adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Aprel 2017 15:05
45688
ƏDƏBİYYAT
A- A+

Dünya ədəbiyyatının ən kədərli obrazı - SORĞU

Oxuduğumuz əsərlər zaman keçdikcə yaddaşımızda hopub qalır. Əsərlərdəki obrazlar tez-tez yadımıza düşür. Dünya ədəbiyyatında bir çox obraz var ki, əsərin müəllifindən çox yaddaşlarda qalıb. Bəzən kədərli obrazlar bizə kimlərisə xatırladır, unutdurmur.

Adalet.az yazıçı, şairlərə sorğu ünyanlayıb – "Dünya ədəbiyyatında ən kədərli obraz sizcə hansıdır?” Cavabları təqdim edirik:


Yazıçı Səfər Alışarlı: "Bu suala cavab olaraq bir obrazdan danışmaq mümkün deyil. Kədərli obrazlar çoxdur, əslində bütün əsərlərin mayasını kədərli obrazlar təşkil edir: məsələn, Məmmədhəsən əminin böyründə Xudayar bəy oxucunu kədərə yuvarlayacaq qədər heyvərə deyilmi? Və yaxud sovet ədəbiyyatında yüzlərlə yelbeyin kommunizm fədaisi, mənim fikrimcə, kədərli obrazlardır. Dostoyevskinin, Çexovun, Tolstoyun əsərləri büsbütün belə obrazlardan ibarətdir. Bu zirvədə mən Andrey Platonovu xüsusilə seçərdim: aclıqdan südəmər övladına zəhər verib öldürən və onun əzablardan qurtularaq dərhal cənnətə düşməsi ilə təskinlik tapan anadan kədərli nə ola bilər?”


Yazıçı Şərif Ağayar: "Don Kixot. Bilmirəm, nədənsə bu romanı uşaq vaxtı oxuyanda Don Kixota gülmək əvəzinə ona ağlamışdım. Sonralar gördüm ki, uşaq intuisiyam inanlmaz dərəcədə güclü imiş. Dünyada nəinki obrazlar arasında, ümumiyyətlə insanlar arasında Don Kixotdan kədərlisini tanımıram.”


Şair Qismət Rüstəmov: "Qreqor Zamza üçün dünən, bu gün, sabah yoxdu. O, Kafkanın bütün personajları kimi əvvəlcədən cəzalandırılıb. Çıxılmazlığının miqyasına görə ən dəhşətli obrazlardan biridir.”


Yazıçı Nəriman Əbdülrəhmanlı: "Dünya ədəbiyyatında ən kədərli obraz mənə görə Migel Anxel Asturiasın "Mais adamlar" romanındakı Qoyo Yik obrazıdı. Romanı çevirəndə onun qüssəsini çatdırmaq üçün xeyli çətinlik çəkdim.


Şairə Rəbiqə Nazimqızı: "Ursula. Yüz ilin tənhalığı. Əslində, o əsərin bütün qəhərmanları kədərlidir, Melkiadesi də deyə bilərdim. Amma Usrulanın kədəri başqadır, ola bilsin, fədakarlığı mənim gözümdə onu bir qədər də ucaldır...”


Yazıçı Azad Qaradərəli: "Təbii ki, bu mənimçün Kvazimodadır. Ancaq mənim son romanım "Əllidən bir kəm"də bir obraz var - Məhəmməd Əhmədzadə, elə onu da ən kədərli obraz kimi bilirəm. Kədərini yüz dəvə çəkməz.”


Yazıçı Kənan Hacı: "Çoxdu belə obrazlar. Bussatinin "Tatar çölü" romanındakı Covanni Droqo dünya ədəbiyyatında bəlkə də ən kədərli, ən çarəsiz obrazdır. Eləcə də Balzakın Qorio atası "Səfillər"dəki Fantina..."


Şair Cəlil Cavanşir: "Mənim üçün ən kədərli obraz Tom dayıdır. Tom dayının həm ictimai, həm də şəxsi mənada məhv olması və bununla razılaşması məni həmişə incidib. Mənə elə gəlir ki, Tom dayı əzabkeş və məzlum olmaqdan əlavə kədəri simvolizə edir.”


Yazar Ayxan Ayuvaz: "Qvazimoda. "Paris Notr-Dam kilsəsi"nin ən qəmli obrazı. Və məncə dünya ədəbiyyatının ən qəmli obrazı.”


Şair Aqşin Evrən: "İlk olaraq ağlıma "Çevrilmə"dəki Qreqor Zamza gəldi. Onun tənhalığı, kədəri təkcə insan, cəmiyyət prizmasından deyil, həşərat prizmasından da dəhşətli idi.”


Yazar Günel Natiq: "Mənim üçün dünya ədəbiyyatında ən kədərli obraz Don Kixotdur. Bilirsiniz ki, Servantes onu həbsxanada olarkən yazıb və roman boyu biz müəllifin məyusluğunu, ümidlərini və çıxılmazlığını hiss edirik. Don Kixot- qoca romantik və idealist- bütün həyatı boyu real həyatdan çox-ox uzaqlarda özünün yaratdığı- harda ki, məşhur ədəbiyyat qəhrəmanları-cəngavərlər vardı və onlar ədalət uğrunda mübarizə aparırdı,- dünyada yaşayır. Nəhayət ahıl çağında o özü cəngavər yolunu keçmək istəyir. Onu bəsit düşüncəli həmkəndliləri əhatə etsə də, çətinliklər yalnız uydurulmuş olsa da, əjdahaların yerinə yel dəyirmanlarıyla döyüşsə də, Don Kixotun daxili gözəlliyi, nəcibliyi və cəngavər ruhu həqiqi idi... Kədərli gülüş bütün əsər boyu qəhrəmanı müşayiət edir və onun bütün mahiyyəti də elə bu xəfif kədərin içində gizlidir.”


Şairə Könül Arif: ""Məni ən çox ağrıdan obraz Qreqor Zamza olub. Bunu həm də biçarə heyvanlara, həşəratla olan zəifliyimə bağlayıram. Mən elə adamam ki, ağcaqanaddan başqa yanımda heç bir həşəratı öldürə bilməzlər. Atası kürəyinə alma atanda Qreqorun divara dırmaşarkən "divara dırmaşmaq atama hörmətsizlik olar" düşünməsində bir alicənab iztirabı var ki, bu da başqalarının iztirabından qat-qat ağırdır, sanki sən, öz yükün azmış kimi, bu dünyada bütün axmaqların da yükünü çəkərək altda qalıb əzilirsən. Təbii ki, onlar kimi heç vaxt ağrımaz kimsə. Qreqor Zamza - Kafkanın ürək ağrılarıdır"


Yazar Çinarə Ömray: "Nikita Mixalkovun Andreyi və Cevahirlel Nehrunun "Qizima mektublardan" Mahatma Gandi.”