adalet.az header logo
  • Bakı 7°C
16 Aprel 2017 14:57
224914
RUBRİKA
A- A+

Şabranın ən ağır seyidi haqqında bilinməyənlər: Atalığı Ağ Seyidi niyə öldürmək istədi? (I hissə) - FOTOLAR

İstiqamət Şabran rayonunadır. Ağ Seyidin yaşadığı ünvana. Deyilənə görə çox ağır seyid olub. Bircə dəfə əl çəkdisə, olacağına heç kəs şübhə edə bilməzmiş. Səfərimizdə sanki seyid dürüstlüyü, seyid dünyagörüşü və seyid dahiliyi anlayışlarını kəşf etdim. Məhz Ağ Seyid də belə şəxslərdən biri olub. Dəvəçikənddə bir neçə seyid var. Ancaq hamısı Ağ Seyid Mir Ələkbəri əsas cədd sahibi hesab edirlər. Onun daxilindəki vəhyin, uzaqgörənliyin şöhrəti nəinki Şabran, hətta Dağıstana qədər gedib çıxmışdı. Yol boyu nəvəsi Bəhruz İsmayılzadə ilə baba haqqında söhbətlər edirdik. Hiss edirdim ki, ağanın böyüyüb boya-başa çatdığı Dəvəçikənddə hələ çox əhvalatlar eşidəcəm. Səfərimizdən danışmamışdan əvvəl istərdim Ağ Seyid haqqında qısa məlumat verim.

Əsl adı Mirələkbər olub. 1915-ci ildə Xaçmazın Çarxı kəndində dünyaya gəlib. Ana tərəfi əslən cənubi Azərbaycandan olub. Ailənin ilk övlad olan Mir Ələkbər iki bacının qardaşı idi. Atası İsmayıl seyid olub. Həmişə ağ libas geyinərdi. Ona görədir ki, oğlu Mir Ələkbəri də Ağ Seyid deyə çağırardılar. Ağ Seyid Mir Ələkbər ağanın 14 övladı olub. O vaxtlar insanların tibbi savadı olmadığına görə, Ağanın 6 övladı hələ uşaq ikən dünyasını dəyişib. 8 övlad böyüdüb, onlardan ən böyüyü Mir İsmayıl 2007-ci ildə dünyasını dəyişib. Hazırda 7 övladı Fatimə, Mirqafar, Mirsaleh, Mirsahib, Ünbül, Həbibə və Zəhra həyatdadırlar.

Yol boyu başladığımız işin məsuliyyətini anlamağa çalışırdım. Bəzən inanırdım ki, ağanın cəddi də bu işdə bizə kömək olacaq. Şabrana maraqlı cümlələri yazmaq düşüncəsi ilə deyil, bir az da həqqiətləri oxuculara çatdırmaq məramı ilə gedirdik. Bəhruz müəllim də mənimlə razılaşırdı ki, camaat adi möcüzələrə cəfəngiyyat gözü ilə baxır. Həqiqətən elədir, müasir texnologiya və innovasiyalar dövründə elmin, savadın pik mərəhələdə olduğu zamanda seyid möcüzələri ancaq yaşlı və inanclı nəsil üçün əlahiddə sayıla bilər. Gənclərimizin, xüsusən də "Mən allaha inanıram” şüarı ilə sevgi yox, qorxu ilə yaşayan nəslin düşüncələrinə seyidliyi sıradan deyil, sübut və elmiliyi ilə çatdırmaq lazımdır. Bax əsasən düşüncələrimdə yer alan məqam bu idi. Yol boyu fikir mübadiləsi aparakən vaxtın necə keçməsi də diqqətimizdən yayınmışdı. 2 saatlıq yol sanki bir neçə dəqiqə sürdü. Bəhruz İsmayılzadə Ağ Seyidin kiçik nəvələrindən biridir. Hazırda tibbi marketoloq və tibb sahəsində tanınmış ekspertlərdəndir. Eləcə də, digər nəvələri Vidadi rayon bazarının rəhbəridir. Feyruz və Siyrus hərbi qulluqçudurlar. Babanın oğlanlarından Mir Qafar, Mir Sahib və Mir Saleh də hərbçi olublar. Mir Sahib Qarabağ döyüşlərində ağır yaralanıb, qazidir. Ağanın digər nəvəsi Natiq isə Qarabağ müharibəsinə könüllü qatılmış, şəhidlik zirvəsinə ucalmışdır. Ağ Seyidin hərbçilərə xüsusi simpatiyası vardı. Mir İsmayıl evin böyük oğlu olub. O vaxtı ailənin böyük oğlu işləyib özündən kiçik bacı-qardaşlarına baxırdı. Ona görə onu hərbi xidmətdən saxladılar. Lakin Ağa oğlu Mir İsmayılın hərbi mundir geyinməsini istəyərdi.

