adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2017 23:40
7507
GÜNDƏM
A- A+

Bənövşə çiçəkli badam ağacı

İ.Həbibbəyli
akademik


Təbiət poeziyanın yaşıl qanadlarıdır. Naxçıvan ədəbi mühitinin yetirməsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm media mükafatının laureatı, qabaqcıl təhsil işçisi, 25 adda şeirlər, poemalar, povestlər, oçerklər, mənzum pyeslər kitablarının müəllifi, şair-publisist İbrahim Yusifoğlunun yaradıcılığında da bir-birindən gözəl fəsillər, demək olar ki, öz poetik rəngini tapır. Yayın hərarəti, qışın bəyaz görkəmi, payızın pərişan çöhrəsi və yazın göyçək bənövşəsi.

Ruhundan göyərən ilham şairi həvəsləndirir ki, digər mövzular kimi, təbiətin gözəlliklərini də yaradıcılığının səhifəsinə döndərə bilsin. Və İbrahim Yusifoğlu əsasən bəhs etdiyimiz aurada demək olar ki, öz istəyinə nail olub. Üstəlik təbiətin-baharın təsviri ilə yanaşı mifoloji qaynaqları da açmağa çalışır.

Hər il yurdumuza şadyanalıq bəxş edən bahar qəlblərə yeni söz, yeni nəğmə gətirir. Şeirlərini dərc olunmuş kitablardan və dövri mətbuatdan oxuduğumuz, radio dalğaları ilə televiziya ekranlarından eşitdiyimiz İbrahim Yusifoğlu üçünsə baharın hər gəlişi yeni şeir deməkdir. Soyuqlu-şaxtalı-qarlı günlərdən sonra elə ki, Şərur rayonunun Havuş yaylaqlarından yaz nəfəsli külək özünü yetirir, bax, o qoxunun bəxş etdiyi sevinc İbrahim Yusifoğlunun qəlbində misralara çevrilir, "Yenə təbiətin yönü dirçəlir" şeiri yazılır.



Yarpızın, nanənin ətridi vallah

Çəməndən küləyə qoşulub gəlir

Sənin dərgahına min şükür Allah

Yenə təbiətin yönü dirçəlir.



Şair üçün ilk yağan yaz yağışının da öz yeri, öz sevinci var. Qayğıkeş ana kimi, səma da yer üzünü öz ilıq damcıları ilə yuyundurur, bahar libasını-yaşıl donunu geyindirir. Qış yuxusundan oyanmış torpaq bol məhsul vermək üçün qayğı umur insandan. Deyir ki, "Sən mənə tər ver, mən sənə zər" və baharın bu qəlboxşayan mənzərəsindən İbrahim Yusifoğlunun "Bir də ələ düşməz bu yaz yağışı" adlı poetik misralarla dolu şeiri yaranır.



Bir də ələ düşməz bu yaz yağışı

Ay ana təbiət, nurdu elə bil

Boynuna aldığın hər bir toxumun

Bəhrəsi tükənməz olacaq bu il.



Baharın hər bir anı kimi, quşların səsi, oxuduqları nəğmələr şairi ilhama gətirir. Ona yeni şeirin mövzusunu verir. Bülbülün, qızılgülün eşqinə oxuduğu nəğmə, qaranquşların isti yuvalarından qalxan cəh-cəhləri baharı şairə bir daha sevdirir. Quşların nəğmələrindəki ahəngi xoş bir gələcəkdən xəbər verdiyindəndir ki, "Xoşbəxtlik sədası" şeiri yazılır.



Qayıdıb gəlmisən ay qaranquşum

Qayıdıb gəlmisən yenə bahardı

Yenə cəh-cəh vurub nəğmə qoşursan

Səsində xoşbəxtlik sədası vardı.



İbrahim Yusifoğlunun "Çiçəklə, çiçəklə badam ağacı" şeirində baharın gözəlliyi özünəməxsus bir dillə, mahir bir rəssam fırçası ilə təsvir olunmuşdur.

