adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Aprel 2017 14:43
5815
MƏMLƏKƏT
A- A+

SƏRNİŞİNDAŞIMA QAYDASINI POZAN SÜRÜCÜLƏR CƏZALANDIRILDI

Bu gün sərnişin daşımaqla məşğul olan sürücülərin üzərinə çox böyük məsuliyyət hissi düşür. Təəssüflə qeyd etməliyik ki, bunu başa düşənlər də var, başa düşməyənlər də. Amma deyəsən son vaxtlar başa düşməyənlərin sayı daha da artıb. Əgər belə olmasaydı, son bir ayda respublikanın avtomobil yollarında mikroavtobuslarla əlaqədar ağır qəzalar baş verməzdi.

Ona görə ağır qəzalar deyirik ki, təkcə Bakı-Quba avtomobil yolunda mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 6 nəfər tələbə dünyasını dəyişdi, 15 nəfər də müxtəlif dərəcəli bədən xəsarəti aldı. Mənim dünyasını dəyişən o gənclərə, o cavanlara görə ürəyim ağrayır. Ən azından ona görə ki, bir sürücünün səhlənkarlığına görə, 6 evdə yas çadırı quruldu və onların qohum-əqrabası, doğmaları bu dərdi necə çəkəcək, onu bir Allah bilir. Yenə Allah-Təala onlara səbr versin və dünyasını dəyişənlərin əzizlərini qorusun!

Bu hadisə bir daha göstərdi ki, respublikamızda sərnişindaşıma ilə bağlı çox böyük problemlər mövcuddur. Məhz bu problemləri aradan qaldırmaq üçün Yol Patrul Xidməti Alayı bütün tağımlarda baş verə biləcək qəzaların qarşısının alınması ilə bağlı ciddi addımlar atmağa başlayıb. Rəhbərlik tərəfindən hər bir tağımın komandirinə konkret göstərişlər verilib və tövsiyələr edilib. Bu tapşırıqlar da ondan ibarətdir ki, hər bir tağım xidmət apardığı respublika əhəmiyyətli yollarda sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər gerçəkləşdirməlidir. İlk növbədə davamlı olaraq sərnişindaşıma ilə bağlı reydlərin keçirilməsi hər bir tağıma əsas vəzifə kimi tapşırılıb.

Artıq bu məqsədlə bütün tağımlarda reydlər keçirilir. Belə reydlərin biri də 1-ci tağımın xidmət apardığı Bakı-Quba avtomobil yolunda gerçəkləşdirilib. Təbii ki, keçirilən reyd zamanı sərnişindaşıma ilə bağlı çoxlu sayda nöqsanlar, çatışmazlıqlar və neqativ hallar aşkarlanıb. Bizim də reyddə iştirak etdiyimiz bu tədbir bir daha göstərdi ki, sərnişindaşımanı həyata keçirən şirkətlər hələ də mövcud nöqsanları davam etdirirlər.

Birinci tağımın polis baş serjantı Emin Əsədov sərnişin daşıyan mikroavtobusa «Saxla!» işarəsi verdi. Sürücü stasionar postun yaxınlığında maşını kənara verib saxladı. Yoxlama zamanı məlum oldu ki, mikroavtobusun sürücüsü maşında əlavə oturacaq quraşdırıb və normadan artıq sərnişin daşıyır. Həmin sürücü barəsində polis baş serjantı Emin Əsədov inzibati protokol tərtib etməklə yanaşı, mikroavtobus onun əlindən alınaraq müvəqqəti duracağa qoyuldu.

Reyd zamanı polis baş serjantı Emin Əsədov yol hərəkəti qaydasını pozan və sərnişindaşıma qaydasına əməl etməyən iki avtobus və iki mikroavtoböus sürücüsü barəsində protokol tərtib etdi. Və həmin maşınlar sərnişindaşıma qaydasını pozduğuna görə, duracağa qoyuldu.

Eyni zamanda reyd zamanı polis baş serjantı Əli Rzayev də sərnişindaşıma qaydasını pozan bir neçə sürücünü saxlayaraq onların nəzərinə çatdırdı ki, yol hərəkət qaydasını pozublar. Yoxlama zamanı aşkarlandı ki, sürücünün heç maşını idarəetmə hüququ yox imiş. Üstəlik də bu mikroavtobusda əlavə oturacaq quraşdırmışdı.

Polis baş serjantı Anar Hümmətov da mikroavtobus sürücülərindən birini saxlatdı. Məlum oldu ki, mikroavtobusun sürücüsü nəqliyyat vasitəsini xeyli vaxtdır ki, texniki baxışdan keçirmədən idarə edir. Sərnişindaşıyan mikroavtobusun texniki baxışdan keçirilməməsi hər hansı qəzanın baş verməsinə münbit şərait yaradır. Bir hadisəni xatırlatmaq istəyirik. Bu yaxınlarda Şəki rayonu ərazisində mikroavtobus hərəkətdə olarkən maşında qəfil nasazlıq yaranıb və sürücü idarəetməni itirərək maşını dərəyə aşırıb. Qəza nəticəsində ölüm hadisəsi baş verməsə də, ancaq 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məhz bunu sürücünün nəzərinə çatdıran polis baş serjantı Adil İsmayılov sürücü barəsində inzibati tədbir həyata keçirdi. Yəni qanunu pozan mikroavtobus sürücüsü cərimə olundu.

Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov bildirir ki, son iki həftədir xidmət apardığımız Bakı-Quba avtomobil yolunda sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı çox ciddi tədbirlər görürük. Əməkdaşlarımızın mütəmadi olaraq gördükləri tədbirlər nəticəsində indiyə kimi 20-yə yaxın sərnişindaşıma qaydasını pozan sürücü barəsində inzibati prtokol tərtib etmişik. Mən bir faktı qeyd etməliyəm ki, avtobus sürücüləri qaydanı pozarkən saxlanılan zaman sərnişinlər bir çox halda tədbir görən əməkdaşlarımıza narazılıq edirlər. Deyirlər ki, bizim vaxtımızı alırsınız və əsəbləşdirirsiniz. Hansı ki, bizim bu tədbirlərimiz sərnişinlərin təhlükəsizliyinin həyata keçirilməsinə yönəldilib. Sutkanın 24 saatı ərzində biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobil yolunda ağır qəzalar baş verməsin.

Biz reyddə olarkən stasionar postun sağ hissəsində böyük abadlıq işlərinin görüldüyünün şahidi olduq. Həmin işlərin nə vaxt sona çatacağı ilə əlaqədar tağım komandiri Ürfət Şükürovdan soruşanda o bildirdi ki, biz burda sərnişinlərin yağışın, qarın altında qalmasına imkan verməmək üçün dayanacaq düzəldəcək, bununla yanaşı, bulaq kompleksi inşa edəcəyik. Eyni zamanda çoxlu sayda ağacların əkilməsini də nəzərdə tutmuşuq. Bu tədbirlər həyata keçiriləndən sonra isti yay günlərində hər hansı nəqliyyat vasitəsinin sahibi maşını burda saxlayıb əl-üzünü yuya bilər və yenidən mənzilbaşına yola düşər.

Reyd zamanı 1-ci tağımın əməkdaşlarından polis baş serjantları Emin Əsədov, Anar Hümmətov, Adil İsmayılov, Əli Rzayev, Elçin Mütəllimov, Baba Yolçuyev, Sahil Ərəbov və başqaları yol hərəkəti qaydasını pozan sürücülər barəsində protokol tərtib etdilər. Bu isə o deməkdir ki, hər bir sürücü diqqətli olmalı və yol hərəkəti qaydalarına əməl etməlidilər. Xüsusən də sərnişindaşıma ilə məşğul olan sürücülər məsuliyyət hisslərini bir qədər artırmalı və sükan arxasında diqqətli olmalıdılar.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Samir Zeynalov – 1-ci tağımın komandir müavini, polis kapitanı; Sakin Vəliyev – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Rasim ƏLİYEV – 1-ci tağımın polis leytenantı, baş inspektor; Adil İSMAYILOV – 1-ci tağımın polis baş serjantı, inspektor; İslam CƏFƏROV – 1-ci tağımın polis serjantı, inspektor; Anar HÜMMƏTOV – 1-ci tağımın polis serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı