Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 21 aprel 2017-ci il tarixli 161 nömrəli qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun "əmək haqlarının 1 manat artırılması” kimi anlaşılması və təqdim edilməsi yanlışdır.

İlk növbədə bildirirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən, minimum əməkhaqqının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz”.

Onun sözlərinə görə, məcəllənin 158-ci maddəsinin 2-ci hissəsinə əsasən, respublikanın büdcədən maliyyələşdirilən müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırda isə respublikamızda muzdlu işçilərin 40 faizindən çoxu büdcədən maliyyələşdirilən sahələrdə çalışır:

"Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli sərəncamı ilə imzalanıb və minimum əmək haqqının məbləği 2017-ci ilin əvvəlindən 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib.

Bununla bağlı olaraq, Nazirlər Kabineti 21 aprel 2017-ci il tarixli 161 nömrəli qərarla 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarının "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli sərəncamının 2-ci hissəsinə uyğunlaşdırılmasını, yəni bu qərarın 5 nömrəli əlavəsi olan "Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə dəyişiklik edərək, həmin işçilərin minimum vəzifə maaşlarının müəyyən olunmuş minimum əməkhaqqı səviyyəsindən aşağı olmamasını uyğunlaşdırılmaqla təmin etmişdir”.

E.Babayev bildirib ki, qeyd olunan qərar sadəcə olaraq, Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğunlaşdırılması məqsədinə xidmət edir:

"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə respublikamızda dövrü olaraq minimum aylıq əməkhaqqının artırılması həyata keçirilir. Son on il ərzində minimum əməkhaqqının məbləği 3,5 dəfə artırılıb, nəticədə ölkə üzrə orta aylıq əməkhaqqı da 3,3 dəfə artıb”.