İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir.
Heydər
Əliyev
İnsan və cəmiyyətin inkişafı üçün üç sinifin inkişafı
zəruri şərtdir. Ali,
orta və aşağı sinif olmadan heç bir inkişaf dayanıqlı sayıla bilməz. Bu inkişafın
onurğa sütünunu isə orta sinif təşkil edir. Bu sinifləri ölkə iqtisadiyyatı
üzrə sinifləşdirərkən sənayenin inkişafı orta sinifin inkişafı ilə eynilik
təşkil edir. Orta sinif olmadan cəmiyyətdə yaranan boşluq, sənayenin
yoxluğundan dövlətdə yaranan xaos, anarxiya, ən əsası iqtisadi cəhətdən
uğursuzluq eynidir.
Azərbaycan sənayesinin tarixi keçmişinəö nəzər salanda
aydın olur ki, ölkəmizdə sənayenin bütün sahələri inkişaf etdirilib. SSRİ
dövründə istər, yüngül, energetika, metalurgiya, yeyinti və digər sənaye
sahələri davamlı inkişaf etdirilmiş, ölkəmiz bu sahədə əldə olunan
nəaliyyətlərlə imperiya çərçivəsində özünə məxsus yer tutmağa nail olmuşdur.
Müstəqilliyin ilk illərində bir sıra sənaye
sturukturlarının fəaliyyətini dayandırması, bu sahədə yaranan boşluq ölkə
iqtisadiyyatına əhəmiyyətli dərəcədə öz təsiri göstərməkdə idi. Məhz ümummilli
lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı,
Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdə
olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar
yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin
zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət
formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və
dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Heydər Əliyevin
uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq,
ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası
sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə
aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.
Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi
islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata
keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa
başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində
iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə
bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi
dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin
illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü
başladı.
1997-ci ildən sənaye məhsullarının
buraxılışında artım müşahidə edilmiş, bu sıradan neft emalı, metallurgiya, ağac
emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olmuşdur.
Digər istehsal sahələrində geriləmənin sürəti azaldılmış, bəzi hallarda isə bu
meyl tamamilə dayandırılmış, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru
da inkişaf etdirilmişdir.
Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev
respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət
yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi
akt qəbul edilmiş, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam
sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdır.
Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını
müxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixrac
edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün
olmuşdur.
İdxal-ixrac əməliyyatlarının bazar
iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri
ilbəil genişlənir, möhkəmlənir və inkişaf edir.
Ulu öndər tərəfindən
həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq
dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda
iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanıldı və ölkəmizə maliyyə
yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit
institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına
uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata
keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin,
xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici
kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə
maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.
Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən
başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da
inkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr
qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət
və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.
Bu gün Azərbaycan sənayesinin inkişafı uğurla davam
etdirilir. Prezident İlham Əliyevin bu sahənin inkişafını özündə əks etdirən
müxtəlif sərəncam və fərmanların verməsi nəticəsində Azərbaycan sənaye
məhsullarının ixracı nəticəsində yüksək iqtisadi nəaliyyət əldə etməkdədir. Bu
istiqamətdə uğurla reallaşan islahatların prioritetlərindən biri isə ixracın
genişləndirilməsi, "Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının
istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının
tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların
xarici bazarlarda "Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində
aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir.
Xatırladaq ki, Prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il
tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri "Made in
Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi. Oktyabrın 5-də isə
Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici
bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici
ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq
edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara
çıxarılması işinin təşkili, bazarların araşdırılması, "Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən
hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası,
həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq
edilib.
Sənəddə "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin
dəstəklənməsi daha geniş yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi və
yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin
etmək, "Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində
olan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda,
o cümlədən rüsumsuz ticarət ("duty free”) mağazalarında rəflərinin təşkili və
xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği
üçün tədbirlər həyata keçiriləcək. Bu zaman ödənilən dəstək məbləğinə "Made in
Azerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata keçirilməsi xərcləri
daxildir.
İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr tarixli qərarına əsasən isə
"Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə
reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən
edilməsi Meyarları” təsdiq edilib. Beləliklə, qeyri-neft məhsullarının
ixracının təşviqi ilə bağlı qəbul edilmiş bu qərarlar qeyri-neft sektoruna dəstək
olmaqla ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verməkdədir.
Onu da qeyd edək ki, yazını hazırlayarkən İsmayıllı
rayonu ilə bağlı apardığımız araşdırmalar bu rayonda yüngül sənayenin əksər
sahələrinin davamlı inkişaf etdiyini deməyə əsas verir. Rayonda istehsal
sahələrində yaradılan imkanlar vətəndaşların işlə təminatında xüsusi rol
oynayır. Eynilə vətəndaşların sənaye məhsulalrına tələbatı da yerli istehsalla
ödənilir.
Sonda isə onu qeyd edək ki, İsmayıllının timsalında
"Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar
olaraq regionlarda mühüm tədbirlər həyata keçirilib və iqtisadiyyatda bir sıra
keyfiyyət göstəriciləri əldə olunub. Regionlarda sahibkarlıq mühitinin
yaxşılaşdırılması, istehsal müəssisələrinin müasir tələblərə cavab verən
texnologiya ilə təminatının həyata keçirilməsi və sənayenin texnoloji
səviyyəsinin yüksəldilməsi, yeni sənaye müəssisələrinin açılması və
əhalinin məşğulluq səviyyəsinin artırılması vacib şərtlərdən biri hesab olunur.
Ədil Ədilzadə
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV
nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir