adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2017 23:45
2850
GÜNDƏM
A- A+

YANMIŞ TORPAQ yaxud yüz min il davam edəcək radiasiya təhlükəsi


Dünyanın ən məşhur poliqonlarından birinin olduğu Semipalatinsk vilayəti Qazaxıstanın şərqində yerləşir. Fəaliyyət göstərdiyi qırx il ərzində burada 406 atom və hidrogen bombası partladılıb. Poliqonun sahəsi 18,5 kv/km-dir - təxminən Belçikanın ərazisinin yarısı qədər. Perimetri 600 km-dir.

Poliqonun bağlanmasından artıq 25 il ötür. Hazırda alimlər onun regiona vurduğu zərərin nəticələrini araşdırırlar. Yerli sakinlər isə buradan heyvandarlıq məqsədilə istifadə etmək niyyətindədirlər. Eyni zamanda, Qazaxıstan özü dünyada nüvə təhlükəsizliyinin təminatcısı olmağa iddialıdır: dünyanın bütün atom stansiyaları üçün az zənginləşdirilmiş uran alınması məqsədilə maliyyə vəsaiti verəcək yeganə bankın məhz burada yerləşəcəyi gözlənilir.

...Poliqonun ərazisi və oradakı qurğuların qalıqları uzaqdan görünür. Yerüstü partlayışların həyata keçirildiyi, "təcrübə meydanı" adlandırılan episentrdə qapqara qaralmış nəhəng dirəklər, qəribə görkəm almış dördmərtəbəli qurğu hələ də qalmaqdadır. "Qaz" adlandırılan və kömür kimi yanmış bu dirəklər həqiqətən də qabağa uzanmış iri qaz boynuna oxşayır. Onlar ölçmə avadanlıqlarını və uzun zirehli fotokameraları (saniyədə 7 partlayış kadrı çəkə bilən) yerləşdirmək üçün ötən əsrin 50-ci illərində inşa edilmişdir. Ətrafda yıxılmış, qırılmış dirəklər, yarı dağılmış və böyrü üstə qalmış körpülər, altında anbarlar yerləşən təpəciklər gözə dəyir.

...Nüvə partlayışının dağıdıcı gücünü öyrənmək üçün ətraf ərazidə infrastruktur yaratmışdılar - yaşayış evləri tikmiş, hərbi texnika: tank, təyyarə, hətta gəmilər qoymuş, mina sahələri yaratmışdılar. Yerin altında tikilən metro stansiyası indiyədək qalmaqdadır - heç bir xətər toxunulmamış halda. Ora düşmək və sərin havada istənilən qədər qalmaq olar. Beton özüllərdə ada-dudda çatlar gözə dəyir.

...Kurçatovda poliqona aid muzey yaradılmışdır. Sınaq məqsədilə istifadə olunmuş keçilərin və itlərin əzik-üzük olmuş, formalinə salınmış daxili orqanları eksponat kimi hələ də saxlanılmaqdadır. Elə orada, muzeydəcə ilk bombanın atıldığı komanda məntəqəsinin düyməsini "sıxmaq mümkündür". Əvvəlcə iki açarı fırlamaq lazımdır, sonra isə... düyməni "sıxmaq". Açarlar tez-tez ilişir. Komanda məntəqəsi ilə yanaşı telefon var. Poliqon komandiri birbaş Kremlə zəng vura bilərdi...

Poliqonun ərazisində atom gölü yerləşir. 1965-ci ildə, buradan axan iki çayın - Şağan və Amisu - birləşdiyi yerdə yeraltı nüvə partlayışı həyata keçirdilər. 100 metr dərinliyində, 400 metr enində çökəklik əmələ gəldi. Tapşırıq belə idi: bilinsin ki, nüvə partlayışı hesabına süni su hövzəsi yaratmaq mümkündürmü?

Atom gölünün suyu büllur kimi şəffafdır: dərinlikdəki yosunlar aydın görünür.

