adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

4919 | 2017-04-14 18:10

(Xatirələr)

Mustafa
Çəmənli

(əvvəli ötən şənbə saylarımızda)

Mənim ən böyük arzum Təbrizi görmək idi. Lakin bu mümkün olmadı.
Bir axşam Ayaz Vəliyev dedi ki, xalam oğlu Mənsum ağa bizi evinə qonaq çağırıb. Razılaşdıq. Mənsum ağa bizi aparmaq üçün dörd maşın göndərmişdi. Maşınlara əyləşib yola düşdük. Mənsum ağanın evi şəhərdən kənarda olduğundan xeyli yol getdik. Nəhayət, maşınlar zahirən bizim beşmərtəbəli "Xuruşşovka"nı xatırladan bir binanın qarşısında dayandı. Maşından düşdük. Biz elə bildik ki, Mənsum ağa da bizim kimi binanın hansısa dəhlizinin hansısa üçotaqlı-dördotaqlı mənzillərindən birində yaşayır. Bəlli oldu ki, gördüyümüz müasir İran "Xuruşşovka"sının hamısı ona məxsusdu.
Mənsum ağa və xanımı bizi gülərüzlə qarşıladılar. Dəvət olunan otağa keçdik. Binanın zahiri görünüşü ilə müqayisədə otaqlar çox geniş idi. Mənsum ağanın xanımı milliyyətcə fars qızıydı. Mənsum ağa bizimlə şirin cənub şivəsi ilə danışırdı. Bizə boş bir otaq göstərdi, saysız kərpic görünüşlü divar başdan-başa bir-birini təkrar etməyən imzalar idi. Məlum oldu ki, Mənsum ağanın evinə gələn əziz qonaqlar divar-kərpiclərin üstünə qol çəkib tarix qoyurlar.
Böyük bir masanın ətrafında əyləşdik. Süfrəyə ləziz xörəklər gəldi. Mənsum ağanın həmyerlilərinə evin xanımı özü qulluq edirdi. Çox incə, lətafətli xanım idi. İranda içki qadağan olsa da, süfrəyə Fransadan gətirilmiş spirtli içki qoyulmuşdu. Yeyib-içdikdən sonra Mənsum ağa dedi ki, bu dünyada onun hər şeyi var. Əslən Gəncədən olan anası bu yaxınlarda dünyasını dəyişib, özünə Şimali Azərbaycanda olmaq hələ qismət olmayıb. Çox istədi ki, biz onun xatirinə xalq mahnıları oxuyaq. Məlum oldu ki, evin xanımı musiqiçidi. Buna görə də evdə piano, skripka, qaval, nağara vardı. İndi bircə qalırdı "Bəxtiyar" filmində deyildiyi kimi - "Hüseynova bacıları"nın öz məharətini göstərməsi. Hansı bir daxili hissin təsiriyləsə biz "həvəskar müğənnilərin" oxumağı Mənsum ağanı əməlli-başlı duyğulandırmışdı.
Biz İrandan Bakıya xoş təəssüratlarla qayıtdıq.

