adalet.az header logo
  • Bakı 7°C
23 Aprel 2017 12:43
19130
MƏMLƏKƏT
A- A+

“Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aprel şəhidi Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş "Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı keçirilib.

Təqdimatdan öncə Bilik Fondunun əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq 2016-cı ilin aprel hadisələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra "Azərbaycan Bayrağı” Ordeninə layiq görülmüş Əbu Bəkr İsmayılovun qısa, lakin şərəfli həyat yoluna işıq salan bu kitabın ərsəyə gətirən müəllifə münnətdarlığını bildirib. İcraçı direktor deyib ki, belə kitablar gənclərimiz üçün örnək ola biləcək qəhrəmanların həyatını geniş auditoriyaya çatdırmaqda əvəzsiz nümunədir.

Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas qəhrəman oğullarımızın şücaətindən bəhs edən kitabların geniş təbliğatının aparılmasının zəruriliyini vurğulayıb. Aqil Abbas onu da bildirib ki, aprel döyüşlərində əsgər və zabitlərimizin torpaq uğrunda canından keçməsi xalqımızın əzminin və qələbəyə gedən yolda dönməzliyinin göstəricisidir.

Yazıçı-publisist Flora Xəlilzadə belə kitabların orta və ali təhsil müəssisələrində, hərbi hissələrdə yayılmasının vacibliyini vurğulayaraq, şəhidlərimizin keçdiyi yolun bir qəhrəmanlıq məktəbi olduğunu dilə gətirib.

Tədbirdə şəhidin qohumu Kərim Şükürov, hərbiçi, qazi İslam Əzimov, Fondun əməkdaşı Ramilə Qurbanlı, kitabın rəyçisi Qabil Nəsibov, AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin əməkdaşı Məlahət Kələntərli, mayor, şairə Aidə Şirinova çıxış edərək kitabın vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı əsərlədən biri kimi qiymətləndirdilər və belə kitablar əsasında ssenarilər yazılmasını filmlər çəkilməsini, təhsil müəssisələri və hərbi hissələrdə tədris olunmasını təklif etdilər.

Şəhid baş leytenant Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova və şəhid pilot mayor Təbriz Musazadə adına Tədris İncəsənət Mərkəzinin direktoru, şəhid xanımı Pərişan Musazadə də çıxışlarında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq vətən uğrunda canından keçənlərin daim yüksək qiymətləndirilməsinin gələcək qələbələrə yol açacağını dedilər və müəllifin onların hiss və həyəcanlarını, dərdini anlayaraq qələmə aldığı üçün, hər kəsi duyğulandırmağı bacardığı üçün ona minnətdarlıqlarını bildirdilər.

Tədbirdə "Hay ver mənə, cənab leytenat” mahnısının sədaları altında şəhidin həyatını və döyüş yolunu əks etdirən foto slayd nümayişi tədbir iştirakçılarını duyğulandırdı. Xalq artisti Eldost Bayramın iştirakçılar üçün kitabından bir parça oxuması da hər kəsi kövrəltdi.

Sonda kitabın müəllifi AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək təqdimat mərasiminin təşəbbüsçüsü olan Bilik Fonduna və iştirakçılara onun zəhmətinə dəyər verdikləri üçün minnətdarlığını bildirdi.