adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2017 19:12
7792
ƏDƏBİYYAT
A- A+

Səsin nisgili


Həzi Həsənli
Bizim çoxuşaqlı ailəmizdə içilən suyun tamı da, yeyilən çörəyin dadı da gözəl idi. Ailədə on iki uşaq olmuşuq. Bacı və qardaşlarım ömrümün-günümün bənzərsiz naxışları idi. Biz xasiyyətdə, xarakterdə də heç bir-birimizə bənzəmirdik. Mən qardaşlarımın ən kiçiyi, ən istəklisi və ərköyünü idim. Kiçik qardaş kimi böyüklərin sayəsində həmişə özümü arxalı hiss edirdim, ürəkli böyüyürdüm. Uşaq yaşlarımda öz ailə-ocağımızla bağlı o qədər gözəl və maraqlı əhvalatların şahidi olmuşdum ki... Qardaşların kiçiyi kimi bu əhvalatlar mənim yaddaşıma yazılırdı. Böyük qardaşım Eldarla bağlı xatirələrim daha çoxdur. O, adətən dağa-bağa gedəndə məni də özü ilə aparırdı. Onun gözəl, məlahətli səsi vardı. Musiqinin müşayəti olmadan da belə gözəl oxuyurdu. Bir dəfə at belində dolama cığırlarla binəmizə gedəndə məni də atın tərkinə mindirmişdi. Faxralı meşələrinin gözəl təbiətinin içindən keçib getdikcə, gözəlliyi ilə göz oxşayan dərin dərələr, zirvəli dağlar, buz bulaqlar insanın ürəyini dilləndirirdi. Qardaşım da şirin avazla Səməd Vurğunun "Dağlar" şeirini - "Dubeyti" havası üstündə pəsdən aşıqsayağı oxuyurdu:

Üstündən karvan yeriməz,
Sıxdır dumanların dağlar.
Yazda, yayda heç əriməz
Quzeylərdə qarın dağlar.

"Cəlili" havası üstündə isə əsasən unudulmaz şairimiz Osman Sarıvəllinin "Bu yerlər" rədifli qoşmasını oxuyardı:

Yaxın sirdaş kimi, əziz dost kimi
Qolunu boynuma saldı bu yerlər.
Mənim bir nisgilim vardı əzəldən,
Oxşayıb könlümü aldı bu yerlər.

...Kim minir Qazağın Dilboz atını,
Götürür toyların şal-xalatını.
Şeirin-sənətin mükafatını
Hər zaman, hər yerdə aldı bu yerlər.

