adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Aprel 2017 14:39
4241
MƏMLƏKƏT
A- A+

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva və səhiyyə işçiləri akademik Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında görkəmli alimin büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.


Sonra tədbir iştirakçıları Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən məlumatlar, fotoşəkillər və kitablarla tanış olublar. Zəriflik və nəciblik mücəssəməsi olan Zərifə Əliyevanın xalqımız qarşısındakı xidmətləri, əhalinin sağlamlığının qorunması istiqamətində gördüyü işlər bir daha xatırlanıb.

Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası”nın əsasını qoyub. Bu mənada, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirib.
Böyük elm fədaisi, insanların təkcə gözlərinə yox, həm də şüuruna, taleyinə nur saçan akademik Zərifə xanım Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Azərbaycan səhiyyəsinin və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Kəngərli rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür.
Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirmişdir. Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Hazırda Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbi də görkəmli alimin adını daşıyır.
Aprelin 15-də akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı onun adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib. Əvvəlcə Naxçıvan Muxtar Respublikası təhsil naziri Məmməd Qəribov və tədbir iştirakçıları akademikin məktəbin foyesində yerləşən büstünün önünə gələrək görkəmli oftalmoloqun xatirəsini ehtiramla yad ediblər, büstün önünə gül dəstələri düzüblər.
Sonra tədbir iştirakçıları məktəbdəki muzeydə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.