adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Aprel 2017 16:41
5830
MƏMLƏKƏT
A- A+

İnternat məktəblərinin məzunları üçün aşpazlıq kursları keçirilir

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi (SUK İB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihəyə start verib.

Layihə çərçivəsində Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan, potensial insan alveri qurbanları olan internat məktəblərini bitirmiş məzunlar üçün 3 ay müdətində 30 nəfər gənc qız və oğlanlara aşbazlıq kursları keçiriləcək. Kursu uğurla bitirənlərə sertifikatlar veriləcək.

Kurslarla yanaşı, gənclərə 3 ay ərzində pulsuz hüquqi və psixoloji yardım da ediləcək. Layihənin sonunda bu gənclərin işlə təmin olunmasına da köməklik göstəriləcək.

SUK İB-in sədri Məlahət Abbasova bildirib ki, insan alveri problemi günümüzün ən təhlükəli bəlalarından biri olaraq qalır: "Bu cinayətkarlıqla məşğul olan cinayətkarlar hər zaman cəmiyyətin ən həssas qruplarını aşkarlayıb, onları öz torlarına salırlar. Belə qruplardan biri də internat məktəblərini bitirən, işsiz, məlumatsız, heç bir peşəyə, sənətə malik olmayan insanlardır”.

QHT sədri onu da əlavə edib ki, təşkilatın nümayəndələri bir neçə ay əvvəl orada oldu və şəraitlə maraqlandı: "Biz orada olduğumuz zaman həmin gənclərlə görüşüb, söhbət etdik. Onların ən böyük şikayətlərindən biri heç bir peşənin sahibləri olmamaları, işsizlik idi.

Biz onlara öz təklif və tövsiyələrimizi bildirərkən onlar bizə hər hansısa kurslarda (xüsusən aşpazlıq, kompyuter, saç, makiyaj ustası, dərzilik kimi peşələr və s.) iştirak etmək istədiklərini bildirdilər. Əməkdaşlarımızla bunu dəyərləndirərək əmək birjasını da gözdən keçirib, Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan, internat məktəbinin keçmiş məzunları üçün aşpazlıq kurslarını təşkil etməyi qərara aldıq”.

Qeyd edək ki, layihə 2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edəcək.