adalet.az header logo
  • Bakı 19°C
18 Aprel 2017 19:37
8138
LAYİHƏ
A- A+

ŞUŞALI QIZ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan Respublikasının xalq artisti Məhluqə Sadıxova Şuşada sənətkar Ələsgər kişinin ailəsidə dünyaya göz açmışdır.Atasını çox istəyən Məhluqə Ələsgər kişinin tez vəfatından özünü tamamilə itirmişdi.Ailə 1930-cu ildə Bakıya köçmüşdür.Hələ doğma şəhərində olarkən musiqiyə,rəqsə böyük həvəs göstərmişdir.Bakıda yaşadığı ilk aylarda Məhluqəni Azərbaycan Dövlət Flarmoniyasının rəqs ansamblına dəvət ediblər.Lakin çox keçmir 1936-cı ildə onu Azərbaycan Dram teatrına aktyor ştatına götürürlər.İlk günlərdən öz çalışqanlığı,teatra böyük həvəsi və həddən artıq nizam-intizamı ilə teatr rəhbərliyinin və kollektivin hörmətini qazanır.O illərdə rejissor Ələsgər Şərifovla ailə qurur və onunla ömrünün sonuna qədər dram teatrında çiyin-çiyinə çalışırlar. Rəhmətlik rejissorumuz Ə.Şərifov Məhluqəni səhnədə məşq anlarında "Məşədi Məhluqə" deyə çağırardı və Məhluqə xanım belə münasibətdən həddən artıq sevinərdi. Bir dəfə cavan aktrisalarla söhbəti zamanı ağzından qaçırtdı ki, Ələsgərlə ona görə ailə qurmüşdu ki, o,atası Ələsgərin adını daşıyır.
Məhluqə Sadıxovanın sənət taleyi əsasən kiçik,yaxudda böyük olan mənfi rolların məharətlə ifas ilə bağlıdır.Onun ilk rolu "Şahnamə" tamaşasında paxıl qadın obrazı olmuşdur.1948-ci ildə rejissor Əliheydər Ələkbərov C.Cabbarlının "Solğun çiçəklər" əsərində Pəri rolunu Məhluqəyə tapşırdı.Bu rolu aktrisa böyük məharətlə,həvəslə 400 dəfədən çox oynadı.Pəri-M.Sadıxova Bəhrama aşiq olaraq qarşısında duran bütün maneələri amansızcasına məhv edir.O,Bəhramı qorxu ilə,hiylə ilə Saradan ayırır,onu evdən qovur,ölümünə səbəb olur.Bəhramla münasibətlərində isə həddən artıq amansız mövqe tutur.Ürəyi hələ də Saranın yanında qalan Bəhramı zorla özünə ər eləmək istəyir,nəticədə Bəhram Pərini boğaraq öldürür.Məhluqə xanımın ifasında Pəri ürəklərə yatmadığına görə son dərəcə kinli,acıqlı,həyasız bir qəsbikara dönmüşdü.
"Solğun çiçəklər" tamaşası xeyli müddət repertuarda qaldığına görə Məhluqə xanımın sənətkar kimi şöhrəti günü-gündən artırdı.
Rejissor Ə.Şərifov elə həmin illər Ə.B.Haqverdiyevin "Pəri Cadu"pyesini tamaşaya hazırladı.Məhluqəyə fitnə-fəsad törədən,cin və şeytanlarla oturub-duran Şamama Cadu obrazını verdi.Aktrisa bu obrazı çox hiyləgər bir tip halında təqdim edirdi.O,həm Hafizə xanımla,həm odunçu Qurbanla,həm də cinlərlə söhbət edib tələ quranda tamaşaçıların nifrətini inandırıcı bir şəkildə qazana bilirdi."Pəri Cadu" tamaşasında cinlərlə Şamama Cadunun oyunları son dərəcə maraqlı və gülməli idi.Bu tamaşada cinlərin birini o vaxtlar mən də oynamışdım.Mənim sözlərim arasında belə bir cümlə də vardı:
Başmağımın tayı itib,
Zülfümü nəynən darayım?

Cinlər Şamama Cadu ilə sürətli ritmlə zarafatlar edirdi,ağacını əlindən alırdıq,tumanından dartıb sürüyürdük.O da hirslənərək çomağı ilə bizi vurmağa çalışırdı,lakin heç nəyə nail ola bilmirdi.Şamama Cadu öz təşəbbüsü ilə şəhvət düşgünü Hafizəyə Qurbanı calayır,sonda bu qeyri-bərabər nigah faciə ilə nəticələnir.
Ümumiyyətlə Məhluqə xanımın ifa etdiyi bir çox rollar dramaturgiyadan gələn fitnə-fəsadlar törədən obrazlarla zəngin idi.Təkcə onu yada salaq ki, S.Vurğunun "Vaqif" tamaşasında aradüzəldən Qarı rolunu Məhluqə xanım 800 dəfədən çox oynamışdır.Tamaşanın dördüncü şəklində qarı çadraya bürünərək Şeyx ilə Vaqifin evinə gəlirlər.Məqsədləri Xuramanı yoldan çixarmaq,onu Xana calamaqdır.Xuraman təkdir.Elə bu vaxt Qarı və Şeyx içəri daxil olub,söhbətə başlayırlar.Qarı-M.Sadıxova çox şirin dillə Xuramanı gəlişlərinin məqsədi ilə tanış etməyə çalışır.O,Xuramana:
Kimin vardı belə yarı?
Çənəndəcə xalın da var,
Xoş yaradıb pərvərdigar,
Od kimidir yanaqların,
Bal kimidir dodaqların,
Nə xanların xörəyisən...

Xuraman qarının nə məqsədlə gəlişini özü üçün aydınlaşdırandan sonra Vaqifi atıb,Xana getməyə razılıq verir.Əsərdən məlumdur ki,Vaqifin evindən çıxandan sonra Xuraman necə böyük peşmançılıq keçirir,hətta həbsxanaya gedib Vaqifə yalvarır ki,onu bağışlasın.Vaqif onu rədd edəndən sonra Xuraman gedib özünü qayadan atır.
M.Sadıxovanın ifa etdiyi müsbət xarakterli rollar da çox olmuşdur. M.F.Axundzadənin "Lənkaran xanın Vəziri"n də Pəri xanım,C.Cabbarlının "Sevil"ində Gülüş,S.Vurğunun "Fərhad və Şirin"ində Fitnə,H.Cavidin "Şeyx Sənan"ında Zəhra Məhluqə xanımın tamaşaçıları sevdirən xeyirxah niyyətli müsbət obrazlardan idi.Lakin bu rolları ifa müddətində ona yenə də bir çox mənfi qadın obrazları tapşırmışdılar. "Müsyö Jordan və Dərviş Məstəli şah"da Xanpəri, "Xanuma"da Kabato obrazları adını çəkdiyimiz silsilədən idi.
Lakin Məhluqə xanımın elə müsbət rolu olmuşdur ki,o illərlə tamaşaçıların qəlbindən silinməmişdir.Şekspirin "Qış nağılı" əsərində o,Paulina obrazını yaratdı. Bu qadın saray əyanlarından biridir və Kraliça Germionanın ən yaxın rəfiqəsi idi. Kral Germionanı haqsız olaraq xəyanətdə təqsirləndirəndə Kraliça huşunu itirir. Sən demə Paulina Germionanı aradan çıxara bilir və uzun illər hamı onu ölmüş bilir.Nəhayət Paulina çox qeyri-adi bir vəziyyətdə Germiona ilə Kralı barışdırmağa cəhd göstərir."Qış Nağılı"pyesinin sonuncu pərdəsində kiçik bir dayaq üstündə Germiona rolunu ifa edən aktrisa dayanır və Kral ölmüş keçmiş arvadının heykəlinə baxmağa gəlir.Heykəl o qədər inandırıcı bir hərəkətlə dayanmışdı ki,onun heykəl olduğu şübhə yaratmırdı.Hətta Kral yaxınlaşıb heykələ toxunmaq istəyir.Paulina-M.Sadıxova Kralı nəzakətlə saxlayır və deyir:

Bir az yavaş
Heykəli bir az əvvəl qurtarmış
heykəltaraş

Mən bu tamaşanın iştirakçısı idim.Gənc Coban rolunu ifa edirdim.Ona görə də Germiona öləndən sonra Paulinanın çox faciəvi ahısı və qışqırığı ilə Kralı necə lənətlədiyinin şahidi olmuşam.
Tamaşalarımızın birinə məşhur rejissor,SSRİ xalq artisti Y.Zavadski gəlmişdi.Tamaşadan sonra onu səhnə arxasənda gördük.Hamımız diqqətlə onun tamaşa haqqında nə deyəcəyini gözləyirdik.O,tamaşanın rejissorunu,ifaçıları səmimi qəlbdən təbrik elədi.Xüsusi ilə Hökumə Qurbanova və M.Cadıxovanın yaratdığı obrazları böyük nailiyyət adlandırdı.
Dram teatrında rejissor işlədiyim illər Kərim Kərimovun "Çahargah fantazıyası" əsərini tamaşaya hazırlamalı oldum.Bu quruluşda S.Aslan, M.Dadaşov,M.Mirzəyevlə yanaşı Bikəxanım rolunu Məhluqə xanım ifa edirdi.Bu obraz da bir az araqarışdıran,ailələrə dedi-qodu gətirən bir xanım idi.Məhluqə xanım onu çox böyük həvəslə emosional,inandırıcı bir tərzdə tamaşaçılara təqdim edirdi.
1992-ci ildə görkəmli aktrisamız Amalya xanım Bakı Bələdiyyə teatrını təşkil etdi.Dram teatrından özü ilə işləmək üçün M.Sadıxovanı,S.Bəsirzadəni, M.Avşarovu,M.Novruzovanı dəvət etdi.Məhluqə xanım qalan ömrünün sonuna qədər bu teatrda çalışdı.
Azərbaycan radiosunda ən çox eşidilən,sevilən səs M.Sadıxovanın səsi idi.O,hekayə də oxuyurdu,şeir də.Ən çox da onu Səməndər Rzayevlə birgə apardığı "Bulaq" verilişi dinləyicilərin çox xoşuna gəlirdi.Hamı böyük həvəslə "Bulaq" verlişinin getdiyi saatı gözləyirdi.
Baxmayaraq ki,Məhluqə xanım Bələdiyyə teatrında işləyirdi o,Azərbaycan Dram teatrına da tez-tez gəlirdi.İşindən razı qaldığını bildirirdi.Təzə tetarında oynadığı obrazlardan söhbət açardı.Hiss olunurdu ki,onun ürəyi hələ də ilk qədəm basdığı teatr üçün döyünür.
Məhluqə xanım çox işgüzar, yorulmaq bilmədən çalışan,sənət dostları ilə mehriban rəftar edən,unudulmaz bir sənətkar kimi yadlarda qalmışdır.2007-ci ilin soyuq fevral günlərinin birində Şuşalı qız M.Sadıxova dünyasını dəyişdi.

AĞAKİŞİ KAZIMOV
xalq artisti, professor

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