adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2017 11:16
1854
GÜNDƏM
A- A+

Lavrov Şuşaya gələcəkmi? - İLHAM İSMAYIL yazır...

"Bu gün Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov Abxaziya Respublikasına iki günlük işgüzar səfərə gəlir. S.Lavrov Suxumidə Rusiya Federasiyası səfirliyinin yeni binasının təntənəli açılış mərasimində iştirak edəcək, aprelin 19-da Abxaziya "dövlət başçısı” Raul Xadjimba ilə, daha sonra parlamentin spikeri, xarici işlər naziri ilə də danışıqlar aparacaq.”

Bu, TASS-ın məlumatıdır. Hörmətli oxucu, bir gün də "Lavrov ( ya İvanov, fərq etməz) Artsax Respublikasına rəsmi səfərə gəlib” xəbərini eşitməyəcəyimizə zəmanət varmı?

2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra tələsik Rusiya tərəfindən tanınan separatçı Abxaziya Respublikasını bütün dünya, BMT, beynəlxalq hüquq Gürcüstanın ərazisi kimi tanıyır. Amma bu, Rusiyanın vecinə deyil. Krım kimi, Donbas kimi, Pridnestrovye kimi. Dağlıq Qarabağla birlikdə ətrafındakı işğal olunmuş torpaqlarımız da beynəlxalq hüquq tərəfindən bizim ərazimiz kimi qəbul olunub. Rusiya Ermənistanın müttəfiqidir və onların, o cümlədən Dağlıq Qarabağın həm rəsmi, həm də qeyri-rəsmi varlığının qarantı kimi çıxış edir. Jurnalistimizin sualına da Lavrov cavab verdi ki, Qarabağ məsələsi bizim işimizdir, neytrallıqdan söhbət gedə bilməz. Lavrova söz deyə bilmədik, əvəzində jurnalisti işdən qovduq. İndi Lavrovun Suxumi səfərinə rəsmilərimizin açıq etiraz bildirməsini gözləməsək də, hakimiyyətin qeyri-rəsmi sözçüləri, mətbuat bu səfərə kəskin münasibət bildirməlidirlər.

Separatçı rejimlər təntənəli tədbirlər keçirməyə, varlıqlarını sübut etməyə hər zaman meyllidirlər. Dağlıq Qarabağda da 1992-ci ildə Stepanakert Universitetinin açılışından tutmuş, beynəlxalq eşşək yarışmasına qədər. Universitetin açılışına Starovoytova, eşşək yarışmasına italyan müğənni Albano təşrif gətirmişdi. Sabah Rusiyanın "Artsax”ı tanımayacağına zəmanət varmı?

Yaxın günlərə bizi sürprizlər gözləyə bilər. Ermənilər Şuşanın alınmasının 25 illiyinə çox təntənəli hazırlaşırlar. Dünyanın hər yerindən erməni diasporunun nümayəndələri, məşhur adamlar dəvət olunub. Erməni mətbuatı jurnalist Solovyovun da dəvətlilər arasında olduğunu yazır, həm də təkcə onun yox, bir çox rus siyasətçilərin də... Ola bilsin Lavrov bu dəfə Şuşaya gəlməsin, növbəti qələbə yubileyinə necə? İstəmiriksə, Şuşanı alaq. Sözlə yox, savaşla.

ABŞ-ın vitse-prezidenti Yaponiyaya gəlib. Mayk Pensin sözlərini dünya mətbuatı təkrar-təkrar verir: "O, Şimali Koreyanın aqressiv raket sınaqlarına dözməyin artıq mümkün olmadığını və sülhə yalnız güclə nail olmaq olar” bəyanatını verdi. Azərbaycan Ermənistanın işğalına nə qədər dözəcək?

Lavrovun Şuşanın alınmasının növbəti yubiley təntənəsinə gəlməməməsi üçün yeganə yol Şuşanı özümüzün almağımızdır.

P.S.Bəlkə ermənilərin şənliklərini burnundan gətirək, təntənə ərəfəsi cəbhədə bir konanada təşkil etsin ordumuz?

Amma, deyilənə görə, Nikolay Patruşev bu dəfə Bakıya gələndə xahiş edib ki, cəbhədə sakitçilik olsun, biz imkan verək ki, erməni bizim üzərimizdə qələbələrinin 25 illik yubileylərini ürəkləri istədiyi kimi qeyd etsinlər. Axı, Patruşevin sözü ilə 2015-ci ilin yayında , Avropa Oyunları zamanı ermənilər cəbhədə sakitliyə əməl etdilər. Elə deyilsə, buyurun...