adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Aprel 2017 14:53
6505
MƏMLƏKƏT
A- A+

ONLARI ALLAH DA ÇOX İSTƏYİR

Deyirlər ki, həkimlər Allahla insan arasında bir körpü yaradır. Daha doğrusu, onları Allahın yerə göndərdiyi mələklərdir. Elə bu mələklərin əliylə Allah-Təala müxtəlif xəstəliklərə düçar olmuş insanların çoxunu xilas eləyir. Tanınmış və tanınmamış həkimlər də xəstəni müalicə edəndə, üzərində cərrahiyyə əməliyyatı aparanda birinci Allahı köməyə çağırırlar. Əgər Allah kömək edəcəksə, deməli, o həkim də xəstənin həyatını ölümün pəncəsindən ala biləcək…

Bizim məmləkətimizdə sözün açığı, yerli həkimlərə bir o qədər də inam yoxdur. Amma nahaq yerə, vallah bizim ölkəmizdə də dünyanın o «bərk gedən» məmləkətlərinin həkimlərindən savadları, dünyagörüşləri və təcrübələriylə geridə qalmayan həkimlərimiz az deyil. Nə yaxşı ki, bu həkimlər var və onlar bizi müalicə edirlər.

Hətta elə xəstələr olur ki, İrana gedib, Türkiyədə olub, tam müalicə edilməyib. Yadıma böyük şair Bəxtiyar Vahabzadənin xəstələnməsi düşdü. Bəxtiyar Vahabzadə prostat xəstəliyi ilə əlaqədar Türkiyədə müalicə olunmuşdur. Amma bu o qədər də müsbət nəticə verməmişdi. Onu «Kaspar»ın xəstəxanasında professor Südeyif İmamverdiyev əməliyyat elədi və bu əməliyyat da uğurla alındı. Yaxşı yadımdadır, onda Ulu Öndər Heydər Əliyev xəstəxanada Bəxtiyar Vahabzadəyə baş çəkmişdi və savadlı həkimlərimiz haqqında da öz ürək sözlərini demişdi.

Çox imkanlı dostlarımızdan da biri böyrəyi ilə bağlı İranda da olmuşdu, Türkiyədə də. Amma onu yerli həkimlərimizdən biri daha yaxşı müalicə eləmişdi və dostumuzun da ağırsı-acısı çəkilmişdi. Sözümün canı ondan ibarətdir ki, bu gün Azərbaycanda güvəniləsi və ümid bəsləniləsi xeyli həkimlərimiz var. Məsələn, kardio-cərrah, tibb elmləri doktoru Firdovsi İbrahimov, kordioloq, tibb elmləri namizədi Rafiq Yusifli, allergioloq, professor Kamal Hacıyev, tibb elmləri doktoru Müşfiq Həsənov, oftolmoloq Rasim Hacıyev, ən nəhayət, mənim yaxın dostlarımdan olan, neçə-neçə insanı həyata qaytarmış nervopotoloq İdrak Həsənov.

Adlarını çəkdiyim bu həkimlər dünyanın ən məşhur həkimlərindən heç də geri qalmırlar. Onlar özləri də təhsillərini və təcrübələrini Avropa ölkələrində davam etdiriblər. Məhz buna görə də həkim olaraq onlara pasiyentləri çox güvənir. Şəxsən bu sətirlərin müəllifi yuxarıda adlarını sadaladığım həkimlərin hər birinin istedadının, təcrübəsinin şahidi olub.

Bir faktı da qeyd edim ki, adını sadaladığımız bu gözəl ziyalıların, həkimlərin dünya malında gözləri yoxdur. Yəni onlar başaqaları kimi hansısa xəstədən nəsə ummurlar. Sadəcə olaraq qanuna uyğun olaraq hər hansı özəl klinikaya pul ödəyirsən və onlar da sənə yüksək səviyyədə tibbi xidmət göstərirlər.