İndiyədək poliqonda nüvə sınağından nə qədər insanın zərər çəkməsi haqda məlumat yoxdur. Sovet vaxtı məxfi statistika sonuncu dəfə 1990-cı ildə aparılmışdır. Onkoloji, qan dövranı xəstəlikləri, erkən ölüm, leykozlar, mərkəzi sinir sistemi pozğunluqları, uşaqların ürək qüsuru ilə doğulması və s... Radiasiyanın nə demək olduğunu bir vaxtlar adamlar öz üzərində sınamışlar. Poliqonun yaxınlığında yerləşən Qaynar kəndində sınaq vaxtı onkoloji xəstəlikdən 396 nəfər ölmüşdür. Atom partlayışlarından bir il sonra burada uşaq ölümünün sayı 5 dəfə artmışdır. Mütəxəssislərin bildirdiyinə görə, ümumiyyətlə, poliqon 10 min yerli sakinin səhhətinə birbaşa təsir göstərmişdir. Qazaxıstana gətirildiklərindan əvvəlcə xəbərləri olmayan, poliqonda çalışan əsgərlərin bədənində bir müddət sonra yaralar əmələ gəlir, onlar heç 40 yaşına çata bilmirdilər.

Zəhərlənmiş sahə 304 min kv/km ölçüsündədir - Almaniyanın ərazisindən bir qədər az. 1991-ci ilə qədər burada doğulmuş insanlar, - onların sayı 1 mln 300 min nəfərdir, - "poliqon vəsiqəsi" ilə yanaşı birdəfəlik yardım, əməkhaqqına əlavə (1000 rubla yaxın) və 10 günlük əlavə məzuniyyət alırdılar. Bu güzəştlər ona görə edilirdi ki, həmin insanlar potensial radiasiya təhlükəsinə məruz qala bilərdilər. Lakin aparılan araşdırmalar təsdiqləyir ki, poliqon bu insanların heç də hamısının səhhətinə təsir göstərməyib. Onkoloji xəstəliklərin artmasına məhz nüvə sınaqlarının səbəb olduğunu sübut edən faktlar ortada yoxdur.

Bununla yanaşı, Qazaxıstanın şərq hissəsi onkoloji xəstəliklər üzrə bütün ölkədə öncül yerdədir. Lakin bunu heç də poliqonla yox, regionda böyük həcmdə uran çıxarılması ilə əlaqələndirirlər. Alimlərin qənaətinə görə, burada onkoloji xəstəliklərin spesifikası ondan ibarətdir ki, insanların cavan yaşlarından tutulduğu bu xəstəlik müalicəvi terapiyanın təsirinə məruz qalmır. "Poliqon vəsiqəsi" və əməkhaqqına edilən simvolik əlavələr insanlara daha çox psixoloji təsir göstərmək məqsədi daşıyır - nüvə sınaqları ilə bağlı onların yaddaşlarında qalan mənfi təəssüratları aradan qaldırmaq məqsədini.

Poliqonda biznes. 1989-cu ildə poliqonda axırıncı nüvə sınağı keçirildi. 1991-cu ildə isə prezident N. Nazarbayevin fərmanı ilə poliqon bağlandı. Ərazini qoruyan hərbçilər çıxıb getdilər. Və... qarətçilik başlandı. Yerli sakinlər yük maşınları ilə əlvan metalları, kilometrlərlə uzunluğunda kabelləri kəsib apardılar. Çoxları bundan əməlli-başlı varlandılar. Radiasiya haqda isə heç kəs düşünmürdü.

2000-ci ilin əvvəllərində varlı sahibkarlar nüvə sınağı üçün hazırlanmış kilometrlərlə uzunluğunda lağımlara muzdlu briqadalar göndərdilər ki, oradakı bütün metalları doğrayıb çıxarsınlar. Zəhərlənmiş ərazidə bir həftə çalışan bu insanların sonrakı aqibəti heç kəsə bəlli olmadı.

Qarətçiliklə mübarizə 1997-ci ildə başlandı. ABŞ və Qazaxıstan rəhbərliyinin fikrincə, bəzi poliqonlarda nüvə tullantıları o qədər idi ki, onlardan hətta "ikinci bomba" hazırlamaq mümkün olardı. "Amerikalılar təəccüblənirdilər ki, ballistik raketlərin buraxıldığı şaxtalara giriş sərbəstdir, nə istəsən eləyə bilərsən, - deyə yerli mütəxəssislərdən biri bildirir. - Kifayət qədər nüvə materialı toplayıb istifadə etmək mümkündür. Deməli, belə bir potensial imkan istisna olunmalıdır..." - Odur ki, başladılar yüzlərlə yarğanı, lağımı doldurmağa. 2000-ci ildə Rusiya da bu işə qoşuldu. 2010-cu ildə nüvə tullantıları qəbristanlığından birində bu məqsədlə işlər görüldü: ətrafda dərin xəndəklər qazıldı, tikanlı məftillər çəkildi. Daha bir qəbristanlıq da "zərərsizləşdirildi". Açıq lağımlar etibarlı şəkildə yenidən dolduruldu. Ən təhlükəli yerlərdən biri polis nəzarətinə götürüldü.

