adalet.az header logo
  • Bakı 18°C
26 Aprel 2017 00:05
19775
LAYİHƏ
A- A+

Cansız təbiətin canlı təsviri

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan uşaq ədəbiyyatının tarixində təbiət mövzusu kifayət qədər qədim tarixə, geniş ifadə imkanlarına malikdir. Azərbaycan uşaq poeziyası təbiət təsviri ilə zəngindir. Abdulla Şaiq, Abbas Səhhət, M.Ə.Sabir, Mikayıl Rzaquluzadə, M.Dilbazi, T.Elçin, İlyas Tapdıq, Tofiq Mahmud, Fikrət Sadıq, Məmməd Aslan, Zahid Xəlil, Məmməd Namaz və başqaları uşaq poeziyasına gözəl təbiət təsvirləri gətirmişlər. Heç şübhəsiz, təbiət mövzusunun bu qədər geniş yayılması Azərbaycan təbiətinin özünün relyefi, rəngərəngliyi ilə də əlaqədardır.
Uşaqlar üçün orijinal əsərlər yazan Zahid Xəlilin bədii irsinin mühüm bir hissəsini təbiət mövzulu əsərlər təşkil edir:

Təbiətin dili var
Düşündürür hər kəsi -

deyən şair şeir kitablarının adlarını belə təbiətin varlıqlarının adı ilə adlandırmışdır. "Quşlar, quşlar", "Torağaylar oxuyur", "Ağ leyləklər" və s. Çünki sənətkar təbiət mövzusunda əxlaqi tərbiyə, saf hisslər, əməli fəaliyyət üçün geniş imkanlar görür. K.D.Uşinski haqlı olaraq yazırdı: "Mənim əminliyimə görə təbiətin məntiqi uşaqlar üçün ən əlverişli, ən faydalı məntiqdir".
"Təbiət insanın mənəvi istinadgahı, həmişə üz tutduğu məkan", təbiət mövzulu şeiri isə humanizm və vətəndaşlığın təzahür etdiyi və ifadə olunduğu lirika" (Y.Qarayev) kimi xarakterizə edənlər, şübhəsiz ki, tamamıilə doğru mövqedən çıxış edirlər". Z.Xəlil də əsl vətəndaş, humanist, mənəvi cəhətdən zəngin, ətraf aləmi qoruyan və onu sevən vətəndaş yetirməkdə təbiət poeziyasının əhəmiyyətli rolunu yaxşı dərk edərək sıx-sıx bu mövzuya müraciət etmişdir. Onun quşlar, heyvanlar, ağaclar, meyvələr, güllər, çiçəklər, otlar və s. bağlı uşaqların sevimlisinə çevrilən əvəzolunmaz şeirləri vardır.
Ana vətənin təbiətini uşaqlara sevdirmək bacarığı yalnız istedad deyil, həm də təbiəti dərindən öyrənməyi, duymağı tələb edir. Z.Xəlilin "Uçan çıraqlar", "Qarışqalar" (1971), "Mən rəngləri tanıyıram" (1972), "Göydən üç alma düşdü" (1974), "Quşlar, quşlar (1977), "Torağaylar oxuyur" 1979", "Ağ leyləklər" (2016) kitablarında toplanan təbiətin canlı və cansız varlıqlarının öyrənilməsinə həsr etdiyi şeirləri məhz belə bir duyğunun məhsuludur. Çoxlu müşahidələrin bəhrəsi olan bu poeziya nümunələrində Azərbaycanın flora və faunası haqqında şair uşaqlara ensiklopedik məlumatlar verir.
Quşlar və heyvanlar aləmi uşaqların ən çox sevdiyi varlıqlardır. Bu varlıqlarla əlaqəli bədii nümunələrdə sənətkar oxucunu poetik obyekt kimi seçdiyi personajın, məsələn, qartalın, qaranquşun, qırğının, şanapipiyin, çəpişin, buzovun, pişiyin malik olduğu təbii əlamətlərlə, tanış etməklə kifayətlənmir, burada əxlaqi- tərbiyəvi fikir və duyğularını da təlqin edir.