Bu mövzuda yazı qələmə almağımız heç də təsadüfi deyildi. Çünki bu yaxınlarda saytların birində respublikamızın ən güclü həkimlərindən biri olan allergioloq, professor Kamal Hacıyev barəsində ədalətsiz bir yazıya rast gəldim. Onu yaxından tanıdığıma və nə dərəcədə təmiz, vicdanlı, səmimi bir ziyalı olduğuna görə, ürəyimdən keçənləri bir daha oxucuların nəzərinə çatdırmaq istəyirəm. Kamal həkim uzun müddət Rusiyada işləyib və xeyli vaxtdır Azərbaycana qayıdıb. Bu sahə üzrə barmaqla sayılası mütəxəssislərdəndir. Bunu heç də təsadüfən demirəm. Belə ki, vaxitlə allergiyadan əziyyət çəkən mənim üç qohumumu Kamal həkim həyata qaytarıb, özü də heç bir təmənna ummadan. Sadəcə olaraq, özəl klinikanın pulu ödənib və o da bunun müqabilində xəstələri müalicə edib. Hansı ki, ondan əvəl neçə-neçə həkimə müraciət etsək də, onların yazdığı dava-dərmanların heç bir müsbət nəticəsi yox idi.

Yaxın dostum Rafiq Yusiflinin tanışlığı ilə xəstəmizi Kamal Hacıyevin yanına apardıq və o da xəstəmizi müayinə etdi, düzgün diaqnoz qoydu. Bir kurs mualicədən sonra biz məəttəl qaldıq. Ağır vəziyyətdə olan xəstəmiz tamamilə yaxşılaşmışdı. Bir il bundan qabaq mənim nəvəmin səhhətində problem yarandı. Onu da rayonda və Bakıda bir çox həkimlərə göstərdik. Ancaq müalicələr effekt vermədi. Yadımıza yenidən professor Kamal Hacıyev düşdü. Onun müayinəsindən və müalicəsindən sonra nəvəmdə yaranmış səpgilər yavaş-yavaş müalicə olundu. İndi şükür Allaha, nəvəm özünü çox yaxşı hiss edir.

Bəzi həkimlər var ki, xəstəsi ona hər hansı çətinliklə bağlı telefon açanda o həmin zəngə çavab vermir, ya da telefonu söndürür. Amma Kamal həkim yeganə həkimlərdəndi ki, 24 saat telefonu açıqdı, çətinliyə düşən və məsləhət almaq istəyən xəstəsinə hər an cavab verir, məsləhət və göstərişlərini əsirgəmir. Özünü də tapa bilməsən, yanındakı tibb bacıları sənə mütləq həmin an öz köməkliklərini göstərəcəklər.

Pasiyentlərdən biri qeyd edir ki, guya Kamal həkimin qəbulu 56 manatdır, Bu tamamilə yalnış məlumatdır. Çünki onun qəbulu özəl klinika tərəfindən müəyyənləşdirilir və bu qiymət də 45 manat civarındadır. Üstəlik də yarım ay müddətində hər hansı xəstə yenidən professorun yanına gələrsə, pulsuz qəbul edilir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə təmiz, vicdanlı və ədalətli həkimlər var. Sadəcə olaraq, bir çox halda kimlərsə onları gözdən salmaq istəyir və nüfuzuna xələl gətirməyə çalışır.

Professor Kamal Hacıyevin qəbuluna düşmək bir qədər çətin olsa da, əsas məsələ ondan ibarətdir ki, hər hansı xəstə onunla görüşəndən və həkimin müayinəsindən sonra səhhətində yaranmış problemi dəqiqliklə bilir və çıxış yolunu da tapır. Əlbəttə, birinci insanın həyata qaytaran, qoruyan Allahdır. Ondan sonrası həkimlərin əlindədir.

Gərək elə həkimin əlinə düşəsən ki, o sənə şəfa verə bilsin. Məhz professor Kamal Hacıyev də belə həkimlərdəndir. Yəni o, öz ixtisası üzrə ölkəmizdə barmaqla sayılası həkimdir. Bu cür həkimləri isə qorumaq, hörmət etmək və sevmək lazımdır. Çünki biz yaxşı həkimlərin qədrini bilməsək, onlara şər-böhtan atsaq və bu həkimlərin də bir gün qəlbi bizdən sınacaq və ölkəmizdən çıxıb gedəcəklər.

Faiq QİSMƏTOĞLU