adalet.az header logo
  • Bakı 11°C
20 Aprel 2017 20:26
4802
GÜNDƏM
A- A+

HƏYATIN BƏRKİTDİYİ İNSAN

Bəlkə də Qarabağ hadisələrinin get-gedə dərinləşib düyün bağlaması Fərruxun orta məktəbi başa vurduğu 1992-ci illə eyni dövrə təsadüf eləməsəydi, o, tamam başqa sahənin adamı olacaqdı. Arzusuna uyğun ali məktəb seçəcəkdi, rahat təhsil alacaqdı. Axı, Şabran rayonunun Zeyvə kənd orta məktəbini əlaçılar cərgəsində bitirmişdi, müəllim ailəsində böyüdüyündən kitab-dəftərlə daimi ünsiyyəti vardı. Lakin deyir "hər şey zamana baxır, zaman heç nəyə baxmır".

Yeniyetmə Fərrux Texniki Universitetə rahat qəbul olundu. Bir il vaxtını könülsüz surətdə auditoriyalarda, tələbə dostlarıyla mühazirə-seminar salonlarında keçirtdi. Qəfildən isə fikrini cəmləşdirdi: tay-tuşlarım cəbhədə odla oynayır, mən Bakıdan tamaşa qılıram. Tezliklə əsgər getməliyəm, vəssalam.

Beləliklə, bu açıq qəlbli, saf niyyətli gənc hərbi xidmətə çağırıldı. Fərruxun atası Şahbala müəllim, anası Seyidçarə xanım qanlı-qadalı illərdə sonbeşik övladlarına dirək dura-dura əslində Vətənin hər qarışının insan üçün hansı ucalıqda dayandığını hələ məktəbin aşağı siniflərindən öyrətmişdilər. Təkcə Fərruxa və bacı-qardaşlarına deyil, bütün dərs dedikləri Zeyvə məktəbinin şagirdlərinə. O, dörd ilə yaxın qədim Gəncədə, ətraf bölgələrdə kişilik, mərdlik məktəbi keçdi, alnıaçıq, üzügülər də evə döndü.

Fərrux Poladovun söylədiklərindən: Deyirlər, keçmişdə əsgərliyə getməyən oğlana qız vermirlərmiş. Yaxşı adətmiş, Axı, necə ola bilər ki, ailələr uşaq böyütsünlər, ona təhsil verməyə çalışsınlar, ancaq Vətənin keşiyində durmağa, hərbi xidmət keçməyə qıymasınlar. Vətən hamı üçün ana Vətəndi, torpağından, havasından, suyundan hər kəs eyni dərəcədə istifadə edir. Birinə doğma deyil, digərinə yad. Bizim Şabran rayonu o ağır vaxtlarda xeyli itki verib, o cür şərəfli ölüm hər cavanı qarşılaya bilərdi. Bu artıq tale işiydi. Doğrusu, əsgərliyəcən adi bir quzu otaran kənd uşağıydım, heç bir çətinliyə dözümüm yox idi, elə bil bərkimiş, polada dönmüşəm, həyat təcrübəm artıb, adamlara münasibətim dəyişib. Bütün bunlara görə, yenə oxuduğum Zeyvə məktəbinin müəllimlərinə - riyaziyyatçı Xalid Abdullayevə, mənə əlifbanı öyrətmiş Şıxsəfa Şıxseyidova, el ağsaqqallarına minnətdaram. Ailədə beş uşaq olumuşuq, məndən savayı hamı ali təhsil alıb. Ancaq onların arasında yeganə idarə müdiri olanı da mənəm. Cəmil adlı qardaşım Ukraynadadır, burda arxam və dayağımdır. Allahıma şükürlər edirəm, həyatımdan narazı deyiləm.