Ümumiyyətlə, qardaşım sevimli şairlərimiz Səməd Vurğunu da, Osman Sarıvəllini də müqəddəs varlıqlar kimi xatırlayırdı. Bu şairlərin adı qardaşım üçün ona görə əziz idi ki, 50-ci illərin ortalarında Borçalıya, bizim Faxralı kəndinə gələndə qardaşım onları öz gözləri ilə görmüşdü. Ona görə də onların şeirlərini gözəl saz havacatları üstündə sevə - sevə oxuyurdu.
...Özünün həyətyanı təsərrüfatı, mal-heyvanı olmasa, kənd yerində çoxuşaqlı ailəni dolandırmaq çətin olar. Amma bizim ailənin halal zəhmətə, min bir əziyyətə qatlaşmaq bahasına qazanılan ruzisi həmişə bol olardı. Heç vaxt təknədən çörəyimiz əskik olmazdı. Çoxlu malımız, qoyunumuz var idi. Mən gözümü açıb belə görmüşdüm. Qardaşım qoyunları otlağa aparanda, hərdən mən də təbiəti görmək və quzuları qaytarmaq arzusu ilə onun yanına düşüb gedərdim.
Yenə həmişəki kimi, sürülər dağın yamacına yayılmışdı. Təbiətin qoynu yaşıllığa, gül-çiçəyə bələnmişdi. Mən də kolların arasında dolaşıb nərgiz-bənövşə yığırdım. Birdən qulağıma gözəl zənguləli səs gəldi. Başımı qaldıranda gördüm ki, qardaşım yenə oxuyur. Əlini qulağının dibinə qoyub o qədər ürəkdən oxuyurdu ki, onu dinlədikcə elə bilirdim dünyanı mənə bağışlayırlar. Onun səsi şirin bir duyğu kimi qəlbimə axırdı, özümün də oxumağım gəlirdi. Ancaq onun iliyimə işləyən səsinin qarşısında mənim oxumağım caiz deyildi. Onun səsinə vurulmuşdum. Beləcə, təbiətin qoynunda görünəndə, at belində dağ yollarının yolçusu olanda, ot biçinində elə şövqlə oxuyardı ki... Meşədən odun yığmağa gedəndə oxuyarkən qardaşımın məlahətli səsi ucsuz-bucaqsız meşələrimizin dərinliklərinə kimi çatırdı.
O vaxtlar heç ağlıma gəlməzdi ki, qardaşımın gözəl zənguləli səsi nə zamansa ürəyimin başında bir həsrət qoyub gedəcək. Özündən sonra çoxlu şirin xatirələr qoyub bu dünyadan köçdü qardaşım. Bu dünyaya gələn hər kəs öz xatirələrini qoyub gedir və öz ömür payını yaşayır. Köçəndən sonra da haqqında xatirələr danışılır. Qardaşım Eldar öz ömrünü mənalı yaşadı. Oğullu-qızlı, nəvəli-nəticəli ata ömrünü, baba ömrünü həyat eşqiylə yaşadı.
Ona həyat eşqi aşılayan, Tanrı töhfəsi kimi ilahidən gələn, yanğısı ilə könül göynədən məlahətli səsi idi. Məclislərdə, səsinin vurğunu olan insanların xahişi ilə oxuyardı. Oxumaq onun hobbisi idi, peşəsi deyildi. Onun səsi efirlərdən, ekranlardan eşıdilmədi. Onun səsi əsasən dağların sinəsində eşidilirdi. Dağın da dağ dərdi var. Elə bil, o səs dağların dərdini dilə gətirirdi. O, dağların qoynunda quşların səsinin, suların şırıltısının, çayların zümzüməsinin müşayiəti ilə oxuyurdu. Musiqi ilə müşayiət olunmasa da onun yanıqlı səsi insanın ürəyini çəkirdi. O səs heç bir nota, ritmə, heç bir qəlibə sığmırdı. Hər nəydisə sehrli, yanıqlı, nisgilli bir səs idi. Qardaşımın özü isə nə oxuduğunu hamıdan yaxşı bilirdi.
Borçalının ustad aşıqları qardaşımın səsinə çox yüksək qiymət verirdilər. Vaxtilə kəndimizdə qastrol səfərlərində olmuş Şövkət Ələkbərova, Sabir Mirzəyev kimi azman sənətkarlar da qardaşımın ifasını dinlədikdə heyrətə gəlmişdilər.
İndi qardaşımın ocağında öz adını yaşadan nəvəsi Eldar böyüyür. Amma qardaşımın nəsil şəcərəsində onun sehrli səsini yaşadacaq kimsə doğulacaqmı bilmirəm?! Doğrudur, indinin özündə onun səsinin müəyyən çalarları oğlu Mətləbin səsində duyulmaqdadır. Aşıq Mətləb Eldaroğlunun səsinin də öz vurğunları var.
Nəvəsi Qabilin səsində babası Eldarın səsinin kövrək notları özünə yer alıb. Bəlkə o ilahi səsdən bircə qətrə pay düşdüyündəndir ki, ötən ozan-aşıq müsabiqəsində gənc aşıq Qabil birincilik qazandı. İndi də babasının səsini və ruhunu canına hopduraraq oxuyur, məclislər yola salır, el şənliklərindən, efirlərdən məlahətli səsi gəlir.
Bacımızoğlu aşıq İmdadın zil zəngulələri, şirin eydirmələri də gözəldir, ürəyə yatandır. Amma bir-birindən şirin bu üç səsin harmoniyası da qardaşım Eldarın qüdrətinə inandığım səsinin özü deyil. Onun səsinin kövrək qanadlarıdır.
Qardaşımın səsi qulağıma gələndə xəyalım dağlar dolanır. Səsi dağlarda məskən salmışdı. Dağları, dərələri dilə gətirirdi məlahətli səsiylə, şirin avazıyla. Ruhları yerindən oynadan ifaları yoldan ötən atlını bir anlıq yolundan edirdi. Kəhər atın kişnərtisi də səsinə səs qatırdı.
Deyirlər uşağın yadından heç nə çıxmır. Qardaşımın səsi ilə bağlı bir uşaqlıq xatirəsi yerli - yataqlı illərin arxasında qalıb;
...Günlərlə, həftələrlə başsız biçənəklərdə yeyib sinirən, boynu qantarğa, ağzı yüyən görməyən atımız itmişdi. Atam da əlini atdan üzmüşdü. Qurda-quşa yem olduğunu düşünürdü.
...O gecə ulduzlar göyün yeddinci qatında bərq vururdu. Ay da göyün tən ortasında dayanmışdı. Meşələrimizin səfalı qoynunda payız binəsinə köç eləmişdik. Yaylaq qonşularımız bizim dəyənin qabağındakı tonqalın başına cəm olub, qardaşım Eldarın itən həsrətləri soraqlayan yanıqlı səsinə heyranlıqla qulaq asırdılar.
Onun səsi İsgəndər quşları kimi dağları, daşları öz nəğməsinə bələmişdi. Allah ömür versin sevimli şairimiz Musa Yaquba. Onun "İsgəndər quşları" şeirini hər dəfə oxuyanda qardaşımın könüllərə sığal çəkən səsi gəlir qulaqlarıma.

Aman Allah, bu İsgəndər quşları,
Bir avazla başdan alır huşları.
Qayanın da sədalanır daşları,
İlahilər bu səsə səs qatırmı?!

Birdən sanki möcüzə baş verdi. Qarşı dağın o üzündən itən atımızın kişnərtisi eşidildi. Kişnərti yavaş-yavaş yaxınlaşdı. Ceyran yerişli atımız dəyəmizin qənşərinə gəlib, qardaşımın səsinə sarı boylandı.
Onun bayatıya bənzər, zarıncı üstündə oxuduqları daha çox etnoqrafik nəğmə təsiri bağışlayırdı. Oxuduqları el nəğmələrinin, aşıq mahnılarının cövhəri idi. Elə o nəğmələr, o mahnılar zirvəli dağların, gen dərələrin, sonsuz yolların, ilğımlı çöllərin qoynunda eşidiləndə gözəl idi. O nəğmələr səs sənətimizin, milli mədəniyyətimizin dərin qatlarından süzülüb gəlirdi. Onun ürəyi də, dili də, ruhu, canı da o səsə bağlıydı, o səslə nəfəs alırdı. O səs zaman-zaman mənim könlümdə beləcə bir ocaq çatıb. O səs dağları, daşları yuxusundan oyadan qərib ney səsinə bənzəyirdi. O səs nisgilin, dərdin, həsrətin səsi idi.
Hər zaman düşüncələrimə yol yoldaşı olan o səsin indi həsrətindəyəm. Qardaşım Eldarın vəfatından sonra həsrət ilə ötən illər də arxada qalıb. Səsini, ününü qapısı bağlı məzar udub. Hələ də o cür səsə sahib olan qardaşımın yoxluğuna inanmıram. Onun əziz xatirəsinə ithaf etdiyim bu şeir də özümün-özümə bir təsəllimdir:
Səsinlə dağlara layla çalardın,
Səsinçün darıxar dağlar ay lələ!
Gözü yaşla dolar buz bulaqların,
Sənin həsrətinlə çağlar ay lələ!

Bir içim su kimi içilir ömür,
Vədəsi çatanda biçilir ömür.
Tanrının hökmüylə seçilir ömür,
Onu kim yolundan saxlar ay lələ?!

Əvvəli qaranlıq, sonu qaranlıq,
Gödək ömrə işıq düşür bir anlıq.
Elə bəllənir ki, yaxşı-yamanlıq,
Seçilir qaralar, ağlar ay lələ!

Yerin göründükcə dağlar başında,
Ürəyim qovrular dərd ataşında.
Kədər süzüldükcə gözüm yaşından,
Kövrələr bağçalar, bağlar ay lələ!

Daha şirin dilin bülbültək ötməz,
Həzinin könlündə həsrətin bitməz.
Məzardan harayın bir yana yetməz,
Dağlar ürəyimi, dağlar ay lələ!