***

Nəşriyyat işlərimiz heç də yaxşı deyildi. Mətbəələrdə çap olunmaq üçün yığılıb səhifələnmiş nə qədər kitabımız hərəkətsiz qalmışdı. Təsəvvür edin ki, şəxsi təşəbbüsümlə respublikada ilk dəfə şəkilli-bədii "Əlifba" dərsliyi hazırlamışdıq. Mən bu işə uşaq yazıçısı kimi tanınan, uzun illər "Gənclik" nəşriyyatının direktoru olmuş Əzizə Əhmədovanı da cəlb etmişdim. Kitabın redaktoru Gülər Ələkbərqızıydı. Bizim bu "Əlifba" kitabımız Azərbaycan folkloru əsasında hazırlanmışdı. Bu kitabda həm əlifbanı öyrənmək, həm də yazmaq üçün müvafiq səhifələr yaratmışdıq. Bu sinifdənxaric "Əlifba" kitabını göstərmədiyim adam qalmadı, ancaq çapına kömək edən olmadı. Axırda bizneslə - əslində dəllallıqla məşğul olan bir nəfər bizim min bir əziyyətlə ərsəyə gətirdiyimiz kitabı Moskvaya apardı ki, guya, çap etdirəcək. Təəssüf ki, kitab Moskva nəşriyyatlarının birində itib-batdı. Mən bu gün də elə bilirəm çox qiymətli bir şeyi itirmişəm.
Beləcə qaynar nəşriyyat həyatından əsər-əlamət yoxdu. Müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışırdıq. O çağda ağlıma gəldi ki, bəlkə, bir fond yaradaq, vəsait toplayaq, bu yolla heç olmasa uşaqlar üçün kitablar nəşr edək. Bu niyyətlə bir qrup ziyalını "Azərnəşrin" 3-cü mərtəbəsində yerləşən kluba dəvət etdim. Kollektivimizin də iştirakı ilə "Azərbaycan Uşaq Ədəbiyyatı Fondu" təsis etdik. Fondun sədri seçildim. Çoxlu təşkilatlara məktub göndərib yardım istədik. Hər şeyə pul tapıldı, amma Azərbaycan Uşaq Ədəbiyyatının inkişafına pul tapılmadı, Fondun hesabına bir-iki nəfər tanış cüzi pul keçirtdi. Bu pulla isə heç nə çap etmək olmazdı.
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun - Fred Asifin komandiri olduğu batalyona atəş əmri verərkən dediyi bir söz - Ya Allah, mənim atdığım mərmi nə uşağa, nə qadına dəyməsin - fikri məndə belə bir ideya formalaşdırdı ki, Qarabağda, döyüş bölgəsində, Xocalıda şəhid olmuş uşaqlar haqqında materiallar toplayıb Azərbaycan və ingilis dilində kitab nəşr etdirib dünyanın mötəbər təşkilatlarına göndərək. Cəbrayıl rayonunun nümayəndəsindən başqa, heç kəs sorğuma cavab vermədi. Bu rayonlardan birinin Bakıda yerləşən nümayəndəliyinə getdim, iki nəfər həvəslə nərd oynayırdı. Gəldiyim kimi də, geri döndüm. Milli dərdimizə bu cür biganəlik məni içdən ağrıtdı.
Bütün çətinliklərə baxmayaraq, çox sayda olmasa da, hələ kitablar nəşr edirdik. Oxucularımızı hələ də itirməmişdik. Kitablarımız, əsasən, böyük tirajla çap olunurdu. Mən nəşriyyatın baş redaktoru olaraq çalışırdım ki, daha çox uşaqlar üçün kitablar nəşr edək. Bir də çapı çox vacib olan, amma 30-40 il ərzində təkrar çap olunmayan kitabları. Nə yollasa nəşriyyatı qoruyub saxlayaq, kollektiv dağılmasın. Çünki yaxşı, peşəkar bir redaktorun, korrektorun yetişməsi üçün illər lazımdı. Mən bunu çox gözəl dərk edirdim. Peşəkar olmayan yerdə işləmək çox çətindir.
