adalet.az header logo
  • Bakı 7°C
22 Aprel 2017 22:03
4440
GÜNDƏM
A- A+

YARATMAQ VƏ YARITMAQ AMACINDA

Yusif NƏĞMƏKAR

Bu gün bəlkə də şeir yazanların sayı elə şeir oxuyanların sayı qədərdir - desək, heç də mübaliğəyə yol vermiş olmarıq. Belədə yaxşını pisdən, doğrunu səhvdən ayırmaq da xeyli çətinləşir. Amma bir tərəfdən də bu "Zənginlik"dən heç də qorxmaq lazım deyil. Çünki gərəkli az, adətən gərəkli və gərəksizlər qarışıqlığından əmələ gələn çoxluqdan seçilir.
Bütün dövrlərdə belə qarışıqlıq (xaotika) nə qədər olub-olmayıb - onu deyə bilmərəm, amma təəssüf ki, indi belədir...
Söhbət konkret kimdən və kimlərdənsə yox, bütövlükdə müasir ədəbi prosesdəki ümumi mənzərədən gedir.
Əlinə qələm götürən hər kəs gərək vaxtıyla bu yekrəng tünlükdən narahat olan Mikayıl Müşfiqin səsinə səs versin və unutmasın ki, doğrudan da "Şairə ilhamdan maya gərəkdir..."
Mən bu ilham mayasını şeir yazmağa erkən, yeniyetməlik çağlarında başlasa da, sənətə böyük məsuliyyət hissilə, ciddi tələbkarlıqla yanaşdığından, əsla özünəgüvənməzlikdən deyil, təvazökarlıqdan onları nisbətən gec çap etdirən istedadlı şair Ramazan Səməroğlunun yazılarında hələ bir neçə il bundan əvvəl hiss etmişdim...
İntuisiyam məni aldatmadı...
Bugünə qədər mən Ramazan Səməroğlunun əvvəlki illərdə çap olunmuş və öz avtoqrafı ilə mənə bağışladığı kitablarını oxumuş və oradakı qəlbəyatan, sözün əsl mənasında kökdən, süddən, sümükdən qaynaqlanan şeirlərinə görə müəllifinə də xüsusi rəğbətimi bildirmişdim.
Əlimin altında olan və çapa hazırlanan "Ağrılar dəniziyəm" adlandırdığı ayrı-ayrı vaxtlarda yazdığı seçmə şeirlərdən toplanmış yeni kitabında isə bir fakt diqqətimi çəkdi. Bu da ondan ibarətdir ki, qeyd etdiyim kimi, kitablarını orta yaşlarından etibarən çap etdirməyə başlayan bu adamın 2013-cü il ömürlüyündə xüsusi bir səhifə təşkil edir. Belə ki, onun 2013-cü ildə yazdığı şeirlər öz təbiiliyi, məntiqi, səmimiliyi, ideya estetik təsir gücü, mövzu aktuallığı ilə ondan əvvəlki illərdə yazdıqlarından seçilir. Hətta mən əvvəl-əvvəl bu yazıma da "2013-cü ilin şeirləri" adını qoymaq istədim. Sonra qalan illərdə 2013-ə qısqanclıq yaratmamaq naminə o fikrimdən daşındım...
Həqiqətdə isə o, uşaqlıqdan şeirlə mayalanmış, lakin qəlbindən süzülən ilk qələm təcrübələrini başqaları kimi tez-tələsik çap etdirməyə can atmamışdır. (Ədəbi gözü-könlü toxluq!)
Dünya poeziyasının əlçatmaz zirvə ünvanı Məhəmməd Füzulinin yaradıcılığından azacıq da olsa xəbərdar olan hər bir qələm sahibi, heç şübhəsiz, bu çətin yolda Ramazan kimi hövsələyə, səbrə malik olmalıdır. Yoxsa...
Qələm adamlarının yaradıcılıq talelərində belə maraqlı sürprizlərin olması bir fərqlilik, bir qeyri-adilikdir!
Ramazanın hansı sənətin sahibi olmaq istəyindən xəbərsizəm. Ancaq o, şair oldu. Və özü də onu ulu yaddaşında dərin iz buraxan bir ağrı, bir kədər şair etdi. Çünki sevgisiz, həsrətsiz, kədər və nisgilsiz könüldə şeir mayalana bilməz. Və eləsi nə qədər yazsa da xalq onu şair kimi qəbul etməz. O üzdən bizə "şair xalq" deyənlər də səhv etməyiblər. İllərlə, qərinələrlə ayrılıq dərdini, sitəmini çəkən xalqın şair olmamağa haqqı yoxdur.
Səməroğlu əlinə qələm alan gündən sevincinin içində belə, nə qədər paradoksal görünsə də, o böyük kədəri misra-misra yaşamağa başladı...
Hələlik 2013-cü ilin könül çırpıntılarından bir misal:

Həsrətin yolumun gözətçisidir,
Hara gedirəmsə qorxu bilmirəm.
Ayrılıq sevgimin bələdçisidir,
Nə vaxtdır gecələr yuxu bilmirəm.