Soyuqdan, sazaqdan qorxmadan çiçəkləyən badam ağacları Azərbaycanımızın inkişafından, iqtisadiyyatımızın bolluğundan xəbər verir.



Səmadan nur yağır yenə hər yana

Tarla da, bağlar da gəlibdir cana

Sən bolluq rəmzisən Azərbaycana

Çiçəklə, çiçəklə badam ağacı.



Şair yarpızın, nanənin ətrinə bürünmüş təbiətin sinəsində səməni bəsləyən ağsaçlı nənələrimizin şirin-şəkər qış nəvələrinə məsləhətlərini, bağlarında qar altında boynubükük bənövşələr boy atanda babalarımızın ilaxır günü tonqal çatan şirbiləkli, aslanürəkli oğul nəvələrinə nəsihətini "Novruz bayramı" şeirində əks etdirmişdir. Bu şeirində xalqımızın ən incə bir adəti-axır çərşənbədə hər kəsin öz ocağı başında olması arzu edilir.



Novruz bayramında gülüş də, söz də

Arzu da, ümid də noğuldu qardaş

Kim ki, macal tapıb gələrsə kənddə

O, elə-obaya oğuldu qardaş.



Novruz bayramı günlərində plov qazanlarını dəmə qoyan analarımız noğulu, qoğalıyla ilk payları Sədərəkdən tutmuş Şahbulağa qədər, Yaycıdan başlamış Havuşa qədər sərhədlərimizi azğın düşməndən qoruyan əsgər balalarımıza, zabit qardaşlarımıza göndərirlər. Sözlü-nəğməli, səməni paylı dəstələr əsgərlərimizin görüşünə gedəndə onlara şən əhval-ruhiyyə bəxş edəndə şair qəlbi, şair ürəyi ilhamla pıçıldayır.



Damıb ürəyimə inan bu bahar,

Deyəsən qan-qada olmayacaqdır.

Bülbülün səsində elə avaz var,

Vaxtsız bir çiçək də solmayacaqdır.



Bəli, İbrahim Yusifoğlunun qəlbində, şeirlərində bir bahar ruhu yaşayır, laləli, nərgizli, nanəli, yarpızlı bahar. Dünyaya nurlu, bolluqdan-bərəkətdən xəbər verən bəhrəli-barlı bahar. Vətənimizin başı üstündən qara buludları dağıdacaq, bizə daha nurlu sabahlar bəxş edəcək bahar. Biz İbrahim Yusifoğlunun bahar ətirli şeirlərində nəğmə oxuyan quşların səsini eşidir, xalı-xalçaya minbir rəng vuran ağsaçlı anaların şirin bayatılarına həmdəm kəsilir, kəpənək dalınca qaçan uşaqların sevincini duyuruq.

AMEA-nın Vitse prezidenti, akademik İsa Həbibbəyli deyir: "İ.Yusifoğlunun palitrasında "Baharın tacı" bənövşənin və badam ağacının rəng çalarları üstünlük təşkil edir. Adama elə gəlir ki, İbrahim Yusifoğlu Şərurun qonur, çılpaq dağlarını və Arpaçay vadisini ala-seyrək çiçəkli badam ağacı sifətində görür". Həyatı barmaqları bənövşəyi mürəkkəbli, şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun bir çox misraları isə həm rəng çalarlarına, həm də poetik mənasına görə bənövşə çiçəyinə bənzəyir. Bəlkə də belə demək mümkündür ki, İ.Yusifoğlunun şeir yaradıcılığı bütövlükdə sanki badam ağacında bənövşə çiçəyidir".

Akademik İsa Həbibbəylinin səmimi, ürəyəyatan sözlərinin təsiri altında İbrahim Yusifoğluna "Bənövşə çiçəkli badam ağacı" şeirinin bir bəndi ilə yaradıcılığına qəlbən vurulduğumuzu bildiririk.



Beləcə göylərtək duru olarsan,

Sözün, şeiriyyətin eldən gələndə.

Belə ömrə necə vurulmayasan,

Badamı bənövşə çiçəkləyəndə.



ADİLƏ SƏFƏROVA

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi