adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Aprel 2017 18:51
19920
MƏMLƏKƏT
A- A+

Azərbaycan riyaziyyat məktəbinin layiqli davamçısı: Professor Arif Səlimov

Riyaziyyatın ən qədim qolu olan həndəsə sahəsində Azərbaycanlı alimlər hər zaman öz elmi nailiyyətləri ilə dünyada isimlərini tanıda biliblər. 

Bu ənənə məşhur Nəsrəddin Tusi ilə başlayıb. Onun Evklid həndəsəsinin 5-ci postulatı ilə əlaqədar verdiyi təkliflər daha sonralar yaranan Lobaçevski həndəsəsinin ortaya çıxmasında önəmli yer tutub. XX əsrdə Nəsrəddin Tusi irsinin önə çıxan layiqli davamçılarından biri də AMEA-nın müxbir üzvü Maqsud Cavadovdur. Onun cəbrlər üzərində qurulmuş fəzaların həndəsəsində əldə etdiyi nəticələr Azərbaycan həndəsə məktəbinin bütün dünyada qəbul edilən önəmli nailiyyəti idi. 1972-ci ildə vəfat eden Maqsud Cavadovdan sonra Azərbaycan həndəsə məktəbində bir müddət durğunluq yarandı. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə Arif Səlimov adlı bir tələbə qəbul oldu. O zaman həndəsə kafedrasının müəllimləri bu 17 yaşlı gənc oğlanda böyük istedadı görüb, onu həndəsənin "Məkkə”si sayılan, Lobaçevskinin yaratdığı elmi məktəbin fəaliyyət göstərdiyi Kazan Dövlət Üniversitetinə istiqamətləndirdilər. Bu gənc tələbənin istedadı Kazan Dövlət Universitetinin məşhur həndəsəçi alimləri A. Norden, A. Şirokov və V. Vişnevskinin diqqətini çəkdi. Daha sonra bu alimlər onun bu universitetin əyani aspiranturasında qalıb oxumağına dəstək oldular. 80-ci illərdə məşhur Nordenden "… sən Tusi və Cavadov məktəbinin davamçısı olacaqsan …” sözlərini eşidəndə gənc elmlər namizədi Arif Səlimov çox sevinmiş və gələcək elmi xəyallarını qurmağa başlamışdı.

Arif Səlimov kimdir: Riyaziyyat dünyasında "Arif Salimov” (https://en.wikipedia.org/wiki/Arif_Salimov) kimi tanınan Azərbaycanlı alim həm namizədlik (1984), həm də doktorluq (1998) dissertasiyalarını Rusiyanın Kazan Dövlət Universitetində "Həndəsə” ixtisası üzrə müdafiə edib. Ölkəmizdə bu ixtisas üzrə hal-hazırda yeganə elmlər doktorudur. Elmi-pedaqoji fəaliyyətlərini Rusiya, Azərbaycan və Türkiyədə davam etdirən A.Səlimov bu ölkələrdə həndəsə ixtisası üzrə ümumilikdə 14 nəfər fəlsəfə doktoru yetişdirib, onlardan da 4 nəfəri professor elmi adını alıb. Türkiyədə 4 dəfə dövlət qrantlarının qalibi olub. Tenzor operatorları ilə bağlı yazdığı və bu mövzuda dünyada ilk sayılan elmi monoqrafiyası ABŞ-ın "Nova Science Publishers” nəşriyyatının "Mathematics Research Developments” seriyası üzrə çap olunub və Amazon.com (https://www.amazon.com/Operators-Applications-Mathematics-Research-Developments/dp/1622570219) kimi məşhur e-ticarət şirkətlərində böyük tirajlarla satışa çıxarılıb.

Arif Səlimov həndəsə sahəsində aldığı elmi nəticələri 50-dən çox beynəlxalq elmi konfranslarda məruzələrlə təqdim edib, bu nəticələrin 100-dən çoxu ayrıca elmi məqalə şəklində çap olunub. Onun elmi məqalələrinin çoxu "Springer”, ”Elsevier”, "World Scientific” kimi məşhur nəşriyyatlarda çap edilib. Bu məqalələrdən 47-si isə ABŞ-ın "Thomson Reuters” şirkətinin "Web of Science” elmi bazasının SCIE indeksində yer alıb. Məhz bu nəticə ilə A.Səlimov dünyada həndəsə üzrə ən yüksək reytinqə sahib olan elm adamlarından biridir.

Qeyd etmək lazımdır ki, A.Səlimov bir çox mükafatlara da layiq görülüb. Onun ən boyük mükafatı isə 2015-ci ildə Tenzor strukturalar üzrə rəhbərlik etdiyi layihədə əldə etdiyi yüksək elmi nəticələrin bəhrəsi olan Türkiyə Elm və Texnika Komitəsinin (TUBİTAK-ın) təqdimatı ilə Türkiyədə elm sahəsindəki ən yüksək məbləğli Dövlət Mükafatıdır (20.000 ABŞ Dolları) layiq görülmüşdür (http://interfax.az/view/649375), (http://www.milliyet.com.tr/prof-dr-arif-salimov-un-tubitak-proje-erzurum-yerelhaber-1090757/). Müqayisə üçün onu da qeyd edək ki, riyaziyyatçıların kiçik "Nobel mükafatı” hesab olunan Filds mükafatı (https://en.wikipedia.org/wiki/Fields_Medal) 15.000 Kanada dolları (təqribən 12.000 ABŞ dolları) miqdarındadır.

A.Səlimov 2016-cı ildən etibarən öz doğma vətəninə qayıtmağa qərar verib və hal-hazırda Bakı Dövlət Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə sıx əməkdaşlıq etməkdədir. Təsadüfi deyil ki, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu tərəfindən AMEA-nın müxbir üzvlüyünə keçiriləcək seçkilərdə namizədliyi irəli sürülüb.

Xatırlatmaq yerinə düşər ki, Türkiyə Dövlət mükafatı laueratı, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov AMEA-nın müxbir üzvlüyünə seçkilərdə riyaziyyatın bütün sahələri üzrə qeydə alınmış 22 namizəd arasında "Thomson Reuters” şirkətinin "Web of Science” elmi bazasının SCIE indeksindəki məlumatlara görə ən yüksək nəticə (47 məqalə) ilə 1-ci yerdədir.