adalet.az header logo
  • Bakı 16°C
21 Aprel 2017 21:07
2832
GÜNDƏM
A- A+

Ramil Usubov kollegiya iclası keçirdi

Aprelin 21-də Daxili İşlər Nazirliyində "Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması"nın və IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Adalet.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.


O qeyd edib ki, bağlı qalmış cinayətlərin arasında qeyri-aşkar şəraitdə baş verən mülkiyyət əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir və onların açılması hər bir əməkdaşdan peşəkarlıq tələb edir. Bu baxımdan aidiyyəti sahədə fəaliyyətin müvafiq qanunvericilik aktlarının, Nazirliyin əmr, göstəriş və kollegiya qərarlarının tələblərinə uyğun qurulması, profilaktik və əməliyyat-axtarış tədbirlərinin yüksək səviyyədə təşkili başlıca vəzifələrdən olmaqla davamlı surətdə həyata keçirilməlidir.

IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş quruculuq və abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin ifadəsi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ciddi nəzarətdə saxlanılmaqla ardıcıllıqla yerinə yetirildiyini qeyd edib. Sözügedən beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması, habelə Oyunlara hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.