adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Aprel 2017 22:37
20189
ƏDƏBİYYAT
A- A+

Kibrit boyda gülüşlər

Adalet.az şair Oğuz Ayvazın şeirlərini təqdim edir.


Dəniz üçün

səninlə dənizə gedirik,
balıqçılara gülümsəyirik,
onlara kömək edirik,
axşama balıq var əlimizdə
səni sevirəm
balığın dənizi sevdiyi qədər…

səninlə kinoya gedirik
qaranlığa düşən böyük işıqda kölgələrə çevrilirk,
film başlayanda səni öpürəm
başqa yerlərdə də öpüş səsi gəlir
səni sevirəm
filmlərə həyatı kimi baxan adamlar qədər…

səninlə parkda gəzişirik,
tum çırtlayırıq, dondurma yeyirik,
bir bomja pul veririk,
səni sevirəm
bomjun çarpayını sevdiyi qədər…

səninlə şəhərdə dolaşırıq,
qabağımıza çıxanlara sevgili deyirik
bizə xoşbəxtlik arzulayırlar,
gözəl sözləri əynimizə keçirib,
gülüşləri paylayırıq tənha adamlara
səni sevirəm
tənha adamların sayı qədər…

səninlə tanımadığımız adamalara məktublar yazırıq
xoş xəbərlər veririk onlara
uşaqları olacaq, toy olacaq, gözəl günlər gələcək
səni sevirəm
məktubları bağrına basan analar qədər…

səninlə evimizə gedirik
hər yeri təmizləyirik
yemək bişiririk öpüşə-öpüşə
axşama süfrə hazırlayırıq
bacımla-qardaşım gələcək
rəqs edirik, əylənirik,
atamın, anamın şəkilləri
gülümsəyir bizə
səni sevirəm
atamın yolunu gözləyən anam qədər…


Kosmosdakı şəklimiz

uzaqlardan lap çox uzaqlardan
çəkilən şəklimizi gördünmü?
nə sən düşmüsən o şəklə, nə də mən,
bir toz zərrəsidi dünya,
uzaqlardan lap çox uzaqlardan görünən…

o toz zərrəsinin içində gəzişirdik, sevişirdik,
dalaşırdıq, ayrılırdıq, barışırdıq…
bir günlük daha böyük olurduq toz zərrəsindən…

60 milyon il əvvəl
insanlar daha az ömür yaşayırdı
bu toz zərrəsinin içində
20 yaşında ölürdülər,
30 yaşında ölürdülər,
səninlə 20 yaşında tanış olduq,
21-də ayrıldıq,
ikimiz də yaşıd idik,
yəni bizim ömrümüz də
ilk insanlar kimi uzun olmadı.

uzaqlardan çəkilən toz zərrəsi
bizi daha da kiçiltdi.
oysa çox böyük gəzirdik balaca dünyanın,
balaca şəhərində
getməyə başqa bir dünyamız da yox.
bu balaca dünya
bizim böyüklüyümüzə tab gətirmir
hər dəfə daha da
kiçilir bizim böyüklüyümüzdən

sənə demişdim,
böyük sevgi yaşanmaz balaca dünyada.
bütün insanları bir ev kimi
bədənimdə gəzdirə bilmərəm
səni sevmək bu qədər insanı sevməkdir
özün bax dünya bir nöqtədir,
bizim son cümləmizə qoyulan nöqtə..



Kibrit boyda gülüşlər
(Qardaşım Ayxan Ayvaz üçün)

seviləcək bir tərəfim yoxdu mənim
balaca bədənim daşıyır nəhəng ağrıları
uşağa oxşayıram bir az
bir az yorğunam
bir az da qoca
gülüşlərim var amma…
kibrit boyda gülüşlər
parçalanmış üzümdə yanıb-sönərlər
mənə yaxın durma
sənə də bulaşar yanğınım
toxunma, qanayar əllərin
bir az uşağa bənzəyirəm mən
bir az yorğunam
bir az da qoca
gülüşlərim var amma…
həyatım uzaqlara gediş biletidi
mənə getmək üçün gəlir insanlar
gözlərimdən əvvəl əllərim ağlayar
tutmaq olmaz mənim əllərimdən
balıq kimi sürüşüb düşərsən
bir az uşağa oxşayıram düzü
bir az yorğunam
bir az qoca
gülüşlərim var amma…
məni sevmək çətindi biləsən
elə bil şüşə dağılmış evə
ayağıyalın girirsən
elə bil ölümlə çarpışan adamı
bir anlıq güldürürsən
çətindi məni sevmək
yaraşığım da yoxdu biləsən
bir az uşağa bənzəyirəm düzü
bir az utancağam,
bir az həssas
gülüşlərim var amma…
qorxma məndən,
yığ cəsarətini
uşaqları sevməlisən mütləq
bir də bütün insanları
hamını sevməlisən, hamını
nifrətlə sağollaşıb
dünya boyda sevgi gətirməlisən həyatıma
çətindi məni sevmək
bir az dəliyəm
bir az nadinc
bir az kədərli
gülüşlərim var amma…



İntihar ipi
Alber Kamü üçün

uzun saçlarından
özümü asmağı seçdim
oysa dərinlərdə batmamaq üçün
kifayət edərdi uzun saçların
cəsarətim çatmadı
ölümün üstünə getməyə
həyatla ölüm arasında
bir siqaret yandırdım
düşünüdüm çox sonraları
səni düşündüm
məni düşündüm
uzun saçlarını düşündüm
sonra saçların
intihar ipinə oxşadı
sonra gülümsəyirdi saçların
sonra günəş batdı aramızda
sonra yox olduq
amma
ölmədik,
həyatla ölümün arasında
qaçışan uşaqların
arxasınca yüyürdük
yoxa çıxdıq dalanlarda, tinlərdə
divarlara uzun saçlarının
qoxusu yapışmışdı
sən yoxdun, saçların vardı
bir də dolanbac, əyr-üyrü yollar…