adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Aprel 2017 17:52
15857
MƏDƏNİYYƏT
A- A+

Azərbaycana 3 ayda yarım milyon turist gəlib

Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə əldə olunan nailiyyətlərdən bəhs edib. F.Nəbiyev vurğulayıb ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2017-ci ilin I rübü ümumiyyətlə respublikamız üçün iqtisadi inkişaf üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlik baxımından uğurlu olub. Hesabat müşavirəsində bir sıra beynəlxalq tədbirlərə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi və bu ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, eləcə də "2017 Formula 1” Azərbaycan Qran-Pri yarışı və digər mötəbər layihələrlə bağlı ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş işlər qeyd olunub və qarşıda duran vəzifələr təhlil edilib.

Xidmət rəisi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi baxımından miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş fəaliyyətə toxunub. Bildirib ki, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə ildən-ilə əldə edilən yüksək nəticələr Azərbaycanın qüdrətini daha da artırmaqdadır. Sözsüz ki, bu uğurların əsasında uzaqgörənliklə düşünülmüş və uğurla reallaşdırılan dövlət siyasəti dayanır.

Miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, "ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının kifayət qədər artmasına səbəb olub. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2017-ci ilin I rübü ərzində 399.429 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə 557.628 girişi və 398.295 nəfər olmaqla ölkə ərazisindən 557.461 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. Rüb ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 146.920 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib.

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 22.164 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

F.Nəbiyev Xidmətin əldə etdiyi nailiyyətlərin Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsində mümkün olduğunu vurğulayıb.

Xidmət rəisi Nazirlər Kabinetinin 2017-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. F.Nəbiyev bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini ciddi tələbkarlıq şəraitində, günün tələbləri səviyyəsində qurmalı, dövlət başçısının göstərdyi etimadı doğrultmalıdır. Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirəyə yekun vuran Xidmət rəisi əminlik ifadə edib ki, "bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək kimi vəzifə və tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcək.