adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2017 22:12
12315
LAYİHƏ
A- A+

DİVANƏDƏN BETƏR DİVANƏ MƏNƏM...

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən
saylarımızda)
Ancaq bu dəyərli kitabda istəkli Qəzənfər müəllimin bircə mülahizəsi ilə razılaşa bilmədim. O, hər zaman gənclərin dəstəkçisi olmuş və ədəbi aləmə gəlmələri üçün yollarında öz xeyir-dua yüklü rəyləri ilə yaşıl işıq yandırmış Bəxtiyar Vahabzadənin gənc qələm sahiblərinin şeirlərində məhəbbət mövzusunun təhlilinə həsr etdiyi "Gənc poeziya" adlı məqaləsində "Qopmuş düymə (Xəlil Xəlilov)", "Ünvanım olsun (Hüseyn Kürdoğlu)", "İki məhəbbət (Əli Kərim)", "Sürücü (Şükür Xanlarov)", "Baxış (Rüfət Axundov)" kimi şeirlər arasında Ə.Kərimin "İki məhəbbət (əslində şeirin adı "İki sevgi"dir)" şeirini lirik duyğular kəhkəşanında azıb qaldığım Hüseyn Kürdoğlunun "Ünvanım olsun"u ilə qiyaslayır və bu şeiri daha uğurlu sayır. Məncə, bu qiyaslama onun da H.Kürdoğlu poeziyasının dərinliyində qərq olmasından və ölçü meyarını itirməsindən qaynaqlanır.
Əslində biz bilirik ki, bütün müqayisələr qüsurludur. Qəzənfər müəllimin də Əli Kərimin "İki sevgi"sindən "Ünvanım olsun" şeirini daha uğurlu sayması kimi... Çünki hər iki əsər öz ampuluasında möhtəşəm və təkrarsızdır... Axı, Ə.Kərimin "İki sevgi"si də eşq, məhəbbət ünvanlı şeirlər arasında bir şedevrdir!..
Dünyanın gərdişini, ölümlü-itimli, gəlimli-gedimli olduğu kimi fəlsəfi anlamları üç bəndlik bircə şeirə sığışdıran şair Adəmlə Həvvanın yer üzünə gəlişindən-ilk insanın yaranışından, daş dövrü, dəmir - ox və kaman, qılınc və qalxan, mizraq və nizənin yarandığı, eləcə də atomun kəşf olunduğu nüvə əsrinədək insanların hər şeyi unudaraq naz-nemətinə uyduğu dünyanın faniliyini anlamadığını, öz tamahı, nəfsi ucbatından bir-birinə qənim kəsildiyini, yalnız qan tökmək, savaş meydanlarında günahsız canlar almaq hırsına üzüldüyünü elə doğal misralarla təsvir edir ki!..
Və şeirin sonunda eynən Qorqud Dədə kimi "Kitabi-Dədə Qorqud" dili ilə müdrikcəsinə çağdaş insanın - insanlığın mahiyyətini anladaraq qəti qənaətə gəlir:

Budur insan, bilib getdim,
Divanə tək gülüb getdim.
Ölməz idim, ölüb getdim,
Bir də gəlmədim...

Onun "Olum, ya qalım" dilemması, insan ömrü, yaşam və ölümlə bağlı düşüncələrinin yer aldığı şeirlərinə müraciətim bir təsadüf deyil, toxunduğu məsələlərin önəmliliyi və bu mətləbləri böyük bir istedadla soydaşlarına çatdırmaq bacarığı qarşısında yaşadığım heyrət duyğularıdır. "Həyatla ölümün" ülfətinin, bağlılığının, "Həyat ağacı"nın öz bəhrələri ilə davranışının, nəsillərin bir-birini əvəzləməsinin bundan gözəl və real təsvirinə heç bir qələm sahibinin əsərində hələlik rast gəlməmişəm:

