Xalid KAZIMLI: Kosmos əsrində, internet dövründə qədim əsrlər cəhaləti

XALİD KAZIMLI
911602 | 2017-04-19 11:52

Dünən doğma, əziz saytlardan biri mənə belə bir sual ünvanlamışdı ki, nə vaxtsa yazıçılarımız heç bir kənar işdə çalışmadan öz kitablarından gələn gəlirlə dolana biləcəkmi?

Bu suala 4-5 cümləllk cavab yazdım, axırını da belə bitirdim ki, hazırda bizim yazı-pozu adamları at saxlanmayan adada nalbəndlik etməklə məşğuldur. Təvazökarlıqdan Taiti adası qədər uzaq olsa da, deyim ki, sonradan bu cavab özümün də xoşuma gəldi.


Gerçəkdən də at saxlanmayan adada nallamağa at tapmayan nalbənd özünü necə hiss edirsə, bu ölkənin oxucu tapmayan yazıçıları da o cür hiss edir.


Deyilə bilər ki, yox, niyə, hər halda oxucu var. Düzdür, var. Amma bu oxucuların çoxu yazıçıların özləri və yaxınlarıdır. Hər halda, ölkəmizdə oxucu-alıcı o qədər azdır (təxminən 700-1500 arasıdır) ki, onlar sayı 2 500-ü keçmiş şair-yazıçıları dolandırmaq gücündə deyil.


Burası belə. Bu yazıda isə söhbət heç də oxucuların pul verib kitab almasından, kitab bazarının inkişafından getmir. Qoy yazıçılar da işdən sonra bənnalıq edən müəllimlər kimi eləsinlər: ya yazıçılıq edəndən sonra başqa işdə çalışsınlar, ya da işdən sonra yazıçılıqla məşğul olsunlar. Ona qalsa, müəllimlər üçün ikinci və gəlirli iş yeri göstərən deputat Hadı Rəcəblinin ən yaxın dostu Hüseynbala Mirələmov romanlarını, pyeslərini işdən sonra yazır.


Söhbət regionumuzu saran, sarmaqda olan cəhalətdən gedir. Camaatın çoxu sosial şəbəkə statusundan başqa heç nə oxumur, o da hələ qısa olsa oxuyur,uzun olsa, vaz keçir.


Hazırda İstanbulda yaşayan keçmiş həmkarımız yazır ki, orda da insanlar kütləvi şəkildə kitabsızdırlar, ona görə də ömrü boyu yalnız bir kitab oxumuş hocaların təsiri altındadırlar.


Düzdür, bir kitab oxuyanda, olmur, ətrafda nə varsa, adamın gözünə kafir, cin-şeytan kimi görünür. Gərək çox kitab oxuyasan ki, fövqəlbəşər varlıqlara çox da baş qoşmayasan.

Əslində heç köhnə əyyamlardakı kimi gedib nadir kitabları kitabxanadan alıb, iki saat oxucu zalında oturub oxumağa və ya kitab maazalardan baha qiymətə kitab almağa da ehtiyac yoxdur. İnternet resursları istənilən dildə istənilən cür kitablarla doludur. İnternet şəbəkəsinə qoşulmuş evdə yaşayan istənilən kitab həvəskarı bayıra çıxmadan kitab oxumaqla məşğul olsa 124 min il boyunca oxumağa kitab tapa bilər.


Ancaq o qədər oxumağa nə ehtiyac var? Yetər ki, dünyaya səs salmış müəlliflərin kitablarını qiraət edəsən, nəsə bir şey oxuyasan, dünyanın necə bucaq olduğunu öyrənəsən.


Yəni elementar şeyləri bilmək lazımdır, Mendeleyevin elementlər cədvəlini bilməsək də olar. Onsuz da bu saat dünyada çox adam başına düşən daşın Nyutonun ümumdünya cazibə qanunu əsasında hərəkət etdiyini bilmir, əsas məsələ o daşı atanın məramını, məqsədini bilmək və daşdan, eləcə də "İsgəndər” raketindən, "Tomoqavk”dan qorunmağın üsullarını öyrənməkdir.


İnsanların kütləvi şəkildə savadsız olduğu ölkədə xeyli Nyuton, Tesla, Eynşteyn kimi alıimlər, Heminquey, Moem, Drayzer kimi yazıçılar, Çörçill, Ruzvelt, Bismark kimi siyasətçilər olsa da xeyri yoxdur, onlar bisavad kütləni uzağa apara bilməzlər. Ancaq sabah Bağdadi kimisinin biri çıxar, deyər, ardımca Mosula qədər gəlin, ordan sizi cənnətə özüm yola salacam. On minlərlə insan da axışıb gedər. Çünki cənnət cazibədardır və onlar bunun sadəcə nağıl olduğu barədə kitab oxumayıblar.


Savadlı, dünyagörüşlü insanların çoxluq təşkil etdiyi ölkələrdə isə bu mümkün deyil, o cür çağırışlara qoşulanlar olsa da, tək-tək olacaq.
Budur, bizim coğrafiyamızda hələ də fındığın üstündə, pomidorun içində ərəbcə hansısa sözü oxumağa çalışanlar var (bu, hətta mediada xəbər olur). Ancaq "The İndependent” qəzeti yazır ki, alimlər insanın beynini, daha dəqiqi, adamın beyninin içindəkiləri sözün əsl mənasında oxuyan cihaz icad etməyə yaxındırlar.


Bu gün-sabah onlar elə bir cihaz tapacaqlar, özü də birinci bizə, Şərq insanına tətbiq edəcəklər (burası artıq gümandır), daha onları aldada bilməyəcəyik, beynimizi oxuyub biləcəklər ki, niyyətimiz nədir.


Adam oturur, düşünür ki, bu kosmos əsrində, savadlı, məlumatlı olmaq üçün bu qədər geniş imkanların olduğu bir zamanda biz nədən 2 min il əvvəldə olduğu qədər cahilik?


TƏQVİM / ARXİV