adalet.az header logo
  • Bakı 17°C
17 Aprel 2017 12:49
28488
GÜNDƏM
A- A+

Vətən uğurunda şəhid olan İGİDİMİZ

Atın məni tank altına

Qarşımdakı bir körpəni xilas edim!

Səni, onu xilas edim!

Məmməd Araz

18 aprel - bu gün Nazim Cəbrayılovun xatirə günüdür. Qarabağda hamının tanıyıb hörmət etdiyi Nazim İbrahim oğlu Cəbrayılov Qarabağ torpağının azadlığı uğrunda öz şirin canından keçdi. 18 aprel 1994-cü il 18 aprel 2017-ci il. İllər keçəcək, qərinələr ötəcək, qan yaddaşımızda Nazim kimi qəhrəmanlarımız əbədi yaşayacaq.

Vətən, torpaq, yurdsevərlərimizin çoxu şəhid oldu bu elan olunmamış Qarabağ müharibəsində Nazim Cəbrayılov kimi.

Ehtiyatda olan leytenant Nazim Cəbrayılov N saylı hərbi hissədə hərbi xidmətə başladı. Az vaxt ərzində öz döyüş yoldaşları arasında özünün təşkilatçılıq bacarığı, qorxmazlığı ilə fərqlənən Nazim Cəbrayılov neçə-neçə döyüşlərdə nümunə göstərdi. Sonradan N hərbi hissədə taqım komandiri kimi hərbi xidmətini davam etdirərək Cəvahirli, Kosalar, Salahlı-Kəngərli kəndləri uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasının, canlı qüvvəsinin məhv edilməsində cəsurluq göstərmişdir. Bu döyüşlərdə o, zabit heyəti içərisində özünün komandirlərə xas, dərin hərbi bilik, döyüşdə hadisələrin gedişini əvvəlcədən duyub lazımi tədbirlər görmək qabiliyyətinə malik, tabeliyindəki şəxsi heyətə qarşı ədalətli və qayğıkeş bir komandir kimi göstərmişdir. Nazim suveren, müstəqil Azərbaycanın dövlət mənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda öz borcunu layiqincə yerinə yetirmişdir.

Hələ şəhidlik zirvəsindən öncəki günlərdən missal gətirək. 13 aprel 1994-cü il tarixdə saat 6-00 radələrində bir BTR və 50 əsgər ilə düşmən Cavahirli kəndi yaxınlığında yerləşən, Nazim Cəbrayılovun komandiri olduğu taqım üzərinə hücuma keçmişdir.

Nazimin düzgün komandirliyi nəticəsində düşmənin bir BTR-i və 30 əsgəri məhv edilmiş və taqımın dəyanəti nəticəsində düşmən əsgərlərinin cəsədini belə apara bilməmişdir.

Bu hücumun müvəffəqiyyətlə qarşısının alınması nəticəsində düşmən nəzərdə tutduğu hücum əməliyyatını genişləndirə bilməmiş və ağır itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Nazimin komandirlik etdiyi taqımın əsgərləri Kosalar, Cəvahirli, Salahlı, kəngərli və başqa kəndlərin düşməndən dəf edilməsində və müdafiəsində igidliklə dayanmış, uğurla keçirilmiş əməliyyatlarda onlarca düşmən əsgəri və texnikasını məhc etmiş, atəş nöqtəsini zərərsizləşdirmişdi.

Nazim və onun silahdaşları torpaqlarımız qaniçənlərdən tamam təmizlənməyənədək silahları yerə qoymayacaqlarına and içmişdilər. Onlar öz andlarına sadiq qaldılar. Son nəfəslərinə qədər düşmənlə vuruşdular. Son döyüş isə Cəvahirli kəndi ətrafında baş vermişdi. Əfsuslar olsun ki, Nazimin döyüş yolu yarıda qaldı…

1994-cü il aprelin 18-də düşmən zirehli texnika və xeyli əsgərlə Nazimgilin qoruduğu mövqelərə hücuma keçirlər. Düşmənin ilk qüvvəsi rotanın ağır zərbəsi nəticəsində geri oturdulur. Lakin məkrli düşmən qəzəblənərək güclü qüvvələrlə yenidən hücuma keçir. Əsgərlərimiz nə qədər hazırlıqlı olsalar da düşmən texnika sarıdan onlardan üstün idi. Xeyli döyüşdən sonrat Nazimin taqımı geri çəkilməli olur. Bu zaman Nazim vaxt qazanmaq üçün özü səngərdə qalır. Heyətin itkisiz geri çəkilməsinə şərait yaradır. Düşmən tanklarından biri düz onun üstünə gəlir. Nazim onu yaxına buraxaraq qumbaraatanın sərrast atəşi ilə susdurur. Düşmən hiddətlənərək daha bir tank göndərir. Nazim yaxınlaşmaqda olan tankı qumbaratanla vura bilməyəcəyini başa düşüb son qərarını verir.

Nazim və onun bölüyü üçün 1994-cü ilin aprel ayının 18-i son döyüş oldu. Düşmənlə amansız çarpışmada son qanınadək vuruşan komandir və böyük əsgərləri qəhrəmanlıqla həlak oldular. Yalnız iki nəfər xilas ola bilmişdi, onlar da ağır vəziyyətdə idilər. Şahidlərin söylədiyinə görə, Nazim son nəfəsdə «Vətən uğrunda!» hayqıraraq qumbaranı belinə bağlamış və heç olmasa bir düşmən texnikasını sıradan çıxarmaq naminə tankın altına atmış və onu partlatmışdı. Və, beləliklə, özü həlak olmuş, tankı ilə sıradan çıxarmışdı. Düşmən tərəf ondan o qədər yanıqlı idi ki, hətta meyidinin qalıqlarını da vermədi. Atəşkəsə isə cəmi barmaqla sayılacaq günlər qalırdı! Bu ərəfədə Nazim Cəbrayılov öz ölümü ilə düşmənə acı bir dərs verdi və sübut etdi ki, Azərbaycan zabiti və döyüşçüsü ölər, amma təslim olmaz.

İgid ölər, adı qalar!

Nazim cismən dünyasını dəyişsə də, əbədiyaşar qəhrəman kimi dostlarının, tanıyanların, ümumiyyətlə, xalqımızın qəlbindədir. Mərd, cəsur, hünərli və vətənpərvər oğul kimi.

Cəbrayılovçular. Onlar 28 nəfər idilər. 26-sı şəhid oldu: «Arxamızda Vətəndir!».

Cəbrayılovçular öldülər, səngəri tərk etmədilər, çünki arxalarında Vətən idi!

Ümummilli liderimiz Heydər Əliyevin «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında» 24 iyun 2003-cü il tarixli fərmanı ilə baş leytenant Cəbrayılov Nazim İbrahim oğlu ölümündən sonra «Azərbaycan bayrağı» ordeninə layiq görülüb.

Su gələn arxa bir də gələr. Bu torpaqda hələ çox Nazimlər doğulacaq. Nazim kimi oğulları olan yurdun isə bir qarış torpağı da yağıya qala bilməz!

Xalqımızın cəngavər oğlu düşmənlə mübarizədə həyatını itirməkdən çəkinmədi. Təki murdar erməni ayaqları bu müqəddəs torpağa bir də dəyməsin.

Tanrı hər bir insanın alın yazısına möhür vurur. Bu möhür müqəddəs möhürdü. Elə buna görə də, «Yazıya pozu yoxdur», - deyirlər. Və bu dünyada heç kəs tale yazısından qaça bilmir. Nazim Cəbrayılovun da taleyinə Vətən yolunda şəhid olmaq yazılıbmış.

Tarix sübut edir ki, qəhrəmanlar unudulmur, əbədi yaşamaq üçün əməlləri, hərəkətləri ilə bizlərə örnək olurlar. Nazim də Azərbaycan torpaqları, onun suverenliyi yolunda şəhid olduğuna görə heç vaxt unudulmayacaq.

Bu anda dahi şairimiz Hüseyn Cavidin gözəl deyimi yada düşür: «Ölüm var ki, həyat qədər dəyərli».

Ailənin yeganə arzusu bu gün məzarı olmayan Nazimin Şəhidlər Xiyabanında heç olmasa kiçik bir nişanəsinin olmasını istəməsidir. Heç olmsa şəhidlərimizin qəbrini ziyarət edəndə atalarının da adını bir dəstə güllə yad etsinlər və bir az da olsa təskinlik tapsınlar.

İnanırıq ki, Bakı şəhər rəhbərliyi onların bu arzusunun həyata keçməsində yardımçı olacaqlar

Ruhun şad olsun, qardaşım!

Tezliklə doğma torpaqlarımızda görüşmək arzusu ilə


Rüstəm HACIYEV


***


NAZİM


Özünü dar gündə dada yetirdi,

Dayandı səngərdə diqqətlə Nazim.

Yurdu xəyanənə qurban gedirdi,

Barışa bilmirdi qarətlə Nazim.

Qoşuldu döyüşə, igid şir oldu,

Koroğlu gücünə o qadir oldu.

Tezliklə taqıma komandir oldu,

Atıldı irəli heyrətlə Nazim.

Mən zəfər səsiylə dinəcəm! – dedi,

Düşməni məhv edib, yenəcəm! – dedi,

Narahat olmayın, dönəcəm! – dedi,

Görüşüb, gedərkən külfətlə Nazim.

Analar göz yaşı içməsin deyə,

Kədər ömürləri biçməsin deyə.

Düşmən, torpağıma keçməsin deyə,

Atıldı tank alta cürətlə Nazim!

İndi olub adı dillərdə əzbər,

Keçdi öz canından, vermədi səngər.

Ölümü Cavad xan ölmünə bənzər,

Can verdi möhtəşəm qeyrətlə Nazim.

«Bayraq» ordeni tək fəxri ad aldı,

Vətən tarixində əbədi qaldı.

Şəhiddi, müqəddəs adı ucaldı,

Hopdu ürəklərə hörmətlə Nazim.


ADİU-nin məzunu Tural İsgəndərov