adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Aprel 2017 16:27
5260
SİYASƏT
A- A+

Elmar Məmmədyarov italiyalı nazirlə danışıqlarda

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Ölkələr arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

E.Məmmədyarov Azərbaycan-İtaliya əlaqələrinin strateji xarakter daşıdığını bildirib və bunun 2014-cü ildə Azərbaycan prezidentinin İtaliyaya rəsmi səfəri çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də əks olunduğunu diqqətə çatdırıb. O, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu söyləyib və iki ölkə arasında siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib.

K.Kalenda Azərbaycanı ölkəsi üçün önəmli iqtisadi tərəfdaş adlandırıb. Nazir bu ilin fevral ayında Azərbaycana səfərini xatırladın və Azərbaycan-İtaliya biznes forumunun işini təqdir edin.

Görüşdə Cənubi Qaz Dəhlizinin İtaliyaya əlavə qaz təchizatı nöqteyi-nəzərdən əhəmiyyəti qeyd edilib, çoxsaylı italyan şirkətlərinin bu layihənin həyata keçirilməsi çərçivəsində çoxmilyardlıq müqavilələr əldə etməsi vurğulanıb. Tərəflər transmilli nəqliyyat dəhlizləri və onların inkişafına töhfə verəcək layihələrin reallaşdırılması istiqamətində birgə səylər ətrafında da geniş fikir mübadiləsi aparıblar.