adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Aprel 2017 15:44
9844
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Holokost qurbanlarının xatirəsi anılıb

Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə öncə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Amir Rom Holokost qurbanlarının xatirəsinə altı ədəd şam yandırıb.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova qonaqları salamlayaraq tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. O, Holokost hadisəsinin insanları çox təsirləndirdiyini bildirib. J.Qəribova altı milyon əhalinin sadəcə irqçiliyə və milli mənsubiyyətinə görə qətlə yetirilməsinin dəhşətli hadisə olduğunu sözlərinə əlavə edib. Bu faciə haqqında tələbələrin məlumatlandırılmasının əhəmiyyətindən danışan prorektor Holokost hadisəsinin insanların yaddaşından silinməyəcəyini vurğulayıb. O, tələbələri faciə qurbanları haqqında filmlərə baxmağa dəvət edib. Prorektor J.Qəribova gəncliyimizin təhsil, qarşılıqlı hörmət, tolerantlıq, dostluq sayəsində belə faciələrin olmasının qarşısını ala biləcəyini söyləyib.

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini A.Rom İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinə tədbiri təşkil etdiyi üçün təşəkkür edib. O, Holokostun Almaniyanın faşizm dövründə törətdiyi, təxminən altı milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən ad olduğunu deyib. A.Rom 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakətin sonda faşist hökumətinin əlinə keçən bütün yəhudilərin öldürülməsi ilə nəticələndiyini bildirib. İrqçiliyə görə törədilən belə cinayətlərin təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün təhlükəli olduğunu deyən A.Rom bu təhlükəni bir daha yaşamamaq, bundan yayınmaq üçün keçmişi unutmamaq və gələcəyimizi bu keçmişə nəzərən qurmaq lazım olduğunu vurğulayıb.

Daha sonra ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İrsailşünaslıq ixtisasında təhsil alan Şahverən Babayev İsrailə həsr olunmuş mahnı ifa edib, Validə Qədirli isə Holokost hadisəsi haqqında təqdimatla çıxış edib.

Sonda "Holokost: şahidlərin gözü ilə” adlı videoçarx nümayiş olunub.