adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Aprel 2017 19:03
7258
ƏDƏBİYYAT
A- A+

Ağacavad Əlizadə


Bu dünya

Elə ki, səsinə kədər, qəm qonur -
Bürünür dumana, çənə bu dünya.
Elə ki, gözünə büllur nəm qonur,
Az qalır gözümdə sönə bu dünya.

Beləcə dayanma qarşımda mənim,
Qocalıq at çapar yaşımda mənim.
De, necə qıyırsan başımda mənim
Dəyirman daşına dönə bu dünya?!

Hayıfsan, bu qədər üzmə özünü,
Axtar tap, hardasa səbri, dözümü.
Gülüm, qənd-şəkərə bələ sözünü,
Geysin toy libası yenə bu dünya.

Neynirəm həkimi, dava-dərmanı,
Sənsən dərdlərimin təbib-loğmanı.
Güldürmə üstümə yadı, doğmanı,
Onda zindan olar sənə bu dünya.

Düşmənə göz dağı baharımız var,
Təmiz eşqimizdən nübarımız var -
Göyçək Mətinimiz, Vüqarımız var,
Onlartək danışa, dinə bu dünya.

Hədərə getməsin haqqı-sayımız,
Xəzana düşməsin bahar-yayımız.
Babalıq, nənəlik olsun payımız,
Nəvə gülüşüylə bəzənə dünya.

Gül, gül, təbəssümün dönsün çırağa,
Güləndə dönürsən körpə uşağa.
Amandır, gözümdən getmə uzağa,
Sənsiz boş görünər mənə bu dünya!..

Əmin ol
Ömür-gün yoldaşıma

Altmış bahar görmüşəm,
altmış qışa çatmışam.
Sevincimlə, qəmimlə
birgə, qoşa çatmışam.
Demə indi yorulub
qaya altda yatmışam.
Ömrün dağ keçidindən
keçəcəyəm, əmin ol!

Doğma elə, torpağa
verməliyəm borcumu.
Dərədə azdırmışam
qoca ölüm ovçumu.
Qartal qonan zirvədə
açıb qoşa ovcumu -
Ağ buluddan ağ yağış
içəcəyəm, əmin ol!
Əzabımın yükünü
daşıyan ağ mayamsan,
Kişiqeyrət həmdəmim,
mələksima həyamsan.
İnamımda dözümüm,
baxımışda ziyamsan,
Mən səni lap gözsüz də
seçəcəyəm, əmin ol!

Kaş, sevgim yer üzündən
dərdi-mərəzi silə.
İnsanın ürəyindən
kini-qərəzi silə.
Ədalət arşınıyla,
insaf tərəzisilə
Dünyanı çəkəcəyəm,
ölçəcəyəm, əmin ol!

Hər qışıma ağ kəfən
biçirəm hər yazımla,
Ağ çiçək, yaşıl sünbül
boy atan hər yazımla -
Günəşlə ovxarlanan
bu qələm dəryazımla
Alaqlaşan kəsləri
biçəcəyəm, əmin ol!

Səhrada çinar kimi
bitirib məni anam,
Gün qızanda - çətirəm,
tufan qopsa qalxanam.
Cahana bu xislətlə
gətirib məni anam,
Köçəndə də bu sayaq
köçəcəyəm, əmin ol!..

gQarışıq

Yamanca dönübdür fələyin üzü,
Zaman qarışıqdır, halım qarışıq.
Bilinmir şeytanla mələyin üzü,
Düşübdür məzlumla zalım qarışıq.

Bahar ovqatıma qar ələnibdir,
Dərdim ağırlaşıb - yekələnibdir.
Ömrümün ağacı silkələnibdir,
Tökülüb dəymişim, kalım - qarışıq!

Göz bu müsibəti görməyə gərək -
Haram arşın-arşın, halal bir çərək.
Uludur, təmizdir, müqəddəs çörək,
Məcburam, onu da alım qarışıq.

Hamı sathasatda, alhaaldadır,
Uşaq da, böyük də məni aldadır.
Deyəsən, həngamə hələ daldadır,
Rəmlim, istixarəm, falım qarışıq.

"Calaq" eləyiblər mislə almazı;
Qiymətdən salıblar söz ilə sazı.
Ayıra bilmirsən toy ilə yası -
Sevinci kədərlə çalım qarışıq?!

Əritsən - xəmirdir yağın yarısı,
Buzlu ət qır yavan, süd də yarı su.
Bişirsən çürüyür, odur sarı su!
Duzum qarışıqdır, balımg qarışıq.

Haqlını haqsıza dəyişdirirlər,
Qızılı saqqıza dəyişdirirlər.
Atanı oğulla "döyüşdürürlər"g
İlməm dolaşıqdır, xalım qarışıq.

Xəzinəm talanır, çalıb-çapılır,
Yaxşı nəyim varsa, dərhal qapılır.
Milli sərvətimə şərik tapılır,
Zəhmətim havayı, malım qarışıq.

Dünya qalacaqsa əgər bu sayaq,
Daha bu dünyada qalmağım - nahaq!
Məni o dünyaya tez apar, ya haqq,
Apar, - istəmirəm qalım qarışıq!..

***
Yüz sınaqdan çıxaram -
Sən yanımda olanda!
Dağı belə yıxaram -
Sən yanımda olanda!

Mənimdir söz meydanı,
Səsim tutar hər yanı.
Səsim tutar cahanı -
Sən yanımda olanda!

Sözlü çıraq olaram,
Qaynar bulaq olaram,
Oynaq uşaq olaram -
Sən yanımda olanda!

Çaylar kimi daşaram,
Sahilləri aşaram.
İki ömür yaşaram -
Sən yanımda olanda!

Eşqim atəş,
sözüm güllə

Qalxdım dağa zirvə-zirvə,
Endim dağdan pilə-pillə.
Deməyin ki, bu yaşımda
Oynayıram soyuq küllə,
Eşqim atəş, sözüm güllə!

Qəribədir təbiətim,
Bəllidir bu həqiqətim -
Mənim şair məhəbbətim
Ölçülməyir yaşla, illəg
Eşqim atəş, sözüm güllə!
Gəzdim qarlı səngərləri,
Gördüm bizim əsgərləri -
Qorxubilməz o ərləri
Ruhlandırdım şirin dillə.
Eşqim atəş, sözüm güllə!

Mən də çıxdım sınaqlardan,
Hörmət gördüm qoçaqlardan, -
Şaxta vurmuş yanaqlardan
"Dəstə tutdum" qızılgüllə.
Eşqim atəş, sözüm güllə!

Əgər gedib görməsəydim,
Şeir yazıb verməsəydim -
Könüllərə girməsəydim,
Yaşamazdım bu nisgillə,
Eşqim atəş, sözüm güllə!

Yağdı mərmi, yağdı dolu,
Gedib gəldim qəlbim dolu;
Kəsə bilməz heç kəs yolu -
Gedim-gəlim gülə-güləg
Eşqim atəş, sözüm güllə!
ÖLÜMLƏ GÖRÜŞ

Qubadlı yolunda dəyişdi halım,
İşıqlı dünyadan üzdüm əlimi.
Sövdalı başıma dolandı dağlar,
Sinəmin üstündə gördüm ölümü.

Hər gün dil-dil ötən dilim tutuldu,
Söndü ulduz-ulduz yanan gözlərim.
Kəmfürsət əcəlin buz nəfəsindən,
Alışan ocaqda donan gözlərim.

Az qaldı son mənzil olsun Zəngilan,
Tökülsün üstümə məzar torpağı.
Zülfünün mahnısı düşdü yadıma:
"Mən gedirəm Zəngilana,
Ay ana, ay ana, gedirəm axı!".

Göründü gözümə rəhmətlik anam-
Gördüm töküb üzə gümüş saçını.
Körpə uşaq kimi sevincək oldum,
Unutdum büsbütün ağrı acınıg

Sarıldı boynuma gül balalarım,
Qovdum - qınamayın, ölürdüm axı!
Anam acıqlandı: "Qayıt geriyə!"
Neyləyim ay ana, gəlirdim axı!

Yığıldı dövrəmə dostlar, tanışlar,
Şair Tofiq Mahmud tutdu qolumdan.
Şirin dilə tutub yazıçı Bayram,
Azdırdı ölümü matəm yolundan.

Yoxladı nəbzimi Sayalı xanım,
Doğrudan, əlləri sayalı oldu.
Onun üzündəki həyanı görüb,
Utanmaz ölüm də həyalı oldu.

Kapitan Şövkətim - ümmanlar qızı,
Bu qarlı dağlarda çatdı dadıma.
Təyyarəçi dostum Adil-qəhrəman,
Mat qaldı ölümlə zarafatıma.

Şairi köməkli, arxalı görüb,
Əcəl peşman-peşman qayıtdı geri.
Gəlmişdi - aparsın məni özüylə,
Mən onun əlindən aldım bu şeiri.

Bir söz istəmişdi Sayalı xanım,
Onunçün bu kiçik zəhməti çəkdim.
Yox, yox, borclu qalan oğul deyiləm,-
Ölüm bu dünyadan alsaydı məni,
Yazıb o dünyadan göndərəcəkdim!

Zəfəran çöhrəmin qızardı rəngi,
Kədər uçub getdi güləyən üzdən.
Əbədi xatirə qaldı bu şeir,
Ölümlə bir anlıq görüşümüzdəng

Qubadlı-Zəngilan, 1972