adalet.az header logo
  • Bakı 18°C

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

4928 | 2017-04-21 22:27
(Xatirələr)

Mustafa
Çəmənli

(əvvəli ötən şənbə saylarımızda)

Mən bu illər ərzində Gülər xanımdan narazılıq edən müəllifə rast gəlməmişəm. Gülər xanım yazıçı, alim olmaq iddiasında olmayıb, amma istəsəydi, olardı. Ancaq özünü bütünlüklə redaktə işinə həsr edib. Şəxsən mənim bir çox kitablarımın redaktoru olub və mən onun əməyini heç vaxt unutmaram. Bütün bunlarla yanaşı, Gülər Ələkbərqızı "Paltar tikməyin əlifbası", "Sarıcanın sərgüzəşti", "Fərasətli cırtdan", "Mahanın nağılı" (N.Gəncəvinin "Yeddi gözəl" poeması əsasında) adlı kitabların, tərcümələrin (Menandırın "Münsiflər məhkəməsi" komediyası onun tərcüməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilmişdir), ibtidai siniflər üçün dərsliklərin müəllifidir.

***
Çox qəribədir, lap uşaq yaşlarımdan Cənubi Azərbaycanı qarış-qarış gəzib dolaşmaq həsrətində olmuşam. Əslində, məni Cənubla heç bir qohumluq telləri bağlamır. Məni Güney ellərinə qohumluqdan çox-çox yüksək genetik qan yaddaşı, milli ruh bağlayır.
1993-cü ildə Tehranda Beynəlxalq kitab sərgisində olanda, istəsəm də, Təbrizi görmək, suyundan içmək mənə qismət olmadı, ancaq 1997-ci ilin may ayında Təbrizi görə bildim. 1997-ci il aprelin 26-dan mayın 7-dək İran İslam Respublikasında 4-cü Beynəlxalq Mətbuat festivalı keçirilirdi. İran İslam Respublikasının Bakıdakı Səfirliyinin xətti ilə millət vəkili, "Naxçıvan" qəzetinin baş redaktoru Rizvan Cəbiyev, "Şərq-Qərb" nəşriyyatının direktor müavini mərhum Elmira Tarverdiyeva, "Millət" qəzetinin baş redaktoru Nazir Əhmədli və mən festivalda iştirak etmək üçün 28 apreldə Tehrana uçduq. Festival mayın 7-nə qədər davam edəcəkdi. Tehranda festivalda iştirak etdik. Günümüz maraqlı keçirdi. Lakin bizim hər birimiz Təbrizə getmək arzusunda idik. Mən yoldaşlarıma dedim ki, biz dərhal Təbrizə getmək arzumuzu bildirsək, ola bilər, bu istək baş tutmasın, ancaq başqa şəhərləri təklif edəndə Təbrizə getmək istədiyimizi söyləyərik.
Bir axşam Ağayi Şeirdust bizi mehmanxanaların birinə şam yeməyinə dəvət etdi. Sözarası soruşdu ki, vaxtınız nə zaman tamam olur? Söylədik ki, mayın 7-də. Dedi, hara tələsirsiniz, qalın Məşhədə gedək, Şiraza gedək... Beləcə, bir neçə şəhərin adından sonra Təbrizin adını çəkəndə gülüşdük. Səbəbini soruşdu. Dedik, Təbrizi görmək istəyirik. Sağ olsun, söz verdi ki, gedərsiniz. Səhəri gün tezdən Ağayi Şeirdustun göndərdiyi adam bizi təyyarə limanına aparıb Təbrizə yola saldı. Bir saatdan sonra Təbrizi təyyarənin pəncərəsindən seyr edirdik. Hava limanında bizi qarşılayıb ikimərtəbəli bir qonaq evinə apardılar. Burada hərəmizə bir otaq ayırmışdılar. Yolda bizə bələdçilik edən oğlandan soruşdum ki, ana dilində qəzetiniz çıxırmı? "Bəli", dedi və səhər jurnalistlərlə bizi görüşdürəcəyinə söz verdi. Səhəri gün, doğrudan da, on nəfərə qədər jurnalist mehmanxanaya, bizimlə görüşə gəlmişdi. Bəlli oldu ki, onların nəşr etdikləri qəzetlər iki dildə - Azərbaycan və fars dillərində çap edilir. Buna da səbəb azərbaycanlıların hələ ana dilində qəzet oxumağa vərdiş etməmələri idi. Bu görüşdən o da məlum oldu ki, bizim Bakıda nəşr olunan qəzetlərin əksəriyyətinin nüsxələri onların əlində var. Sübut üçün stolun üstünə kifayət qədər nümunələr tökmüşdülər. Təbii ki, bu qəzetlərin arasında "Millət" və "Naxçıvan" qəzetləri də vardı. Cənublu jurnalistlərlə ən çox diskussiya aparan Nazir Əhmədli ilə Rizvan Cəbiyev idi. Mən siyasi söhbətləri sevmədiyimdən, oturub ancaq qulaq asırdım. Söhbət demokratiyadan, azadlıqdan düşəndə Nazir Əhmədli dedi ki, sizdə azadlıq varsa, məni Çöhrəqanlı ilə görüşdürün.
Həmən ərəfədə Təbriz Universitetinin professoru Mahmudəli Çöhrəqanlı ilə bağlı çox söz-söhbət dolaşırdı. Onlar Çöhrəqanlı ilə Nazir Əhmədlini görüşdürəcəklərinə söz verdilər.
Doğrusu, mənim üçün Təbrizi gəzmək, Eynal-Zeynal dağına çıxmaq hər bir işdən vacib idi. Təbrizin havası saf, suyu içməli idi. Təbriz mənə hardasa bizim qədim Gəncəni xatırladırdı. Mən bu şəhəri neçə il qabaq iş yoldaşlarım, 46-cı ildə cavan yaşlarında vətənlərini tərk etməyə məcbur olmuş Məmmədli Müciri ilə Əyyub Nəiminin "gözləri" ilə görmüşdüm. Eynal-Zeynal dağının adını onların dilindən eşitmişdim. Biz bu dağın ətəyinə çatanda dözməyib yoldaşlarımdan ayrıldım, mən bu dağın zirvəsinə qalxmaq, oradan zaman-zaman həsrətində olduğum Təbrizi seyr etmək istəyirdim. Bişmiş qırmızı kərpici xatırladan dağı üzüyuxarı qalxdıqca Süleyman Rüstəmin "Təbriz" şeirinin misraları ürəyimin döyüntüsünə çevrilirdi:

Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Dağın zirvəsinə hamıdan qabaq çatdım. Nəfəsimi dərib yaxına-uzağa baxdım, Təbriz elə bil ovcumun içindəydi. Mən bu qədim şəhəri bütün görünüşü ilə gözlərimə köçürdüm.
Dağın zirvəsindəki ziyarətgahda olduq. Ziyarətgah təmiz və səliqəli idi. Burada yaşıl örtüyə bürünmüş iki qəbir vardı. Rəvayətə görə, dağın adını daşıyan Eynal-Zeynal qardaşlarının qəbirləri idi. Ziyarətgahda və onun ətrafında çoxlu şəkil çəkdirdik...
Biz Təbrizdə üç gün qaldıq. Rizvan Cəbiyev işi olduğu üçün bir gün sonra vətənə qayıtmışdı.
Bələdçimiz bizi Təbriz Tarix Muzeyinə apardı. Otaqları gəzdikcə burada toplanmış maddi-mədəniyyət nümunələri, əsrlərdən xəbər verən əşyalar, müxtəlif dövrlərin gümüş və dəmir pul sikkələri bizi xəyalən çox-çox uzaq keçmişlərə apardı. Muzeydə Səttar xana, onun silahdaşlarına ayrıca bir otaq ayrılıb. Burda Səttar xanın heykəli də var. Mən bu muzeydəki eksponatları seyr edə-edə düşünürdüm ki, yaxşı olar Bakıdakı Tarix Muzeyi ilə Təbriz Tarix Muzeyi arasında müştərək əlaqələr yaransın. Hər iki muzeyin eksponatlarını televiziya ilə nümayiş etdirmək də olar. Təki istək olsun.
Təbrizdə Məhəmmədhüseyn Şəhriyara sonsuz sevgi var. Bu sevgini az qala hər addımda hiss edirdik. Şəhriyara olan məhəbbəti onun qəbri üstə ucaldılmış memarlıq kompleksindən də aydınca görmək olar. Şəhriyarın qəbrini ziyarətə gedəndə ilk gözə dəyən də şairin heykəli oldu. Biz yeraltı sərdabəyə düşdük. Burada təkcə Şəhriyarın deyil, həm də Xaqani Şirvaninin, Qətran Təbrizinin qəbirləri də var. Ziyarətdən sonra yuxarı mərtəbəyə qalxdıq. Burada çalışan bir nəfər bizi çaya qonaq etdi. Söhbət Təbrizdəki şairlər qəbiristanlığından düşəndə kişi bizə surəti çıxarılmış bir əlyazma göstərdi. Bizə söylədi ki, bu əlyazma dörd yüz il bundan qabaq yazılıb və ancaq şairlər qəbiristanlığı təsvir olunub. Kimin qəbri kimin qəbrinin yanındadır...
Mən bizə bələdçilik edən təbrizli cavanlarla söhbətdə qəsdən bayatı söyləyirdim.