Nəhayət ağanın yaşadığı kəndə gəlib çatdıq. Bizi Ağ Seyidin qızı Həbibə xanım və kürəkəni Aslan bəy qarşıladı. Yavaş-yavaş hiss edirdim ki, buranın insanları çox mehriban və səmimidirlər. Ağ Seyid haqqında dolğun məlumat verməyə hazırdılar. Əvvəlcə Aslan bəy Ağa haqqında xatirələrini danışdı. Deyir, cəddi çox ağır olub, həm də şəfalı əlləri olub. Ağa uzaqgörən adam idi:

"Mənim böyük oğlum hazırda orduda kapitandır. Ağa onu çox istəyirdi, uşaq vaxtı demişdi ki, oğlumun çöpçü pulunu özü verəcək. Biz hər dəfə çöpçü yanına gedəndə Ağanın evinin qarşısından keçirdik, bizə pul verirdi. Bir gün onun evinin qarşısından keçəndə Ağanı görmədik. Qayıdanda isə qapının ağzında oturmuşdu, bizi görcək çağırdı yanına soruşdu ki, haradan gəlirsiniz. Dedik, çöpçüdən. Çıxarıb pul verdi. Sonra işarələrlə başa saldı ki, bir də çöp olmayacaq. Elə o gündən çöpçüyə getmədik”.

Qızı Həbibə xanım da söhbətə qoşulur:

"Atam bizim oxumağımızı istəyirdi, mən də həkimliyi seçmişdim. Bilirsiniz ki, tibblə seyidlik uyğun gəlmir. Atamın yanına xəstələr gələndə bir az çəkinirdim. Çünki atamın onları tibbi savadı olmadan necə müalicə edəcəyi məni bir növ qorxuya salırdı. Kənddə bir uşağın başında irinli yara meydana gəlmişdi. Buna tibbdə sulu dəmro deyirlər. Ağanın yanına gətirdilər, bir qab su götürüb həmin uşağın başına çilədi, sonra məni bağa çağırdı. Bağda yerdən ot qoparıb əvvlcə möhkəm burdu sonra daşın altına qoydu. Yanına gələnlərə dedi ki, siz gedin, uşaq sağalacaq. Bir ay keçəndən sonra həmin daşın olduğu yerə gəldik, ağa daşı qaldıranda gördük ki, həmin ot saralıb. Həmin uşağın isə başında bir dənə də olsun yara qalmamışdı. Ağa döndü, mənə dedi ki, gördün, qorxmaq lazım deyil. Sadəcə, ağa bilirdi ki, həmin yara ot saralanadək sağalacaq”.

Bizi Dəvəçikəndə gətirən səbəblərdən biri də Ağ Seyidin yaşadığı ev idi. Övladları deyir ki, onun balaca bir daxması vardı. Hazırkı ikimərtəbəli evi sonradan özü tikdirib. Hazırda orada qızı və oğlu ailələri ilə yaşayır. Həmin daxma isə sökülüb və yerində kiçik bir quyu var. Kənd camaatı indinin özündə də Ağanın cəddinə pənah gətirirlər.