Barlıdır, ucadır həyat ağacı,
Bəhəri həm şirin, həm də ki, acı.
Dırmanıb çıxırıq, ucalırıq biz,
Başına çatmamış qocalırıq biz.
Ordan xəyal kimi düşürük bir-bir,
Ağacın dibində ölüm müntəzir.
Göydə tutur bizi, gömür torpağa,
Təzə gələnlərsə çıxır budağa...
Maraqlıdır, şairin hər hansı bir mövzuya, hadisə və ya problemə həsr etdiyi yüksək sənətkarlıq nümunələri təsiri bağışlayan şeirləri ilə tanış olarkən içimdə bir sual doğdu: Nədən Hüseyn Kürdoğlu yaradıcılığı yetərincə tanınmır, təbliğ olunmur, elmi-tədqiqat əsərlərinin mövzusuna çevrilmir? Bu durumun bir səbəbkarının satirik ruhlu və dostluq şarjı xarakterli şeirlərində "Şirko" adlandırdırıb tərənnüm elədiyi çağdaş Azərbaycan ədəbiyyatşünaslığının parlaq simalarından biri, uzun illər AMEA-nın "Elm" nəşriyyatına rəhbərlik etmiş, duzlu yumor hissinə malik doğmaca qardaşı Şirindil Alışanlıdır... Örnək olaraq təqdim etdiyim "Çıxmır kitabım (Qardaşım Şirindilə ithaf)" şeirini oxuyanda söylədiklərimə heç kəsin qəlbidə zərrəcə şübhə yeri qalmayacaq. Çünki şahid olacağıq ki, başqaları əlində olan imkanlardan daha çox doğmalarının, yaxın adamlarının işlərini aşırmaq üçün istifadə etdikləri halda, Ş.Alışanlı obyektiv ziyalı mövqeyi nümayiş etdirərək qardaşına da çap üçün ona üz tutub pənah gətirən digər qələm sahibləri ilə eyni münasibəti göstərmiş, çap üçün öz növbəsini gözləmək gərəkdiyini (nə az, nə də ki, çox - düz beş il) anlatmışdır. Amma şair bu "haqsızlığ"ın qarşısında susmamış, "Seçilmiş əsərləri" çıxmazdan əvvəl bu qəzəli, nəşr olunduqdan sonra isə "Beş il gözlədiyim kitab" şeirini yazmış, həm sevinc duyğularını, həm də təəssüf hisslərini poetik misralara çevirmişdir:

Vermişəm gör neçə ildən bəridir nəşriyyata,
Oxunur, qaytarılır, meydana çıxmır kitabım.
Özümü saldım özüm gör nə çıxılmaz günaha,
Gedib and içdirərəm Qurana, çıxmır kitabım.
Naşirin insafı yox, yaxşı kağızlar da baha,
Dolları hardan alım "Şirvan"a, çıxmır kitabım.
Varlanan qulbeçələr bənzəyir həşmətli şaha,
Atılıb təmə ilə pünhana, çıxmır kitabım.
Könlümü kökləyirəm dərdin əlindən segaha,
Başlayır misralarım üsyana, çıxmır kitabım.
Xəstə Kürdoğlu qoca, dünya üfunətli kaha,
Ehtiyac atdı məni zindana, çıxmır kitabım.

Akademik İsa Həbibbəylinin bir fikrini xatırlatmağın məqamı gəldi sanıram: "Qəzənfər Paşayev monoqrafiyasında bir neçə məqamda etiraf etməli olmuşdur ki: "Açığını deyim ki, ...misraları təhlilə çəkməyə gücüm çatmadı". Bizə görə bu cür yanaşma Hüseyn Kürdoğlunun əslində ədəbiyyatşünaslıq elminin yüksək tələbləri səviyyəsində dəyərləndirilən şeirlər yazdığını səciyyələndirmək deməkdir".
Yəqin ki, sevgili oxucular bu yazıdan da şairin necə dərin mətləblər dənizinin qəvvası olduğunu, bu dərinliklərdən hansı çəkidə dürr-mərcanlar bulub çıxardığını anladılar!.. Və əminəm ki, bu anlayışın diqtəsi ilə də həmin dürr-mərcanlarla, "sənətin, ilhamın ülkəri" ilə tanış olmaq üçün kitabxanalara üz tutdular... Ona da əmin olmaq istəyirəm ki, Hüseyn Kürdoğlunun əsərləri onları erməni dustaqlığında qalan Laçını, Kəlbəcəri və digər əsir yurd yerlərini yağıdan almaq üçün səfərbər olmağa səsləyəcək və tezliklə bənövşələrin ağlar gözünün yaşı silinəcək, Qarabağ səmasının dumanlı-sisli, tutqun üzü güləcək, doğma yurd həsrətli şairin ruhu şad olacaq, özünün son nəfəsində yazdığı kimi, "dinə, imana gələcək"dır...
Esmira Fuad (Şükürova)