Fərrux Poladov təbiətən möhkəm əqidəli, düzlüyü sevən, gözütox insandı. Ona görə həyatda heç vaxt hamar yol qət etməyi xoşlamayıb. Nə qazanıbsa, nəyə nail olubsa, inadkarlığının, bacarığının sayəsində nail olub, əldə edib. Doğrudur, Ukraynaya təşrif gətirəndə, ilk növbədə yaxın qohumlarına sığınıb, Odessada onların qayğısının əhatəsinə düşüb. Nəzər, Malik, Əkbər Hacıyevlərlə görüşüb, qardaşların Qara dəniz sahilində yerləşən bu liman şəhərində inşa etdirdikləri çörək zavodunda sıravi işçi kimi fəaliyyətə başlayıb. Düz sərasər doqquz il necə gəlib keçibsə, Fərrux hiss eləməyib. Müəssisədə çörək bişirmənin texnologiyasından tutmuş avadanlıqların sirlərinəcən bitdə-bitdə öyrənib. Necə deyərlər, öz işinin ustası kimi həm mühəndis-texnoloq kimi yetişib, həm də peşəkar çörəkçi kimi. Bu sahənin elə incə detalı olmayıb ki, ona yiyələnməsin. Məhz bu sonsuz həvəsinin və bacarığının sayəsində qonşu Nikolayev vilayətinin eyniadlı şəhərində açılan yeni çörək zavoduna birbaşa direktor göndərilib. Və faktlar, rəqəmlər, uğurlar göstərir ki, həqiqətən peşəkar kadr kimi tamamilə yerindədir.

Fərrux müəllim bizimlə söhbət əsnasında dedi ki, Nikolayev şəhəri iki iri çayın - İnqul və Cənubi Buqun yerləşdiyi yerdə salınıb, 700-800 min əhalisi var, vilayət mərkəzidir. Müəssisəmiz şəhərin köhnə məhəllələrinin birində - Ternov rayonunda altı il öncə fəaliyyətə başlayıb. Vətənpərvər, yurdsevər soydaşımız ilk günlərdən nizam-intizam, səliqə-sahman yaradan kimi, həmyerlilərini, həmfikirlərini ətrafına yığıb. İndi zavodun 30 əməkdaşının tən yarısına yaxını Azərbaycandan gələnlərdir. Başqa cür çıxmasın, eloğlumuz o qədər hörmət-izzət qazanıb ki, hamı başına and içir, bir sözünü iki eləmir. Əlbəttə, müəssisə rəhbərinin müxtəlif səlahiyyətləri var, əmr-sərəncam verir, kimisə işdən uzaqlaşdırır, kimisə töhmətləndirir, lakin burada hamı ailənin üzvüdür, hər bir anlaşılmazlıq, narazılıq kollektiv daxilində həllini tapır.

Çörək zavodu Ukraynanın yeyinti sənayesində gənc müəssisə sayılsa da, bu yalnız fəaliyyət müddətinə görə belədir, əslində səriştə baxımından həmişə - yarandığı dövrdən öz adından yaxşı mənada söz etdirib. Buranın gündəlik istehsal gücü on tondur, əlavə bulka və şirniyyat məhsullarını da daxil eləsək, statistik rəqəmlər, göstəricilər xeyli böyümüş olar. Zavodda özünəməxsus yeni yerli məhsullarla yanaşı, Qafqaz lavaşı, Azərbaycan çörəyi adlı dadlı-tamlı ləzzətli nümunələr bişirilir, əhalinin istifadəsinə göndərilir. Tələbat ümumi hasilata uyğundur və camaat müəssisənin fəaliyyətindən razıdır. Ötən il isə kollektivin həyatında əlamətdar hadisə baş verib. Zavod Ukraynanın bütün regionlarında fəaliyyət göstərən yüz nümunəvi müəssisə arasında keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeddinci yeri tutub. Şübhəsiz, cəmi altı il əvvəl fəaliyyətə başlayan bir istehsal obyekti üçün bu rəqəm böyük uğur, möhtəşəm müvəffəqiyyətdir. Bütün bunların yenə əsas səbəbkarı və banisi zavodda sağlam ab-hava, yaxşı mühit formalaşdıran Fərrux Şahbala oğludur, birinci növbədə onun intizamı və məsuliyyətidir.

Azərbaycanın Ukraynanın Nikolayev şəhərində fəaliyyət göstərən yerli konqresinin sədri Ələddin Məhərrəmov Fərrux müəllimin qayğı və diqqətindən çox razılıq edir. Həmişə deyir ki, insanlar iki qismə - danışanlara və iş görənlərə ayrılır. Fərrux kimi soydaşımız sakitcə başını aşağı salıb millət yolunda can yandırır, bir dəfə dilinə gətirmir ki, filan məsələni mən yoluna qoymuşam. Bu cür təvazökarlıq elə alicənablıqdır, yudsevərlikdir, vətənpərvərlikdir. Ukrayna xalqı nə qədər bizimlə doğma qardaş olsa da, bu ölkə onlarındı. Ancaq bəzən bizimkilər "gəmidə oturub gəmiçiylə" dalaşmaq sevdasına düşürlər. Bu, problemlər yaradır. Nə yaxşı ki, Fərrux Poladov kimi təmkinli, istiqanlı, ağıllı həmyerlilərimiz var, biz də onlara güvənir, məsələləri yoluna qoyuruq. Bilet pulu tapmayanlar, çətinlik çəkən tələbələr, yad məmləkətdə ailə qayğıları yaşayanlar bir qayda olaraq Fərrux müəllimin yanına qaçırlar. Allah köməyi olsun, arxasında dursun, heç kəsi peşiman qaytarmır, hamıya yardımçı olur, ümid verir. Belə diaspor fəalları Azərbaycanın fəxrləridir.

Həmvətənimizin söylədiklərindən: Sözsüz ata-ana tərbiyəsindən sonra şəxsiyyəti mühit formalaşdırır. Hansı qərib diyara düşməyimizdən, vəziyyətimizin necə olmasından asılı deyil valideyni arayıb-axtarmaq. Onlar həmişə bağrımızın başındadı. Düzü, hərdən boya-başa çatdığım dağ-dərə, yamac-meşə, zəmi-otlaq üçün bərk darıxıram. Elə bilirəm, elə 9-10 yaşındayam. Qoyun-quzu otarıram, örüşə mal-qara ötürürəm. Anama kömək eləmək üçün təndirin başına oduncaq yığıram, səhəngi götürüb bulaqdan su gətirən bacıma əl tuturam. Ədəbiyyat və dil müəllimim atam məndən Səməd Vurğunun "Azərbaycan", "Dağlar" şeirlərini soruşur, onları sətirbəsətir təhlil eləməyimi xəbər alır. Əzəmətli Böyük Qafqazın ətəklərində yerləşən doğma Zeyvə kəndi ev-ev, oba-oba, oymaq-oymaq gözmün qabağından keçir. İndi Nikolayev sevdiyim yurd yeri, övladımın doğulduğu torpaqdı. Azərbaycanın, Şabranın yerini isə heç nə verməz. Ulu Vətənimə olan məhəbbətim əbədidi.

Fərrux Poladovun əməyi çalışdığı Ukraynada daim qiymətləndirilib. O, xeyli fəxri fərman, diplom, mükafat alıb. Bunları rəsmi dövlət orqanları, bir sıra məşhur özəl qurumların nümayəndələri verib. Ən böyük mükafatı isə böyük Allah-Təala özü bu təmiz insana əta edib. Bir neçə il əvvəl halal ailədən çıxmış Turanə xanımla ailə həyatı quran Fərruxun qız balası dünyaya gəlib. Peşəcə həkim Turanə xanım da, valideynləri də, onları istəyənlər də bu xoş hadisəyə bərk-bərk seviniblər. Uşağa Leyla adını qoyublar. Adıyla böyüyən Leyla beş yaşındadı. Yazmağı, oxumağı bacarır, kompüterdə sərbəst işləyir, ata-ananı incitmir, xarici dil öyrənir.