Kiçik oğlu Mir Sahib Qarabağ döyüşçüsüdür. Ağ Seyid Mir Ələkbər ağa dünyasını dəyişəndə uşaq olub, amma atası ilə bağlı bəzi xatirələri var. Deyir ki, seyidlik atadan övladlara da keçir. Şiddətli döyüşlərin getdiyi ərəfədə Mir Sahib dəfələrlə ölümdən xilas olub. O, atasının cəddinin müharibə vaxtı da onun xilasına çatdığından danışır:

"Məni artıq əsgərlikdə seyid övladı kimi tanıyırdılar. Bir neçə dəfə düşmən hücumlarında, pülemyotların güllə yağışı altında qalmışam. Dəfələrlə yanımda partlayışlar olub, amma mən möcüzə nəticəsində sağ-salamat qurtulmuşam. Buna görə artıq əsgər yoldaşlarım da get-gedə inanmağa başlayırdılar ki, məndə seyidlik əlamətləri var. Yadımdadır, bir dəfə düşmən üzərimizə pulemyotlarla hücuma keçəndə yoldaşlarım hamısı yanıma qaçdılar. Əslində bu mənə qəribə gəlirdi. Sonra öyrəndim ki, seyid övladı olduğum üçün Ağanın cəddinə pənah gətiriblər (gülür). Həqiqətən də möcüzəvi şəkildə xilas olduğum vaxtlar olub”.

Ağanın kiçik qızı Ünbül xanımın atası ilə xatirələri daha çox idi. Çünki evin sonbeşiyi kimi Mir Ələkbər ağanın da sevimli qızı idi. Qaldığı bu mənzil də ona Ağadan yadigardır. Ünbül xanım xatirində qalan hadisələrdən danışır:

"Bizim kəndin o vaxtlar Mövsüm adlı koxası vardı. Onlar dəstə kimi kənddə kimin qoyun-quzusu var gəlib, alıb aparırdılar. Bir növ bu kənddə özbaşınalıq hökm sürürdü. Atam rəhmətlik Ağ Seyid isə heç vaxt onlara güzəştə getmirdi. Koxalar Ağanın cəddindən çəkinirdilər. Həmişə fürsət axtarırdılar ki, o evdə olmayanda gəlib qoyun-quzularımızı aparsınlar. O vaxtı da çox idi mal-qaramız. Yadımdadır ki, atam da güclü ov edən idi, anama tüfənglə atmağı öyrətmişdi ki, qapıya gələn olsa, evi müdafiə eləsin. Ağamız anam Hökümə xanımı çox istəyirdi, 72-ci ildə anam rəhmətə gedəndən sonra atam artıq əvvəlki şən, gülərüz, zarafatcıl insan olmadı. Özünə qapanmışdı, ömrünün sonlarına kimi belə yaşadı, 79-cu ildə gözlərini əbədi yumdu. Bəlkə də anam vaxtsız dünyasını dəyişməsəydi, başqa cür olardı”.

Ağanın nəvəsi Bəhruz müəllim söhbətə qonaq olur:

"Ağ Seyid Ağanın məzarına bayram ərəfəsində gedə bilmirik. Orada insan əlindən tərpənmək olmur. Biz də adətən adi günlərdə babamızı ziyarət gedirik. Şamaxıdan, Göyçaydan, Hacıqabuldan, Bakıdan, hətta Dağıstandan belə gəlib babanın məzarını ziyarət edirlər”.

Elə Ağanın evində söhbətimizi başa vurub yollandıq onun məzarını ziyarət etməyə. Yolda bir darvazanın ağzında əylşəmiş yaşlı kişi vardı. Maşını saxlayıb yad insanlar kimi Ağanı ondan soraqladıq.

-Salam əleyküm

-Əleykümə salam, oğul.

-Dayı, bu kəndə Ağ Seyid yaşayıb, tanıyrısız onu?

-Onu tanımayan varmı?!

-Necə bir adam olub?

-Vallah, dahi insan idi, möcüzəli adam olub.

Çox danışana oxşamırdı. Yola davam etdik. Heç arxamızca da baxmadı.

