adalet.az header logo
  • Bakı 11°C
14 Aprel 2017 18:42
7077
ƏDƏBİYYAT
A- A+

Sağlara ağ, dağlara ağı günlər


Vaqif Nəsib Sarıhüseynoğlu


Özümə

Çiçəklərə şeh gözüdü
Buludların nur yaşlısı.
Üzüklərin ulduzudur
Sevgilərə dür qaşlısı.
Elinə nəğmə sözüdü
Bu "quşların" bir yaşlısı, -
Ala baxtayam, ala baxta.
Ala baxtayam, ala baxta.

Yol açar öz keçiminə
Uysa tay-taya, tay-taya.
Arzuların biçiminə
Çöldə tay, taya, tay-taya.
Çatdı bəyaz seçiminə
Vaqif taytaya, taytaya, -
Alabaxtdayam, alabaxtda
Ala baxtayam, ala baxta.

Hey dilədi səbr, dözüm,
Həm allahım, ağsaqqalım.
Keçmədi də bircə sözüm,
Qaldı gücsüz ağ saqqalım
İstəmədim, daim özüm
Hər nemətdən axsaq qalım, -
Ələ baxtdayam, ələ baxtda.
Ala baxtayam, ala baxta:
"Alabaxtayam, alabaxta,
Qanadlarım taxta-taxta,
Məni vuran şah oğlu
Qan qussun taxta-taxta".

Sabir Cümşüdə -
dəmir ağacına

Ağaclar torpağın yaşıl insanı,
Meşələr ümidin yaşıl nişanı,
Hər ömrə, hər günə yamyaşıl şanı.
Mərdlik örnəyini yetirir onlar,
Dəmir ağacları bitirir onlar.
Əzmi torpağından
Əmir ağacım.

İnsanlar çöllərin səyyar ağacı
Həyat uzatmağa səy, yar ağacı,
Dünyaya dünyanın əyyar ağacı
Odun qayğısıyla təmirçixana,
Əsl insanlara dəmirçixana, -
Sabir Cümşüdləri dəmir ağacı...

***
Məzarlar laylara gör olar,
Ocaq yerləri tək gör olar,
Məcralar çaylara gör olar,
Çeşmələr gözünü yumanda, -
Onlar da axa bilməyəndə...

Elə ki, zülmdən zor olar,
Dünyası insana tor olar,
Adamlar görsə də kor olur,
Vicdanın özünü yumanda -
Gözlərə baxa bilməyəndə...

Meşələr yanıb da mor olar,
Ağı tək səslənib xor olar,
Torpaqlar duzlanıb şor olar,
Gül-çiçək üzünü yumanda, -
Bir çiçək doğa bilməyəndə...

***
Havalar qızışır,
Can yelquzlanır
Tapılmır dünyanın
Özünə darğa.
Buzlar əridikcə
Bu el buzlanır, -
Amana gələnlər
Yorğadan yorğa...

Nəyi varsa olur
Quru balığı,
Çeşmələr quruyur,
Su gəlmir arxa.
Qaçqınlar hər yanda
İnsan qalığı
Doğma yurdlarında
Tapılmır arxa...

İtib batmağında
Dünya dumandu, -
Onu nə təriflə,
Nədə ki, qarğa.
Hamı səksəkəli,
Hamı gümanda,
Azım qoca qartal,
Çoxumsa qarğa...

***
Göldəki bu sona, nə sona?
Boylanıb əvvələ və sona
Bilmirsən kim salıb bu dona,
Nə varsa bir buta, bir əsər
Bu maya nə maya, nə maya?

Bu varlıq haradan atlandı,
Qorqudsuz necə də adlandı,
Bu dağlar göylərin atlantı. -
Üstündən yüz tufan yel əsər
Bu qaya, nə qaya, nə qaya.

Ölüsü boyatın yaş daşı,
Dəlisi həyatın çaşbaşı
Dolusu əbədi çaşbaşı
Yozulmuş bin məna, bir kəsər,
Bu röya, nə röya, nə röya...

Dərgaha çatmağa azmışıq
Çoxumuz yolunu azmışıq
Təslimə ağ bayraq asmışıq
Bizlərdən qalmırsa bir əsər
Bu dünya, nə dünya, nə dünya.

Dünyamıza
Dədə Qorqud ağısı

Dəmrov torpaq,
Gülər üzlə, güllər üzlə
Yazda çiçək doğmaz olur
Vay-şüvən et
Qarım hey, qarım hey...

Necə oylaq,
Aydan arı bulaq gözlə
Ceyran kimi hürkək-hürkək
Baxmaz olur, axmaz olur
Vay-şüvən et
Yarım hey, yarım hey...

Canı bulaq, necə irmaq
Şaqraq səsdən,
Lallanıb da,
Lillənib də axmaz olur
Vay-şüvən et
Dərəm hey, dərəm hey...

Necə yaylaq
Süsən süslə
Ləçək-ləçək
Şirəsini yığmaz olur, -
Vay-şüvən et
Arım hey, arım hey...

Yerim, - quru ğey, ğey, ...
yarım qara ğey, ğey,...
Dərəm qəhərlən, qəhərlən,
Arım ağılan, zəhərlən,
Qarım ağı, dey, dey,
Hey, hey...

Doğma
ünvan nekraloqu

Bu dünya yolunun alt tərəfində
Ağdam məscidinin də üst səfində
Dostları üçün işığı sönməyən
Nurlu bir ünvan vardı.
İçində üzü dönməyən
Həsən Qəhrəman yaşardı
Bərəkət dada bilirdik
Həkim zövcəsinin əlindən.
Ana şeiri uda bilirdik
Qız balasının dilindən...
Görüm üzü kosov qarasına çəkilsin
Ağdam dam-daşını qaraldanların
Rus kirvələrinin ov tulasına dönüb
Hələlik yurdumuzu
Qarabağ boyda daraldanların
"Ovçuları" gec-tez yəqin ki,
Erməni tazılarını təpəcək.
Gec olub, güc olub haq da
Öz yerini tapacaq.
Və cücərək Ağdamdan
Adamların, adamların
Bərəkət paylayacaq,
Həkim - ananın əli,
Ana şeiri laylayacaq
Qız balanın dili...
Heyf hələ
Çatmayır da gərçək vədə...
Və dünya yolunun alt,
Dərdimizin üst tərəfində
Qarabağ boyda bir ünvan
Qara çərçivədə...

Adil Rəsula

Mərmərə çökdürüb simanı,
Nişangah qoyuruq imanı.
Məzarlıq o dünya limanı
Ayrılıq ünvanı olmusuz, -
Daşlardan bir lövbər,
Bir də sən...

Gəmişdən son ölçü boynunda,
Hamımız bu dünya oynumda,
Əbədi bir xəzan qoynunda,
Ömürdən düşüb də qalmısız:
Bir ağac,
Bin qəhər, bir də sən...

Əbədi dünyamız qovuşmaz,
Olumdan ölüm də sovuşmaz,
Bir daha həyatla qovuşmaz,-
Ayrılıq yolunu salmısız
Bir liman
Bir şəhər, bir də sən...

Kələntərin görmədiyim

Məzarına,
etmədiyim səfər və ya qəhər

Axır ki, dost hüzürünə,
Ələk taxıb, üzürünə
Gəmi gözdə,
Saçda, dən-dən
Buludvari kəsi gəldi...

Yetib öz dünya yaşna,
Baxdı dostunun daşına,
Qulağına neçə kefdən
Badələrin səsi gəldi...

Ölüm günü
Yaşa günü,
Hamının bir haşa günü
Durna kimi qopdu səfdən
Köçü yetdi, nəsi gəldi...

Məzarı ölmüş qu, - sarı
Güruba çəkir Qusarı,
Həmin günü, hər tərəfdən
Kələntər ləhcəsi gəldi...

Mövlud Mövluda

Ömürlər bal ilə ağı arası,
Hamıya laylayla ağı arası,
Dünya da qarası, ağı arası,
İnsanı yoluna düzələn gündən
Ağım atdan düşüb,
Qaram at üstə...

Çıxılmaz kürəmiz həyat oyunu,
Hey, insan cıdırı, hey, at oyunu,
Qurd gözgözəmiz şahmat oyunu
İnsan taxtasına düzülən gündən
Qara günlüləri qara mat üstə...

Sən ki, çəkilmişdin qeyrətə, ara,
Kim dedi qanadsız, bir uçuş ara,
Onsuz da bu ömür kiçicik ara
Misilsiz dərdinə dözülən gündən, -
Ömrü səyirdirik
Qaramat üstə...

Nə olsun qanadlı bəy atlı oldun,
Çox erkən dünyanın boyatı oldun,
Zil qara bir ağı, bayatı oldun
Uçarlıq yerindən üzülən gündən
Yol aldın Qazağa
Qaram, at üstə...