Burdan Təbriz görünür,
Təpəsi düz görünür.
Qız, güzgünü neynirsən,
Üzündə üz görünür.

Bu yolla onların dilindən bayatı eşitmək istəyirdim. Çünki bayatılar Azərbaycan xalqının gen yaddaşıdır. Əlifba bilməyən nənələrimizin belə, sinəsi bayatı ilə doludur. Bayatı oxumaq, bayatı çağırmaq azəri türkünün milli himnidir. İlk baxışda çox sadə görünən bayatılarda tarixi taleyimiz, qəlb çırpıntılarımız yaşayır.

Araz axar daşınan,
Suyu qalxar başınnan.
Əzəli dumduruydu,
Bulandı göz yaşınnan.

Təbrizin məşhur məhəllələrindən birinin yanından keçəndə bələdçilərdən biri maşını saxlatdı. İndi gəlirəm deyib qaça-qaça getdi, aradan on dəqiqə keçmiş əlində iki kitabla qayıtdı. Kitabları mənə verib dedi ki, Fərzanənin topladığı "Bayatılar" kitabıdı. Bundan çox sevindim və ona təşəkkür etdim.
Biz Təbriz yaxınlığında olan Kanduvana da getdik. Bura, doğrudan da, dünyanın ən möcüzəli yerlərindən biridir. Adam inana bilmir ki, bir-birinin üstündə ucalmış bu təbii qayaları insanlar oyaraq özlərinə məskən salıblar. Qaya-evlərdəki pəncərələrdən bilirsən ki, burda insan yaşayır. Bəzi yerdə elə bil bu qaya-evlər biri-birindən sallaşıb, asıla qalıb. Bir evdən başqa evə keçmək üçün ağacdan düzəldilmiş keçid-körpülər də gözə dəyir. Bu qaya-evlərin qarşısından çox sürətlə bir çay da axır.
Belə rəvayət edirlər ki, buranın əhalisi vaxtilə monqolların hücumundan qaçaraq bura sığınmışlar.
Kanduvandan Təbrizə qayıdarkən bələdçimiz bizi yeraltı bir dama apardı. Kənardan diqqəti cəlb etməyən bu damda sərbəst gəzmək olurdu. Buradakı mənzərə soydaşlarımızın keçmiş məişətindən xəbər verirdi. Bələdçi söylədi ki, indi yer üzündən silinmiş bu kəndin adı Hiyləvar olub.
Beləcə, Cənubi Azərbaycanı başdan-başa gəzmək mənə qismət olmasa da, Təbrizi görmək qismət oldu.