...Rayon qəbirstanlığında Ağ Seyidin ömür- gün yoldaşı Hökümə xanımla yan-yana məzarını tanımaq heç də çətin deyildi. Qəbir daşları yaxınları tərəfindən bərpa olunub, hər iki qəbir üzərində məqbərə tikilib. Bəhruz müəllim bu məzarlarla bağlı söylədi ki, baba ilə nənənin qəbri Norveçdə yaşayan nəvəsi Şahin tərəfindən ayrılan maliyyə hesabına bərpa olunub.

Hələ qarşıda bizi Ağa haqqında daha doğlun və maraqlı hadisələri bilən böyük qızı Fatimə xanımla görüşümüz gözləyirdi. Xatırladım ki, Fatimə xanım Qarabağ döyüşlərində şəhid olmuş Natiqin anasıdır. Fatimə ana Dəvəçikənndə tək yaşayır. 70 yaşı var.

Ağanın İran taleyi

Fatimə ana ilə görüşməmişdən bir gün əvvəl icazə almalı olduq. Həyatın acı üzlərini görmüş bir insanın sorğu-suala halı varmı, yoxmu əvvəlcə bunu bilməliydik. Bacısı oğlu Bəhruzu çox istədiyindən, ona yox deyə bilməzdi. Sözsüz ki, bizi çox gözəl şəkildə qarşıladı.

Qeyd edim ki, Fatimə xanım sovet dövründə Ali Sovetdə çalışıb.

Ağ Seyidin şəxsi həyatı və taleyi çox mürəkkəb və ağrılı olub. Bizə dedilər ki, Ağa haqqında ən dolğun informasiya onun böyük qızındadır. Yəni Fatimə ata-anasının keşməkeşli taleyini olduğu kimi bizə danışa bilər. O, atası haqqında danışır, hiss olunur ki, üzündə qüssə yaranmağa başlayır, gözləri parıldayır. Həqiqətən də Ağ Seyidin taleyi insanın ürəyini ağrıtmaya bilməz. Bütün olanlar tarixə gömülsə də, öz qüvvəsi ilə ürəklərə təsir edir. Fatimə ana özündə güc tapıb qarşımzda əyləşdi. Diktofonu işə salmışdım. İndi artıq söz onda idi. Heç sual da verməyimizə ehtiyac qalmadı, o söhbətə başladı:

"Atamın dili 5 yaşından tutulub, onun Şeyda adlı atası vardı, çox qəddar adam olub. Bir dəfə atam uşaq olanda ona patronlar verib ki, aparıb quyuya atsın. Quyuda isti kömür yanırdı. Atam patronları quyuya atar-atmaz böyük partlayış oldu. Amma Allahın sevimli bəndəsi imiş məyər, oradan sağ-salamat çıxdı. Amma partlayışın səsindən qulaqları eşitməz oldu. Bir-iki gündən sonra bildilər ki, qorxudan dili də tutulub”.

Burada bir haşiyəyə çıxım. Bakıda görüşdüyümüz Ağ Seyidin oğlu Qafar müəllim deyir ki, Ağanın ikinci atasından ögey bacısı var idi. Şeyda qızını Ağaya qısqanırdı. Bu hadisənin olmasının da səbəbi məhz qısqanclıqdır.

Qayıdaq Fatimə anayla söhbətimizə. Fatimə ana deyir ki, Ağanın seyidliyi və kəraməti ellərə bəlli idi:

"Milisindən tutmuş, kəndçisinə qədər seyidin cəddindən qorxurdular, ona sığınırdılar. Lal olduğuna görə atama qız verən də yox idi. Həm də arıq-cılız bir adam idi. Kəndin qəlbiqara camaatı qızını ona vermirdi. Abdulla adlı mömin bir adam vardı. Böyüklərimiz onun qızını istəyən ərəfədə o kəndin qəlbiqara camaatının tənə-danlağına məhələ qoymadı, razılıq verdi.