Kitab ticarəti təşkilatları Abdulla Şaiqin "Tülkü həccə gedir" mənzum hekayəsinə 50000 tiraj vermişdi. Dinin ölkədə yenidən öz mötəbər yerində bərqərar olduğu bir vaxtda, ehtiyat etdim ki, birdən kitab birmənalı qarşılanmaz. Buna görə də Abdulla Şaiqin oğlu, mərhum akademik Kamal Talıbzadəyə zəng edib fikrimi bildirdim. Bu mənzum hekayənin yaranma tarixi haqqında məlumat xarakterli qısa bir yazı yazmasını xahiş etdim. Bir gün sonra Kamal müəllim vədinə əməl etdi. Biz onun aşağıdakı qısa mətnini "Nəşriyyatdan" başlığı ilə kitabın ön səhifəsində dərc etdik: "Əziz balalar, sizin sevimli yazıçınız Abdulla Şaiqin "Tülkü həccə gedir" mənzum hekayəsi ilk dəfə 1911-ci ildə Bakıda nəşr olunmuşdur. Ədib bu hekayəsində dini və dini adları əllərində vasitəyə çevirib öz şəxsi mənfəətləri, gəlirləri üçün faydalanan ruhaniləri satiraya tutur, müqəddəs ziyarətgahlara ziyarətlərində müxtəlif məqsədlər güdən şəxsləri tənqid edir.
A.Şaiq təhsilini məşhur din mərkəzlərindən biri olan Xorasanda (Məşhəddə) davam etdirmişdir. İlk şeirləri Mirzə Abdulla Talıbzadə imzası ilə çap olunmuşdur. Ədib bütün ömrü boyu Allaha sarsılmaz inamla, islam dininə etiqadla yanaşmışdır".
Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanını səkkizinci sinif şagirdi olarkən oxumuşdum. Romandan yadımda qalan səhnələrdən biri də Atabəy Məhəmməd Cahan Pəhləvanın Bağdadda top və çövkən oyununa tamaşa etməsi, Fəxrəddinin meydanda - Alapaça, sağa, Alapaça, sola haykıraraq oyuna qoşulması idi. Mən əməkdaşlardan birinə romanı tapıb həmən hissəni makinada yazdırmasını tapşırdım. Beləcə, rəssam Firəvan Məmmədovun illüstrasiyası ilə M.S.Ordubadinin "Top və çövkən" kitabını on min tirajla nəşr etdik.
Eləcə də, biz 1974-cü ildə uşaqlar üçün on iki kitabçadan ibarət işıq üzü görmüş "Heyvanlar aləminin ensiklopediyası"nı iki kitabda qruplaşdıraraq 40000 tirajla nəfis şəkildə nəşr etdik. Belqradın "Nalit" nəşriyyatının buraxdığı "Heyvanlar aləminin ensiklopediyası"nın mətn və şəkilləri əsasında hazırlanmış bu kitabları nəşriyyatın redaktoru Gülər Ələkbərqızı qruplaşdırmışdı.
1950-ci ildən bəri nəşr olunmayan dəyərli bir kitab vardı - "Antik ədəbiyyat müntəxəbatı". Vaxtilə professor Əli Soltanlının tərtib və müqəddiməsi ilə nəşr olunan bu kitabı hansı filoloq, jurnalist tələbə oxumamışdı?! İllərlə nəşr olunmayan, kitabxanalarda nadir nüsxəyə çevrilmiş bu kitabın vərəqlənməsi belə, gigiyena cəhətdən ziyanlıydı. Bu kitabla yanaşı, 1943-cü ildə Üzeyir bəy Hacıbəylinin redaktəsi ilə nəşr olunan Adil Gərayın "Muğam etüdləri" kitabını da yeni ön sözlə və əlavələrlə nəşr etdik.
Naşir gərək çox şeyi öncədən nəzərə alsın. Görkəmli şəxsiyyətlərin ölkə səviyyəsində keçirilən tədbirlərini də həmçinin. 1997-ci ildə mənim təşəbbüsümlə Bülbülün anadan olmasının 100 illiyi münasibətilə vaxtilə onun tərtib və redaktorluğu ilə çap olunmuş ikicildlik "Azərbaycan xalq mahnıları" kitabının birinci cildini nəfis şəkildə nəşr etmişdik. Kitaba "Xalq ruhunun Bülbülü" adlı geniş bir ön söz yazmışdım. Bu kitabdan Bülbülün ev-muzeyinə, müğənninin xanımı Adilə xanıma çatdırmışdım. Yadımdadı, ölkə başçısı Heydər Əliyev Fəxri Xiyabandan, Bülbülün qəbrini ziyarət etdikdən sonra müğənninin ev-muzeyinə gəlmişdi. Adilə xanım bizim nəşr etdiyimiz kitabı mərhum prezidentə təqdim etmişdi. Mən bundan çox böyük qürur duymuşdum. Bülbülün yubiley gecəsi 3 dekabrda Respublika sarayında keçirilirdi. Xarici qonaqların da iştirak etdiyi bu yubiley gecəsində əl-əl gəzən, vərəqlənən "Azərbaycan xalq mahnıları" kitabını seyr etmək mənim üçün böyük sevinc və unudulmaz anlar idi.

***

Mətbuat və İnformasiya Nazirliyi İçərişəhərdə Ensiklopediyanın geniş zalında müşavirə keçirirdi. Müşavirədə Nazirlik sistemində çalışanlarla yanaşı, respublikanın tanınmış ziyalıları da iştirak edirdilər. Mən çıxışımda uşaq ədəbiyyatına xüsusi qayğı ilə yanaşmağı xahiş etdikdən sonra belə bir təkliflə çıxış etdim ki, alimlərimizdən biri XX əsrin əvvəllərində yaşayıb-yaratmış pedaqoq yazıçılarımızın uşaqlar üçün yazdıqları əsərləri ərəb əlifbasından köçürərək bircildlik kitab hazırlasın. Çünki indiki uşaqlar o müəllifləri tanımırlar.
Təklifimin səhəri günü professor Xeyrulla Məmmədov nəşriyyata gəlib dedi ki, mən belə bir kitabı hazırlayaram. Dedim, çox gözəl, hazırlayın, biz də çap edək. Əlbəttə, bu elə də asan iş deyildi. Amma mərhum professor bu işin öhdəsindən gəldi. O, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış pedaqoq yazıçılarımızın əsərlərindən nümunələr toplayaraq tərtib etmişdi. İlk dərslik kitablarından, uşaq dövri mətbuatından seçilib götürülmüş hekayə və hikmətli sözləri "Hikmət çələngi" adı ilə nəşr elədik. Xatırladım ki, Süleyman Sani Axundovun Sovet dövründə dəyişikliyə məruz qalmış məşhur "Qaraca qız" hekayəsi "Məktəb" jurnalının 1913-cü il nömrələrindən götürülüb kitaba salınmışdı. Çox istərdim ki, bu dəyərli kitabı nəşriyyatlardan biri latın qrafikası ilə çap etsin.
Əlbəttə, burada xatırladığım və xatırlamadığım çoxlu sayda kitabın əlyazmasını oxumaq, çapa hazırlamaq bir adamın işi deyildi. Bu işləri nəşriyyatda müxtəlif sahə üzrə çalışan böyük bir kollektiv görürdü.
Mən bu yerdə adlarını çəkdiyim və çəkmədiyim onlarla kitabın redaktoru olmuş Gülər Ələkbərqızı haqda, az da olsa, danışmaq istəyirəm. Xatirəmin əvvəlində dediyim kimi, mən "Gənclik" nəşriyyatına gələndə Gülər xanım artıq orada çalışırdı. Nəşriyyatda məndən əvvəl və mənimlə eyni dövrdə çalışan heç bir redaktorun əməyini danmıram. Amma etiraf eləyim ki, nəşriyyatda işləyən hər redaktor da yüksək intellekt sahibi deyildir. Gülər Ələkbərqızı ADU-nun jurnalistika fakültəsinin nəşriyyat qrupunu bitirib. Təyinatla "Gənclik" nəşriyyatına gəlib. Bu uzun illər ərzində başqa sahədə çalışmaq şansı olsa da, bu günə kimi nəşriyyatdan ayrılmayıb. Bu, doğrudan da, böyük fədakarlıqdır.

(ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV