adalet.az header logo
  • Bakı 19°C
21 Aprel 2017 21:04
2455
GÜNDƏM
A- A+

KİTABSIZLAŞMA

Məzahir ƏHMƏDZADƏ

Müəllifdən: Bu günlərdə yazılarını daha çox oxuduğum üç publisistdən biri olan Xalid Kazımlının "Yeni Müsavat"da dərc edilmiş "Kosmos əsrində, internet dövründə qədim əsrlər cəhaləti" sərlövhəli köşəsini yenə "axıra saxladım". Oxudum və təbii ki, müəlliflə razılaşdım. Öz yazı üslubuna əbədən sadiq qalan hörmətli Xalid bəy ən ağrılı yerlərdən biri olan cəhalət sindromunu sanki həm də qeyri-adi yumoru və dərin qatlarda sezilən sarkazmı ilə məlhəmləyir, çarəsinə diqqət çəkir. Burada mövzuya anatomik yanaşma, gerçəkdən daha uğurlu variantdır - bu cür bəşəri ağrılara zarımaqla deyil, gülməklə (rişxəndlə) qalib gələ bilərik bəlkə də.
...Cəhalətə yol açan digər səbəblərin də az təhlükə yaratmadığı fikrindəyəm. Kitab oxumamaqla yanaşı, maklatura-kitabların da fərqli bolluğu çox zərərli bir təmayülün yolunu açmaqdadır. Bu mənada müəlliflə həmfikir və həmdərd olaraq da əvvəllər qələmə aldığım bir yazını təkrar təqdim edirəm.

***

Bir ara səngimişdi, elə görünürdü ki, daha hamı öz kitabını yazıb qurtarıb. Yadınızdadırsa 15-20 il bundan əvvəllərdən başlayaraq kitab çap etdirmək həvəsi sonralar necə vüsət almışdı. Müxtəlif ixtisas sahibləri, vəzifəli adamlar, bəzən də dürüst ixtisası, savadı olmayıb, bolluca imkanı olanlar adambaşına 1-2 kitab qaraladılar və ya ayrıca yazar kirayələdilər. Yox, mən kitab əleyhinə deyiləm, əksinə bunun vacibliyini hər gün yazmaqdan və danışmaqdan yorulmaram. Bu şərtlə ki, poeziyanı və nəsri ən istedadlı şair və yazıçıların kitablarından oxuyaq; istər gənc olsun, istərsə də təcrübəli, tanınmış. Eybi yox, baytarın da kitabı çıxsın, lap istəsəniz biznesmenin də. Ancaq qoy onlar öz sahələrindən, iş təcrübələrindən, uğurların elmi metodlarından yazsınlar, kimə lazım olsa tapıb oxuyacaq.
Heç vaxt belə olmadı. Mal-qara qaldı böyürə-böyürə, baytar uğursuz məhəbbətdən, icra başçısının mağaza müdiri olmuş atasından, nə bilim Klintonun saksafonundan poemalar yazdı. Bəzən də bu işə girişənlərin maddi problemləri olmasa da, ağıl problemlərinin olması elə təkcə iddialarından bilindi. Oxucu üçün, bütövlükdə cəmiyyət üçün vacib sayılan istedad sahiblərinin heç olmasa, 80-100 səhifəlik yeni bir kitab arzusu illərlə ürəklərində qaldı. İmkansızlıq üzündən. Ancaq Azarbaycan ədəbiyyatı səmasında qəfil peyda olan "ulduzların" - şair - prokurorların, nasir - rəislərin, detektiv - şirkət rəhbərlərinin, eləcə müxtəlif üsullarla az vaxt ərzində yaxşıca varlanan bir çoxlarının 300-500 səhifəlik "maklaturaları" cansıxıcı mənzərə yaratdı. Pis və uğursuz bir təmayül, eyni zamanda bu sərsəm marafonun xaotik kütləviliyini də təmin etdi. Ətcəbala uşaqlardan tutmuş, sallaq qocalaradək hamı bu marafona özünü layiqli bilirdi sanki. Əcəba, bunlara nə olmuşdu belə... Yaşları 70-i ötmüş qocaların sevgidən, şəhvətdən yazdıqları şeirlərdən misal çəkib məni daha da hirsləndirən dostlarıma deyirdim ki, nə qədər yazsaq, xeyri yoxdur, abır-həya insanın özündə olmalıdır. Və onlara Maqsud İbrahimbəyovun "Gərgədan buynuzu" hekəyəsini xatırladırdım.
Uzun çəkdi bu məsələ. Doğrudan birvaxtlar gör neçə tonlarla kağız, boya, digər çap ləvazimatları zay olub gedib. Üstəlik vacib yerlərə sərf olunası pullar... Ən pisi isə alınan, hayıf olan vaxtlar, korlanan zövqlər.
Bu mövzuda bir fakt var, hər dəfə onun üstündən keçib, bir növ gizlədirəm. Açığı inanmaq istəmədiyimdən, utandığımdan belə edirəm. Məsələ nədir? Həmin maklatura - kitabların bəzilərinə hörmət bəslədiyimiz, nümunə göstərdiyimiz, yəni daha çox oxuduğumuz şair və yazıçılarımızın ön söz yazması, tərifləməsi, orta statistik Azərbaycan oxucusunu çaşdırması, bir qədər də sərt desək, aldatmasıdır. Həmin şair və yazıçıların adlarını çəkməsəm də, siz, əziz oxucular, bilirsiniz ki, söhbət kimlərdən gedir. Öz adlarını və ədəbi namusunu qoruyanların da kimlər olduğu bəllidir.
İstedadlı, Azərbaycan ədəbiyyatı üçün lazım olan yazarlar indinin özündə də kitab nəşri üçün olmazın əziyyətlər çəkirlər.
Ən gülməlisi və acınacaqlısı budur ki, ədəbiyyata, ümumiyyətlə, kitaba dəxli olmayan adamlar yenidən fəallaşıblar. Hətta tarixi, siyasi kitablara da girişənlər var.
Ancaq mən başqa şeydən qorxuram. Belə müəlliflərdən hansısa pul, arxa və digər vasitələrlə 5-10 nəfərdən başqa heç kəsin oxumadığı kitabını hansısa mükafata təqdim edə və... laureat ola. Lap bu yaxınlara kimi Gülağa adlı bir şairi tənqidçi akademiklərimizdən tutmuş məşhur yazarlara qədər hamısı tərifləyib göylərə qaldırmırdımı?
Mətbuatda da belədir. İstər müstəqil, istərsə də iqtidar və müxalifət qəzetlərində ən istedadlıları müəyyən dairələr görməzliyə vururlar. Oxucuların hər vaxt bu jurnalistlərin yazılarını axtarması, onları sevməsi, hətta pərəstiş etməsi də lazımi məqamlarda rol oynamır. Bu mövzuya ayrıca olaraq daha geniş şəkildə qayıdacağımdan indi dərinə getmirəm. Onsuz da Azərbaycan mühitində təcrübəsi və dünya görüşü yüksək olan sağlam əqidəli oxucu bəzi mətbuat ekspertlərindən savadlıdır.
Kitabsa göründüyü kimi daha qəliz məsələdir. Yaşlı nəsillə gənc nəslin güzəştsiz ədavəti məhz istedadsızlar üçün münbit şərait yaradır və beləcə Azərbaycan ədəbiyyatı sözün həqiqi mənasında kitabsızlaşır.