Dimdiyi var
İynə kimi.
Gözləri var
Düymə kimi.
Ayaqları
Bapbalaca.
Qonar hərdən
Bir ağaca.
Nəğmə deyər:
"Bup-bup, bup-bup
Meşəmizdə
Nə var, nə yox?!"

Müəllifin "Torağaylar oxuyur" şeirlər kitabına toplanmış "Bildirçin", "Qırqovul", "Hacıleylək", "Cüllüt", "Qaranquş", "Şanapipik", "Qartal", "Ağacdələn", "Bülbül" və s. kimi şeirləri quşlarla bağlıdır.
Şair quşlar və heyvanlar aləmindən bəhs etdikdə yığcam lövhələr yaradır, uşaq ruhuna yaxın oynaq vəznlərdən məharətlə istifadə edir. Şeirlərdəki məzmun aydınlığı isə onları yadda qalan edir və uşaqların tez anlamasına kömək edir:

Rəngi qara, döşü ağ,
Ağ quyruğu haca quş.
Sən göylərdə uçanda
Balaca təyyarəyə
Oxşayırsan qaranquş.

"Qağayı", "Torağay, Qutan", "Sona", "Anqut", "Cüllüt" və s. adda şeirlərində şair kiçik oxucularının diqqətini bu predmetin kiçiklərə bəlli olmayan ən səciyyəvi cəhətinə yönəldir. Onları oxuduqca kiçik oxuculara Qutan, Cüllüt, Qağayı, Torağay, Anqut kimi quşların suda yaşayan heyvanlarla qidalanması məlum olur.
Şairin forma və məzmun gözəlliyi ilə seçilən poeziya nümunələrindən biri də "Kəklik" şeiridir:

Qovduq
Yorduq
Kəkliyi.
Quyruğu
Yoluq
Kəkliyi.
Üstünün
Naxışları
Çayların daşı kimi.
İçməyə
Su axtarır
Duru göz yaşı kimi.

Axıcı misralarla kəkliyin zahiri görünüşünün təsviri şeiri oxunaqlı edir. "Ağacdələn" şeirində də biz oxşar deyim tərzinin şahidi oluruq. Ağacdələnin gözlərinin qara, təpəsinin düz ortasının qırmızı, lələklərinin pırpız olması ritmik və oynaq bir ahənglə verilir:

Rəngi qara,
Gözləri ağ
Ağacdələn.
Qonar bir-bir
Ağaclara
Ağacdələn.
Təpəsinin
Düz ortası
Qırmızıdır.
Lələkləri
Pırpızlıdır.
Budaqları
Dələr hərdən.
Ağacdələn.

Quşlara həsr etdiyi şeirlərində şair bütün quşların deyil, Azərbaycanın təbiətində yaşayan, zahirən gözəl və ecazkar görünüşləri ilə seçilən Tovuzquşu, Kəklik, Şanapipik, Bülbül, Ağacdələn, Sona, Leylək, Qartal kimi quşlar haqqında məlumat verir. Onların yaşayış tərzi və xarakterik xüsusiyyətlərini təsvir və tərənnüm edərək uşaqlara sevdirir. Sənətkarın yaradıcılığında quşlara həsr edilmiş şeirlər kəmiyyət baxımından çoxluq təşkil edir.
Təbiətin ən balaca varlıqları belə şairin diqqətindən kənarda qalmamışdır. "Uçağan böcək", "Arılar", "Qarışqalar", "Uçan çıraqlar", "Kəpənəklər" bu səpkili şeirlərdəndir. Azərbaycanın təbiətini şeirlərində qarış-qarış gəzən şair təbiətin incə, zərif qızını-uşaqların sevimlisi kəpənəyi də yaddan çıxarmamışdır. "Kəpənəklər" şeirində Z.Xəlil kəpənəkləri uçan çiçəklər adlandıraraq onların al-əlvan rəngdə olmasına poetik bir məna verir. Çəmənlikdə kəpənəklərin hərəsi bir çiçəyin üstünə qonur. Biri öz qanadını zambaq üstə sərir, biri qərənfilin fincanına girir, biri isə sarı çiçəyin üstünə düşür. Gün işığı yayıldıqda kəpənəklər yuxudan ayılır və görürlər ki, qanadlarının hərəsi bir çiçəyin rənginə dönmüşdür:

...Bəzisinin payına
Sarı çiçək düşmüşdü.
Biri öz qanadını
Zambaq üstə sərmişdi.
Biri də qərənfilin
Fincanına girmişdi.
Gün işığı yayıldı.
Şirin yuxularından
Kəpənəklər ayıldı.
Gördülər qanadları
Dönüb çiçək rənginə.
Sevinib uçuşdular
Dağa-dərəyə yenə.
O vaxtdan kəpənəklər
Gör neçə rəng olublar.
O vaxtdan kəpənəklər
Uçan çiçək.

Kirpini uşaqlara tanıtdırmaq üçün isə şair şeirə tamam yeni bir ruh qatır. Kirpinin iynəsini ayı sancağına, özünü isə çoban papağına bənzədir:

Meşədə kirpi gördüm,
Dedim yəqin ayının
İynəsi, sancağıdı.
Ya da kolluqda qalan
Bir çoban papağıdı.

Zahid Xəlil balalarımızı təbiətin çeşidli mövcudluqları, canlı və cansız dünyası ilə tanış etməyi, bədii sözün qüdrəti ilə onların bu sahədəki biliyini artırmağı, estetik zövqünü oxşamağı, bədii təfəkkürünü zənginləşdirməyi də qarşısına məqsəd qoymuşdur. "Torağaylar oxuyur" kitabında yeni rənglər və çalarlara malik obrazlar aləmi ilə tanış oluruq. Burada sənətkar uşaqlar üçün bəlkə adı görünən bir çiçəyi, gülü, ağacı qeyri-adi bir al-əlvan təsvirlə onlara tanıdır.
Z.Xəlil uşaq təbiətini, psixologiyasını, maraq və tələbatlarını dərindən bilir və öz yaradıcılığında bu xüsusiyyətləri nəzərə alır. Şair təsirli, bəzən isə yumorlu misralar, əxlaqi-mənəvi fikirlərlə uşaqların nitqini, dünyagörüşünü zənginləşdirir. Onları ilk baxışda adi təbiətin canlı və cansız varlıqlarına həssaslıqla baxmağa səsləyir:

Dovşan keçisaqqalı
Gördü yaşıl çəməndə.
Söylədi: - Hələ saqqal
Deyirəm buna mən də
Bu, eləcə yemlikdir,
Bir az yarpağı çildir.
Dilimə də vurmuram
Onu bir neçə ildir.
Saqqala bax, saqqala,
Daranmayıb, pırpızdır.
Dilim-dilim yarpağı
Mənim bığımdan azdır.
Əgər bu düz deyilsə
Qoyun uşaqlar desin.
Şirin, südlü saqqalı
Dəcəl çəpişlər yesin.
Z.Xəlil doğma vətənin fauna və florasını, zəngin sərvətlərini balacalara tanıtmağı qarşısına məqsəd qoymuşdur. Onun ağaclar və meyvələrlə bağlı şeirlərindən danışanda dili çox sadə, anlaşıqlı olan "İydə", "Gilas", "Zoğal", "Alça", "Palma", "Çiyələk" və s. şeirləri yada düşür.
"Zoğal" şeirində isə balacalar zoğalın təkcə meyvəsinin deyil, budağının və zoğunun da al rəngli olduğunu, elə buna görə adının da zoğal olduğunu öyrənir:

"Al" sözünün mənası
Qırmızıdır ay Alı..
İstəyirsən bu sözə
Misal çəkək zoğalı.
Zoğalın meyvəsi al,
Budağı, zoğu aldır.
Bax elə buna görə
Onun adı zoğaldır.

Yer, göy, dəniz, ay, günəş, ulduz Z.Xəlil lirikasında əsas obyektdir. Sənətkarın deyilmiş mövzu ilə bağlı şeirləri çoxdur. "Ulduzlar", "Ulduz", "Günəş", "Gün çıxdı", "Göy qurşağı", "Gecə", "Günəşin zarafatı", "Dənizə axşam düşür" və s. kimi şeirlərdə Günəş, ulduz, göy qurşağı kimi yer üzünə yaraşıq verən varlıqlardan danışılır.

(ardı gələn sayımızda)

Şöhrət Məmmədova,
ADPU-nun dosenti,filologiya üzrə fəlsəfə doktoru
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