***

Allahdan həmişə istəyim bu olub ki, evimin, iş otağımın qapısı döyülsün... Təki evimə, iş yerimə gələn olsun, könlüm nəcib duyğularla, xoş arzularla dolsun, təki boşalmasın...
Bəli, təki səni səndən xəbərsiz ansınlar, yada salsınlar, sənə üz tutsunlar, səni ümid yeri, güvənc yeri bilsinlər. Bax, onda yaşamağa dəyər.
Bu illər ərzində qapım xoş niyyətlə çox döyülüb. Mən də çalışmışam ki, yanıma gələni könül xoşluğu ilə yola salım. Heç vaxt kimsənin üzünə açılmayan qapının arxasında kimin yaşamasının, axı, nə fərqi var. Yad edilmirsə, yad etmirsə, doğmalara, yadlara qaynayıb-qarışmırsa, beləsinin yaşayıb-yaşamamasının bir dəyəri varmı? Məncə, yoxdur!
96-cı ilin yazı idi. Bir gün iş otağımın qapısı döyüldü. Gələn Vaqif idi. Mənim çox sevdiyim şair Vaqif Səmədoğlu! Bir az dərdləşəndən, ordan-burdan danışandan sonra "Mən burdayam, İlahi" kitabının əlyazmasını stolumun üstünə qoydu:
- Bunu, hesablatdırarsan, görək neçəyə başa gəlir.
- Yaxşı, arxayın ol.
- İlk kitabım da "Gənclik" nəşriyyatında çap olunub.
- "Yoldan teleqram".
- Elədi. 1968-ci ildə.
- Vaqif müəllim, şeirlərinizi hərdən "Ulduz"da, "Azərbaycan" jurnalında dərc etdirirdiniz, amma nə üçünsə kitab halında yox.
- Qlavlit hər sözümün başına ip salırdı. Mənim isə mənasız suallara cavab verməyə hövsələm yoxdu.
- Sizə nəyi irad tuturdular?
- Çox şeyi, "Uzaq yaşıl ada" deyəndə nəyi nəzərdə tutursunuz? "Bir axşam taksidən düşüb payıza...". Taksidən payıza necə düşmək olar? Belə sual verənlərlə necə danışmaq olardı? Bax, buna görə kitab çap etdirmirdim.
... Vaqif müəllim qovluğunu qoyub getdi. Mən də açıb oxumağa başladım. Kitaba Vaqif Səmədoğlunun özünə əvəzsiz dost sandığı Xalq yazıçısı Anar "Allahla söhbət" adlı geniş bir ön söz yazmışdı. Anar müəllim yazır: "Vaqif Səmədoğlunun bu yeni və ən sanballı kitabı "Mən burdayam, İlahi" adlanır. Təbii ki, bu kitab dini kitab deyil, mərsiyələr, sözün hərfi mənasında dualar toplusu deyil. Amma kitabın bütün ruhunu, mənasını varlığın, bəlkə də, ən mühüm mövzusu, ən vacib mətləbi - insanla Allahın münasibətləri təşkil edir. İndi ateist rejimi çökəndən sonra hamı bir günün içində yaman allahpərəst, dinçi, dindar oldu. Vaqifin Allaha inamı, Allaha üz tutması, Allahdan cavab, izah, təsəlli istəməsi bu gün yox, onun poeziya aləminə gəldiyi ilk addımdan başlanıb. Otuz üç ildir uzanır bu söhbət, bu birtərəfli mükalimə, bu sirləri açmaq, anlamaq, cavab almaq cəhdləri".
Doğrudan da, Vaqifin Allahla söhbəti son nəfəsinə qədər onu tərk etmədi.

Bu gün bir şeirim üstündə
Allah dayanıb ağlayıb.
Beş-on şeir də yazmaqçün
Məni hələ sağ saxlayıb.

(ardı gələn şənbə sayımızda)



TƏQVİM / ARXİV