adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2017 14:13
76470
MÜSAHİBƏ
A- A+

Özü olan "Manera" - MÜSAHİBƏ

İki gün öncə, elektron media arasında özünəməxsus yeri olan, "Manera”nın 2 yaşı tamam oldu. Biz də bu fürsətdən istifadə edib, "Manera”nın qapısını döydük, təbii ki, həmsöhbətimiz Şəhla xanım Aslan idi.

- Öncə xoş gördük və elə bunun ardınca da soruşmaq istəyirəm, 2 yaşın ovqatı necədir?

- Xoş gördük. "Manera”nın 2 yaşı münasibətilə yeni dizaynı istifadəyə verdik. İzləyicilər münasibət bildirirlər, təbrik edirlər, təkliflərini irəli sürürlər və s. Bunlardan ruhlanırıq, oxucuların zövqünu oxşamağa çalışırıq, həm gözü yorulmasın, həm də oxuduğu mətndən zövq alsın. Bu baxımdan hazırda ovqatımız yaxşıdır demək olar.

- Sizinlə ilk təmasdan ağlıma bir sual gəlmişdi, 2 il gözlədim, amma indi soruşmaq istəyirəm, niyə məhz "Manera”, başqa bir ad yox?

- Başqa ad çox idi deyə biz də bu fərqli adı seçdik... (gülür) Elə fəaliyyətimizi də "Fərdin Fərddən Fərqi Fərdilikdir” devizi üzərində qurduq. Təkrarlanan bu 4 F mənəm-mənəmliyin göstəricisi deyil. Bu deviz özündə fərdin fərqli manerasını ehtiva edir.

- Etiraf edək ki, indi söz də, sözə münasibətdə kökündən dəyişib. Həm dəyər kimi, həm də mənəvi ehtiyac kimi, siz sözün başına gələn bu olayların içərisində təzə imza, təzə fikir bütövlükdə təzə sözü necə tapırsınız?

- Təbii ki, biz də digər ədəbiyyat dərgilərini izləyirik. Bizim ünvanımıza göndərilən mətnlərə diqqət etdikdə onun digər mətbu orqanlarında dərc olunmadığının fərqinə varırıq. Daha çox çap oluna bilməyən imzalara yer veririk saytda. Amma klassikləri də unutmuruq. Dünya ədəbiyyatından tərcümələr, daha təcrübəli yazıçılarla müsahibələr edirik ki, gənc yazarlar oxuyub bəhrələnsinlər. Biz gənc yazarları daha çox ona görə dərc edirik ki, tənqidçilərimiz, peşəkar yazıçılarımız onların mətnlərinə münasibət bildirsinlər, bu da yeni imzaların yazıda püxtələşməsinə səbəb olur. Təəssüf ki, peşəkarlar bəzən münasibət bildirməkdən yayınırlar, görməzdən gəlirlər və ya "zəif yazmısan” deyib yazarı ruhdan salırlar. Onlar yenicə yazmağa başlayan gənclərdən özlərinin sahib olduqları keyfiyyətləri, qüsursuz mətnləri gözləyirlər. Bu düzgün yanaşma deyil.

- Mən də "Manera”nın izləyicilərindənəm amma siz daha dəqiq bilirsiniz, "Manera” bir elektron media kimi hansı durumu yaşayır?

- Bir media orqanı üçün 2 yaş elə də böyük rəqəm deyil. Amma maneranın həyata keçirdiyi layihələri, müsahibələri, müsabiqələrə diqqət etsək görərik ki, bu sayt ciddi işlər görür, maraqlı imzalar dərc edir. Bu saytın digərlərindən fərqi həm də onun qapısının ürəyində yazmaq istəyi olan bütün yazarların üzünə açıq olmasıdır. Sözünə meydan axtaran hər kəsi öncə Manera.az-ı seçir, oxucusu ilə bu ünvanda söhbətləşmiş olur. Təbii ki, sonradan tanınmış olan belə imzaları digər media qurumları da tərəddüdsüz dərc edirlər. Bu da bizim özəlliyimiz, gərgin əməyimizin nəticəsidir.

- Həyat inkişaf etdiyi kimi, yeniləndiyi kimi təbii ki, onu göstərən, ifadə edən yazılı və elektron mediada yenilənir. Bu mənada "Manera” növbəti yaşlarına doğru uzanan yolu necə görür və nə etmək istəyir?

- "Manera” yarandığı ilk gündən oxucu rəğbəti, oxucu inamı qazanmaq üçün bütün çətinlikləri göz önünə alıb. Bəlkə də kənardan 2 il fasiləsiz fəaliyyət göstərmək asan görünə bilər. Saytı yaşadan insanlar yaxşı bilirlər bu fəaliyyətin arxasında gərgin zəhmət, ədəbiyyata sevgi dayanır. Təbii ki, gələcək üçün planlaşdırılan layihələri həyata keçirtməkdən ötəri maddi durum da vacib məsələdir. Maddi durum imkan verəcəksə, də biz çalışacağıq ki, gələcəkdə saytımız daha böyük layihələrə imza atsın.

- Bir həmkar kimi, sizin hələ neçə onilliklər qeyd edəcəyinizə şübhəm yoxdur, elə o inamla da soruşmaq istərdim, Şəhla xanım siz bütövlükdə medianın sabahını necə görürsünüz və hansı təkliflərlə həmkarlarınıza dəstək ola bilərsiniz?

- Medianın inkişafı üçün bu sahəyə dövlət tərəfindən qayğı artırılmalıdır. Bizim peşəkarlıq problemimiz yoxdu. Amma təəssüf ki, bizim kifayət qədər peşəkar jurnalistlərimiz, ədəbiyyat adamlarımız maddi çətinlik səbəbindən digər sahələrə üz tutublar. Bir növ öz sahələrindən küskün olublar. Çünki ehtiyaclarını ödəmək üçün aldıqları qonorarlar onları qane etmir. Belə olan tədqirdə mediaya "hücumlar” başlayır və yazdığı hər hansı bir yazı istər üslub, istər qrammatik səhvlərlə dolu olan "jurnalistlər” isə özləri üçün münbit şərait əldə edirlər. Bununla da onlar çoxalmağa və medianı inkişafdan saxlamağa nail olurlar. Təbii ki, bu tendensiya davam edəcəksə, medianın sabahı haqda ürəkaçan bir vəd vermək olmur. Bu gün qəzetlər, saytlar maddi çətinlik ucbatından fəaliyyətlərini dayandırırlar, orada çalışan jurnalistlər də ya ticarətə meyillənirlər ya da ki, yaşamağa başqa ölkələri seçirlər. Əlbəttə ki, itirən media olur...

- Bir daha sizi təbrik edir və özünüzün bu kiçik müsahibədən kənar fikirlərinizi də məmnuniyyətlə dinləməyə hazırıq.

- "Manera” ailəsi olaraq sizləri saytımızı mütəmadi olaraq izləməyə, qüsurlarımızı, əlavə təkliflərinizi söyləməyə dəvət edirik. Biz oxucular üçün, ədəbiyyat naminə faydalı işlər görməyə çalışırıq. Bu 2 ildə buna az da nail ola bilmişiksə, özümüzü şanslı hesab edirik. Biz Manera.az olaraq üzərimizdə olan və illər keçdikcə daha da artan məsuliyyət hissini unutmayaraq növbəti illər ərzində fəaliyyətimizi genişləndirməyə çalışacağıq.


Söhbətləşdi: Sübhan Mahmudov