Damcılı çeşmədir gözümün yaşı,
Doyura bilmirəm torpağı, daşı,
Ağrı yatağıdır qəlbimin başı,
Bilmirəm nə olub? - axı bilmirəm.

("Həsrətin yolumun gözətçisidir")

Gəlin, bu iki bənddəki obrazlı ifadələrə, təptəzə deyimlərə nəzər yetirək: Şair çəkdiyi həsrəti başqa qələm adamlarından fərqli olaraq özünün yol gözətçisinə bənzədir. Sanki bu həsrət ömrü boyu addımlayacaq ömür yolunda onun saf sevgisini qoruyacaq bir gözətçidir. Ona görədir ki, müəllif, yəni aşiq sevgilisinin həsrətindən bezmir, usanmır, əksinə o, həsrəti daha da əzizləmək fəzilətinə qovuşur və qürurla deyir: "Həsrətin yolumun gözətçisidir". Şübhəsiz, hamının giley-güzar etdiyi, mənfi mənada anladığı həsrəti yalnız həqiqi şair olan kəs əzizləyə, öyə bilər.
Elə həmin bəndin üçüncü misrasında müəllif yazır:
"Ayrılıq sevgimin bələdçisidir". Bu misrayla da Ramazan fikrinə yeni ifadə libası biçmişdir. Doğrudan da, ayrılığın və bütün ayrılıqların ağrıları, əzabları, acıları ilə bərabər, həm də sevginin bələdçisi olması kimi danılmaz gərəkliliyi vardır. Bu gərəkliliyi şair ustalıqla, qeyri-adi bir fəhmlə optimal paralelliklər aparmaq yolu ilə bəyan etmişdir.
Şeirin ikinci bəndində göz yaşını damcılı çeşməyə bənzətməsi və bu damcılı çeşməylə də torpağı-daşı doyura bilməməyi, qəlbini isə ağrı yatağı kimi təqdim etməyi onun məqbul bədii tapıntılar yolunda olmasından xəbər verir.
Əlimizdən tutub bu yolu bizə nişan verən bələdçimiz - qalın bir qovluqdakı şeirləri özünün işıq bucağından mənalar, fəlsəfi düşüncələr səltənətinə ötürür bizi.
O şeirləri ardıcıl şəkildə oxuyub sona çatınca xəyalımın və düşüncəmin gözləri məni maraqlı bir aləmlə tanış etdi. Bu aləmdə sevincin, kədərin, həsrətin, vüsalın, şirinin, acının, yaxşının, pisin, mərdliyin, namərdliyin, cəsurluğun, hünərin, şücaətin rənglərini, bütöv insanlığın surətini, həm də bütöv Azərbaycanın bütöv obrazını gördüm.
Axar sellər dəryaları, damlalar, sısqalar gölləri yaratdığı kimi, könüldən qopan sətirlər də irili-xırdalı əsərlərə çevrilir; əlbəttə, istedad olan yerdə.
Məhz istedad olan yerdə yaratmaq mümkündür. Yaratmaq isə nəticə etibarı ilə yarıtmaq olmalıdır. Yəni sən yarıdacaqsansa, yarat. Yaradıb, yarıda bilməmək isə, əlbəttə, arzuolunmaz bir nəticəsizlikdir.
Xoşbəxtlikdən Ramazan özü də bunları yaxşı bilir və yazılarından məlum olur ki, bu istedadlı şair yaratmaqla yanaşı, həm də praqmatik yöndə, yarıtmaq amacındadır.

Təbriz dedim, ürəyimdə yağ yandı,
Elim, obam yad əllərdə talandı...
Cığırlarım bəd yollara calandı;
Neyçün olum tariximdən azanım?!

çünki:

Vətən üçün yanasıyam, yanası!
Vətən deyib, Vətən deyib ozanım!

Məmməd Araza ithaf olunmuş, Araz ləngərinin avazına diqqət prizmasından yazdığı bu misralarda müəllif mövzuya kreativ yanaşmaqla ürək ağrısı ilə bizi tariximizdən azdıranlara işarə edərək bildirir ki, elimiz, obamız yad əllərdə talandığı üçün cığırlarımız bəd yollara calanır və bu məqamda gözümüzün ayrılıq dağı olan, adı çəkiləndə ürəyinin yağını əridən Təbrizi yada salır. Bu, vətənpərvər, xalqpərvər şairin tarixi xəyanətlərə, şovinist aqressiyalara məqsədli yanlışlıqlara yönəli qəzəbli, haqlı üsyan səsidir!
Həmin dediyimiz yarıtmaqlıq belə yaratmaqdadır.
Livan yazıçısı və rəssamı Xəlil Cübrana görə, şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. Bu, həqiqətdə belədir. Ramazanın da şeirlərində "qanı axan yaranın" nəğməsi üstünlük təşkil edir. Lakin bu kədər notları hər cür neqativlərə qarşı olmaqla bədbinlikdən kənarda ayrıca bir işıq bucağında doğulur və yaranışı ilə də xüsusi bir ümid, dilək effekti yaradır.
Şeirdən-şeirə artan, estetik ideallar uğrunda inkişaf edib püxtələşən müəllif qələmə aldığı istənilən mövzunu poetik libasda təqdim etməyi bacarır. "Deyilsən" şeiri bu qəbildəndir:

Küləkmi qopardı yaxamdan səni?
Nə qədər soruşum yuxumdan səni?
Qəlbimdə gizlədim qorxumdan səni,
Sandım lal sükutsan, dinən deyilsən...

yaxud:

Çiçəyi çırtlayanım,
Hər dərdimə həyanım,
Sabahıma qıyanım,
Dünəndə nə gözəlsən.
("Gözəlsən")

Müəllif lirik qəhrəmanın gözəlliyini (həsrətini çəkirkən), onunla birgəliyini yaşadan zamanın adına yazır. Bu zaman da bu gün yox (bu gün onun özü deyil, həsrəti, nisgili var), dünən olduğundan - "dünəndə nə gözəlsən!" - deyir. Son olaraq gözəlin, əsl gözəl olduğunu da saf sevgiyə, məhəbbətə bağlayaraq "sevəndə nə gözəlsən!" qənaətinə gəlir. Bir sözlə, gözəlliyin belə həssaslıqla qələmə alınması eyni anda realist-romantik müstəvidə yaranan şeirin də gözəlliyini təmin edir və müəllifinə də "afərin!" qazandırır.
Ümumiyyətlə, Ramazan lirik səpkili şeirlərində, incə, kövrək duyğular axarında mövzuya müdaxilə edərək dərhal oxucunu da düşündürərək kövrəldir və bu kövrəklik insanı saflığa, sədaqətə səsləməklə gözlərimiz önündə həm də bitkin, ideya-estetik əlvanlığa malik hisslər tablosu çəkir, xəyali görüntülərlə poetik mənzərə yaradır. Fikrin obrazlı palitrası qarşıda nikbinlik notunda açılaraq pərdəyə düzgün düşən səda kimi canlanır. Və yaddaşlara beləcə həkk olunur.
Poetik duyum şairliyin birinci və əbədi şərtidir. Bu olmasa, yazılan, qoşulan misralar primitiv nəzm parçası olur yalnız. Bu əzəli və əbədi poeziya yoluna bələdliyindəndir ki, Ramazan hədəfi düzgün nişan alır:

Dirsəklənib gecəyə
Yollara göz qoyuram.
Ulduzdan eynək taxıb
Göyləri oxuyuram.

("Göyləri oxuyuram")

Burada "gecəyə dirsəklənib" "yollara göz qoymaq!, "göyləri oxumaq üçün ulduzları eynək kimi gözlərinə taxmaq" müəllifin özünəməxsus təzə obrazlı deyimləridir. Ramazanın özünəməxsus bir cəhəti də işlətdiyi obrazlı ifadələrdə israfçılığa yol verməməsidir. Yəni, bütün misraları obrazlarla yükləmək şeirə sünilik gətirdiyini bildiyi üçün o, bənzətmələri, təşbihləri, istiarələri qədərində, yerli-yerində işlətməyi bacarır.

Başqa bir misal:

Ölümümün yaşıdı,
Sabahımın qışıdı,
Tərəzimin daşıdır
Vaxtı çəkən günlərim.

("Günlərim")

Bu şeirdə isə müəllif bir güllə ilə bir neçə hədəfi məharətlə vurur; vaxtı çəkən günlərin tərəzinin daşı (çəki mənasında) olması ilə yanaşı, həm də günlərin vaxtı çəkib aparması mükəmməl məna və məntiq qafiyəsidir".
Ramazan Səməroğlu klassik şeir ənənələrindən daha çox yararlanmağa çalışır. Ənənəvi şeir formalarından olan qoşma, gəraylı onun ruhuna yaxın olduğu üçün müəllif bu şeir növlərində fikrini, sözünü obrazlı deməyə çətinlik çəkmir.
Hanı əl-ayaqdan iti uşaqlar?!
Sükutun başına uçur otaqlar.
Uzaqdan-uzağa baxır uzaqlar,
Hardasan, hardasan, ay ev yiyəsi?!

("Hardasan, hardasan,
ay ev yiyəsi?!")

Ramazanın şeirlərində ümidə bələnmiş həsrət, nisgil notları üstünlük təşkil edir. Bu da onun Yurd, torpaq itkisindən irəli gəlir. O, həm də sürətlə ötən zamanla da döyüşməkdən, vaxtın, illərin ötgünlük fəlsəfəsini yaratmaqdan çəkinmir. Bununla yanaşı, təbir caizsə, həyatda əsli, əsası olmayan absurd nə varsa onu yaradıcılıq laboratoriyasına qəbul etmir. Başqa sözlə, o, bir şair kimi özünü, öz taleyini yazmağa üstünlük verir. Bu da onun əsərlərini sünilik bəlasından qoruyan bir keyfiyyətdir. O, yalnız təsirləndiyi mövzuları qələmə alır və həmin məqamda daha çox müvəffəq olur.
"Hələ axtarıram uşaqlığımı" şeiri dediklərimizin təsdiqidir:

Quştək yuvasından uçdu bəlkə də,
Qayıtmadı, qaldı uzaq ölkədə...
İndi heç qarşıma düşmür kölgə də,
Hələ axtarıram uşaqlığımı.

Nastalji hisslər bolluğundan seçib gətirdiyimiz bu nümunədə "indi heç qarşıma düşmür kölgə də" heç də gəlişigözəl ifadə olaraq işlədilməyib. Qarşına kölgən düşmürsə, demək onda sənin başının üstündə, ya da arxanda günəş yoxdur. Bu isə ötən çağların qaytarıla bilməyinin mümkünsüzlüyü mənasındadır. Əsl şairlik də elə məhz fikri bu cür ifadə edə bilmək məharətindədir.

Əgər müəllif yazsaydı ki, indi heç kəsin kölgəsi görünmür, yaxud mənim də kölgəm yoxdur, onda bu, bədii söz olmazdı. Amma fikrə poetik qanad taxmaq üçün "indi heç qarşıma düşmür kölgə də" yazılmalıydı və yazıldı da.
Bax, budur şairlik, budur sənətkarlıq!
Uşaqlığı, yeniyetməliyi, Zəngəzur mahalının, Qafanın, doğma Kurud kəndinin yoxluğu ilə qeybə çəkilən müəllif, əlbəttə, "gözüm bitib qalıb hər daşın altda" - deməklə təsəlli tapmalıydı. Lakin bu təsəllinin alt qatında bir şair fəryadı hər an əks-səda verməkdədir. Bu əks-səda bitib tükənmək bilmir, göynəkli xatirələr libasına bürünərək yeni-yeni şeirlərdə boy göstərir:

Çeşmələrdən su axırmı?
Zirvələr göyə baxırmı?
Yoxuşlar dağa qalxırmı?
Varmı dağlardan bir xəbər?

Külək otunu biçirmi?
Dərə suyunu içirmi?
Cığır üstündən keçirmi?
Varmı dağlardan bir xəbər?

Ramazanam, yurd həsrətli,
Örüşlərim qurd həsrətli.
Qəlbim Kirs, Kurud həsrətli,
Varmı dağlardan bir xəbər?