2013-cü ildə həddən çox nüvə tullantılarının toplandığı sahələrin zərərsizləşdirilməsinə başlandı. 85 kubmetr həcmində tullantı yığılaraq müvəqqəti basdırılmaq üçün kənara göndərildi. Xüsusi təhlükəli zonaların ətrafına xəndəklər qazıldı ki, heyvanlar ora girməsin. Radiasiya təhlükəli obyektlərin sayı hazırda 150-dir, inventarlaşdırma isə hələ də davam edir.

Kurçatov şəhərini, - sovet dövründə poliqona baxan hərbçilər və alimlər əsasən burada yaşayırdılar, - müxtəlif cür adlandırılırdılar: Moskva - 400, Semipalatinsk - 21, "Axırıncı stansiya".

Şəhərin hazırda 12 min əhalisi var. Əvvəllər 20 mindən artıq olub. Üç məktəbi, bir xəstəxanası, bir kafesi var. Adamlar, qabaqlar olduğu kimi, "poliqon ab-havası" ilə yaşayırlar. 1993-cü ildə yaradılmış Qazaxıstan Milli nüvə mərkəzinin yanında "Atom" abidəsi qoyulub. Əvvəllər bu, havadan asılmış iki yumru dəmirdən ibarət olub. İndi konstruksiyanın daxilində dəyişikliklər edilərək göyərçin modeli yaradılıb. Beləliklə, atom dönüb olub "sülhməramlı". Mərkəzin əsas vəzifəsi nüvə sınağı nəticələrinin aradan qaldırılması və radiasiya fonuna nəzarət etməkdən ibarətdir. Mütəxəssislər torpağın, suyun, havanın, bitkilərin radioaktiv çirklənmə dərəcəsini öyrənirlər.

İndiyədək 18 min kvadrat kilometr ərazidən cəmi 8 mini yoxlanılıb. Məqsəd bu yerlərin heyvandarlıq təsərrüfatı üçün yararlı olub-olmadığını müəyyənləşdirməkdir. Mütəxəssislərin qənaətinə görə, tədqiq olunmuş ərazinin 90 faizi yaşayış yeri və kənd təsərrüfatı üçün əlverişlidir. Ümumiyyətlə, 300 kilometrlik sahə sənaye müəssisələri üçün məsləhət bilinmişdir. Yalnız 20 kvadrat kilometrlik sahəyə girişin tamamilə məhdudlaşdırılması zəruri sayılmışdır.

Poliqon ətrafındakı yaşayış məntəqələri də müayinə olunmaqdadır - onların sayı 600-ə qədərdir. Torpaq, su, hava və bitkilər aləmi ətraflı öyrənilir.

Tədqiqatların nəticələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) və Rusiyanın 25 elmi müəssisəsinə göndərilib. Müayinələrin yüksək səviyyədə aparıldığı və nəticələrin dəqiqliyi tamamilə təsdiqlənir.

Poliqonun bir neçə yerində torpağın altında hələ də yanma prosesi davam edir. Bu o deməkdir ki, hər an yeraltı partlayış baş verə bilər. 1992-ci ildə belə bir partlayış olmuşdu. Onun səsi 10 km-lik məsafədən eşidilmiş, alovun hündürlüyü lap uzaqlardan görünmüşdür.

Hazırda Kurçatov şəhərinin bir neçə rayonu acınacaqlı görkəmi ilə diqqəti cəlb edir. İkimərtəbəli "İrtış" restoranı, üçmərtəbəli univermaq binası dağılıb. Bəzi evlərin ancaq divarları qalıb. Şəhər əsl xarabazarlığı xatırladır.

...2021-ci ilədək bütün ərazinin tam müayinə ediləcəyi ehtimal olunur. İndiyədək aparılan kompleks tədqiqatların nəticəsi belə qənaətə gəlməyə əsas verir ki, poliqonun, demək olar, çox hissəsi təsərrüfat işləri üçün yararlı sayıla bilər, yalnız bəzi ərazilər istisna edilməklə. Mütəxəssislərin ilkin rəyinə görə, həmin ərazilərdə radiasiya ilə yoluxma təhlükəsi hələ 100 min il bundan sonra da davam edəcək...



Səfər Mahmudzadə,

hərbi jurnalist