"Xala, bir az İran hadisələrindən söhbət elə” - Bəhruz bəy məni qabaqladı.

Fatimə ana dərindən köksünü ötürüb danışamağa başladı:

"Nənəm Fatimə əslən İrandan idi. Repressiyadan qabaq köçüb Xaçmazın Çarxı kəndinə gəldilər. Onda atam hələ dünyaya gəlməmişdi, anamın qarnında idi. 4-5 ildən sonra babam Seyid İsmayıl rəhmətə getdi, nənəm Şeyda adlı biriylə ailə qurdu. O da evə gələndən atama gün verib, işıq vermirdi. Babam seyid olduğuna görə rəhmətliyin evinə tez-tez gəlib cəddinə pənah gətirirdilər. Hər gələn ənam, bəxşiş verib gedərdi. Həmin bəxşişlər də babamın cəddini ötürdüyü atam Seyid Mir Ələkbərə verilirdi. Şeyda atası da buna göz yuma bilmirdi, bala. Nəfsi o qədər güc gəldi ki, axırda atamı öldürmək istədi. Sonra da bilirsiniz də. Atam bu müsibətdən xilas olandan sonra Şeyda çox yaşamadı, öldü. Bilirsən, bala, hərdən fikirləşirəm ki, bu da atamın seyidliyindən olub. Allah sevimli bəndəsini belə amansızıqlardan qoruyurub hər zaman. Daha sonra Məmmədqulu adlı bir kişi vardı kəndimizdə, nənəmi çox istəyirdi, onunla evləndi. Fatimə xanımın Məmmədquludan 3 övladı dünyaya gəldi. Hazırda onların ikisi sağdı, İranda yaşayır. Bunları anam mənə danışardı”.

Məmmədqulu bəy Ağ Seyidi uşaq vaxtı Xorasana aparır. Orada güclü ziyarət ocaqları vardı. Regionun müxtəlif səmtlərindən gəlib şəfa tapanlar, dili açılanlar olub. Xorasandan yayılan bu səda da Mir Ələkbər seyidin ailəsinə ümid yeri olmuşdu. Ancaq görünür tanrı onun dilinin acılmasını rəva bilmədi. Ağa Xorasana gedəndə orada 7 gün yatmadı. Ziyarətdəki dindarlar da, orada müalicə edən həkimlər də belə bir hadisənin ilk dəfə şahidi olurdular. Dedilər, bu iş məqbul deyil. Ağanın dili açılmadı, qayıtdılar Dəvəçikəndə”.

Ağanın növbəti ağır günləri 1937-ci ildən sonra başlayır. Qeyd elədiyimiz kimi, anası Fatimə xanım və Atası Məmmədqulu bəy Cənubi Azərbaycandan olduqları üçün onların da adı geri qayıdanların siyahısında idi.

Fatimə ana deyir ki, Ağ Seyid Azərbaycan vətəndaşı olduğu üçün onun valideynləri ilə birlikdə İrana köçməsi də məcburi deyildi: "Atamın əlində buranın vətəndaşı olduğuna dair sənədləri vardı, o vaxtki "paravoz” gəlib nənəmgili aparanda əvvəlcə atam da onlarla gedirdi. İrana yola düşmək üçün Bakıya qədər gəlmişdi. O son anda fikrindən daşındı və "paravoz” tərpənəndə minməkdən imtina etdi. Gömrüyün adamları atamı tutub şöbəyə aparanda məlum oldu ki, onun vətəndaşlıq sənədləri Azərbaycana məxsusdur”.

Həyat yoldaşı Hökümə xanımın əsli Dəvəçidən idi. Onun isə yaxınları İrana getməsinə icazə vermədi. Ağ Seyid Mir Ələkəbər ömür gün yoldaşı ilə Dəvəçidə qaldılar. Valideyn həsrəti bax o gündən başladı. Sonralar anasını görmək imkanı olsa da bu, uğursuzluqla nəticələndi və Ağ Seyid 37-ci ildən sonra valideynlərini heç vaxt görə bilmədi...

Rüfət Soltan