Həyəcanlı, minbir suallı, əslində isə pafosdan, ritorikadan xali bu misralar təbii hisslərin, duyğuların kövrək (həm də pozulmaz!) yaddaş lövhələridir. Şaxələnən istedadın tutumluluğu, daha dəqiq desək, bir növ şairin rəssamlığıdır. Bu da bədii yaradıcılığın mühüm əlamətlərindən biridir.
Kaş, kaş "Varmı dağlardan bir xəbər?!" - deyə haray qoparan bu misraların müəllifinin bildiyi qədər hər kəs bilə biləydi ki, doğma Kirsi, Kurudu (bütöv İrəvan ellərimizi) nisgilli Qarabağımızın bir hissəsini itirməklə (müvəqqəti olsa belə) nələri, nələrimizi itirmişik!
Əlbəttə, doğma yurd-yuvalarından zorla didərgin salınan soydaşlarımızın bu gün hər birinin sualıdır bu: "Varmı dağlardan bir xəbər?!". İnanırıq ki, bu misranı yazan şairin bir gün də təxminən belə bir müjdə şeirini oxuyacağıq:
"Dağlardan bir xəbər var"...
Amma deyəsən mənim ön sözüm bir qədər də son sözə bənzədi.
Eləsə qələmə güvəncimizlə imkan daxilində sonun və sonların da ilkinə qayıtmağın mümkünsüz olmadığının bəyanına nail ola bilməyimiz yəqin ki, yerinə dişərdi...
Ön sözlə son söz arasında hələ çox əlvan misralar sərgilənir. Sözümüzə qüvvət olan nümunələr isə yetərincədir:
Məsələn:
Görkəmli şair Musa Yaqubun məşhur "Bu dünyanın qara daşı göyərməz" şeirinin aurası Ramazanı da bir şair kimi çulğamış və onun düşüncələrinə qol-qanad vermişdir. Və məlumdur ki, Musa Yaqub "Bu dünyanın qara daşı göyərməz!" - deyə qələmə aldığı mövzuya böyük ustalıqla yüksək bədii məna-məntiq möhrünü vurmuşdur.
Ramazan isə öz növbəsində həmin abidə-şeirin sanki ziyarətinə gəlir və yeni nikbin bir məna müstəvisində bu dünyanın qara daşını göz yaşları ilə suvarmaqla göyərtdiyini fərqli obrazlı tərzdə belə təqdim edir.

Göz yaşımın damlasıyla suladım,-
Bu dünyanın qara daşı göyərir!

Təbiidir ki, Musa Yaqub tapdığı yeni fikri yeni ifadə tərzində həm müstəqim, həm də məcazi mənalarda işlədib. R.Səməroğlu da o fikrin nüvəsində (həmin fikri yamsılamadan) "göyərir" felinə söykənən başqa bir məcaz tapıb. Bu, müəllifin müəllifdən müsbət mənada təsirlənməsi və bəhrələnməsidir.

***

Başqa bir misal:

İzlərim də ayağımı tanımır...

Əlbəttə, get-gəl olmayanda nə ayaqlar izləri, nə də izlər ayaqları tanıyar. - uğurlu ifadədir.

yaxud:

Yollarım qoşalaşdı,
Biri gül, biri daşdı.
Dərdim mənə adaşdı,
Necə unudacağam?!

və yaxud, başqa nümunə:

Yolların ayağı bağlıdır indi,
Torpağa qar-boran sarğıdır indi.

Bu misralar da gözəl tapılıb. Mənası da belədir ki, paralanmış və yaralanmış torpağın yaralarının sarğısı indi qar-borandır. Burda da yenə müəllif demir ki, mənim ayaqlarım o yollara dəymir. Əvəzində deyir ki, yolların ayağı bağlıdır. Oxucu da bunu oxuyub düşünür ki, demək yolun ayağının bağının açılmasına yol tapılmalıdır. Bu ikicə misrada böyük bir əsərdə ifadə oluna biləcək mənalar bərqərardır.
Bu nümunələri ona görə geniş şərh vermədən təqdim edirəm ki, bəzən həssas oxucunun öhdəsinə buraxılan poetik məqamlar müstəqil və sərbəst nəticələr çıxarmağa, hərtərəfli təqdir olunmağa və qiymətləndirilməyə stimul verir.
Yeri gəlmişkən, deyim ki, mən həqiqi istedadın yaratdığı yeniliklərin, sağlam sənət axtarışlarının tərəfindəyəm. Ancaq...
Şeir milli də ola bilər, milli-bəşəri də. Fikir regional zəmində də ola bilər, dünyəvi də. Biz öz ədəbiyyatımızdan (istər müasir, istərsə klassik) da yararlana bilərik, Avropa və dünya ədəbiyyatından da. Əlbəttə, bunlar təqdirəlayiqdir. Amma şeirin süni yolla "qloballaşdırılması", başqa sözlə, Qərbə sürətli "inteqrasiyası" yolverilməzdir. Saxta "müasirlik" adı altında əllaməçilik, "dərinlik" pərdəsində, mücərrədlik donunda dolaşıqlıq təəssüf ki, indiki bəzi gənc yazarları çaşdırır. Bəlkə də bunu gənclərin erkən üslub axtarışlarındakı keçici hal kimi qəbul etmək olar...
Orta və yaşlı nəsil bəzi qələm adamlarının bu yolda olmaları isə xüsusilə acınacaqlı və nəticəsizdir.
Ramazan Səməroğlunun yazıları isə belə səmərəsiz yoldan çox-çox uzaqdır. Və bu cür uzaqlığı ilə də onun yaradıcılığı bir çox qələm yoldaşlarına nümunə ola biləcək qədər əhəmiyyətlidir.
Dünən yazdıqlarına bu gün yenidən qayıtmaq, xoşuna gəlməyən ifadələri, söz birləşmələrini daha münasibləri ilə əvəz etmək, bəzən bütöv bir şeiri yenidən işləmək, necə deyərlər, yazılı vərəqələrin sinəsini "şumlamaq" Ramazanın özündən razı olmamağının, məsuliyyət hissinin, tutduğu yolda məqbul xarizmasının nəticəsidir.
Bu xüsusiyyət yaradıcı adam üçün ən ümdə cəhət kimi qiymətləndirilməlidir. Ramazan yaxşı bilir ki, özündən razılıq (durğunluq və eqo) başlanan yerdə sənət qurtarır. Bütün bunların nəticəsidir ki, onun yüklü, narahat qəlbindən süzülüb gələn şeirlərini oxucu elə olduğu kimi də təbii qəbul edir.
Bu uğurun üstünə müəllifin bir cəhətini də əlavə etmək lazımdır ki, o, həyat həqiqətinə, görüb hiss etdiyi fakta, predmetə özünəməxsus yanaşır və son hədəfə - əsas mətləbə çatmaq üçün uyğun bədii ümumiləşdirmələr aparmağı bacarır. Bu da yaradıcılıqda mühüm şərtdir.
Nəticə olaraq, bir daha onu qeyd etmək istəyirəm ki, qələmə aldığı mövzulardan və bu mövzuya həssaslıqla yanaşma tərzindən də göründüyü kimi, Ramazanın şeir dili sadə və aydındır. Tapdığı həyat faktına heyrətlənəndə belə, onu ifadə edərkən öz tərzinə -səmimiyyətinə sadiq qalmağı bacarır. Səmimiyyət isə sənətin özülü, müəllifin baş ucalığıdır. Bu səmimiyyət Ramazanın həcmcə yığcam şeirlərinə belə xüsusi bir oxunaqlılıq və gözəllik verir.
Bu yerdə ingilis yazıçısı Uilyam Somerset Moemin sadəlik və yığcamlıq haqqında yazdığı bir fikri xatırlatmaq yerinə düşərdi: "Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir".
Sadə, aydın və səmimi deyilməyən (yazılmayan) söz heç vaxt könüllərə yol tapa bilməz. Səmimiyyətdən uzaq şeiri hayqırsan belə, heç kəs ona inanmaz və elə buna görə də onu qəbul etməz.
Antik dövr yunan ədəbiyyatından üzü bəri müasir ədiblərin əsərlərinə qədər və innən belə də sənətdə həmişə məqbul sayılmış və sayılacaq "uzun, incə bir yol" var; - onun da adı yalnız səmimiyyətdir. Həmin əlahəzrət səmimiyyət ki, o, həm də Yaratmaqdan yarıtmağa gedən yolun - yəni özü-özünün körpüsüdür. R.Səməroğlu da bu nəcib körpünün üstündədir; o taylı-bu taylı işıqlı və uğurlu sənət körpüsünün. Yalnız bu körpünün üstündə ola bilənlər könüllərə körpü sala bilir. İstedadlı qələm qardaşım Ramazan Səməroğlu kimi. Və bununçün də o, həmin sənət körpüsündən sevgisini beləcə bəyan etməkdə haqlıdır:

Ürəyinə nəğmə qoş,
Şeiri mənim olsun.

Biz də həmin həzin pıçıltılı sözlərin incə təbiətindən, xasiyyətindən tanıyaq ki, bu, Ramazan Səməroğlunun özünəməxsus üslubudur.