adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Aprel 2017 19:30
19306
KRİMİNAL
A- A+

Maşallah Əhmədovun İrandan gətirdiyi daşlarla bağlı DGK-ya sorğu göndərildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Adalet.az-ın məlumatına görə, prosesdə M.Əhmədovla zərərçəkmişin İrandan gətirdiyi daşların qiyməti ilə bağlı sənədlər tələb olunub. Hakim Faiq Qasımov bununla yanaşı daşların gətirilmə və gömrük xərcləri ilə bağlı da araşdırma aparıldığını bildirib. Hakim deyib ki, bununla bağlı məhkəmə Dövlət Gömrük Komitəsinə sorğu göndərib. Həmçinin hakim zərərçəkmişdən dəymiş ziyanla bağlı real xərclənən məbləği əsaslandırılmış halda təqdim etməsini istəyib.

M.Əhmədovun vəkili bildirib ki, dəymiş ziyan şişirdilib, ekspertiza yüksək məbləğ hesablayıb: "Gətirilən həmin daşların hər kvadratmetri İrandan 11-13 manat məbləğində alınıb və Azərbaycanda həmin daşların satış qiyməti 25 manatadır. Amma ekspertiza rəyində həmin daşların 1 kvadratmetrinin qiyməti 80 manat müəyyən edilib ki, bu da həqiqəti əks etdirmir. Maşallah Əhmədov dəymiş real ziyanı ödəməyə hazırdır".

Hakim bildirib ki, həmin qiymətlər real araşdırılsın və məhkəməyə yazılı təqdim edilsin.

Proses mayın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. "Neftçi”nin bizneslə məşğul olan keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.