adalet.az header logo
  • Bakı 20°C
14 Aprel 2017 18:08
3129
GÜNDƏM
A- A+

LERİKDƏ İZİ QALAN ALİM

Həsən Əliyev - 110

Həmzə VƏLİMƏMMƏDOV,
əməkdar jurnalist

Ulu yaradan bizim diyara səxavətini bol-bol paylayıb. Bir tərəfi quşqonmaz qayalardır, bir tərəfi nadir ağaclarla zəngin meşələr. Bumbuz bulaqları var, otları can dərmanıdı. Abidələrini saymaqla qurtarmaz. Torpaqları bərəkətlidir. İqlimi qonşu rayonların ab-havasından fərqlənir. Yayı mülayim quru, qışı nisbətən soyuq keçir. Noyabrın ortalarında kiçik dağ çaylarının suyu donur. Yayın ən isti çağı iyulun ortalarına düşür, temperatur 15-20 dərəcədən yuxarı qalxmır. Dağ yamaclarındakı torpaqlar bağçılıq üçün əlverişlidir. Ərik, gilas, alma bağları salınıb, mer-meyvəsi adla deyilir.
Lerikdə belə bir münbit şərait alimlərin diqqətini cəlb edib. 1970-ci ilin ortalarında Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, respublika Təbiəti Mühafizə Cəmiyyətinin sədri, məşhur torpaqşünas, akademik Həsən Əliyev Zuvand zonasını qarış-qarış gəzib, alma və badam bağları salmaqdan ötrü yer seçib. O, Qosmalian kəndindəki kolxozun sədri, Qafqazdan Berlinədək döyüş yolu keçmiş Həmzə Şıxəliyevlə tanış olub. Akademikin təşəbbüsü və nəzarəti altında yamaclarda 10 hektarda badam bağları salınıb. Ağacları suvarmaqdan ötrü anbar tikilib. Bir neçə ildən sonra bağlardan məhsul yığılıb.
Həmzə Şıxəliyev sağlığında mənə akademik Həsən Əliyevlə bağlı bir xatirə danışmışdı. Deyirdi ki, 1979-cu ilin qışında akademik bizim təsərrüfata gəlmişdi. Saldırdığı bağların vəziyyəti ilə tanış oldu. Kələxan kəndinə, bizim evə gəldik. O, əvvəllər də qonağımız olmuşdu. Təbiəti çox sevdiyini, hər ağacın, hər kolun qayğısına qaldığını yaxşı bilirdim. Eyvanda aynabənd boyunca sıralanmış limon ağaclarını görəndə sevindi, əyilib üstündəki meyvələri iylədi. Əllərini yumağa gedəndə mən ağaclardan üç limon dərib süfrəyə qoydum. Akademik stola yaxınlaşanda limonları gördü, əhvalı birdən-birə dəyişdi. Çöhrəsində əvvəlki təbəssümdən əsər-əlamət qalmadı. Məndən soruşdu:
- Sən bu limonları niyə dərdin?
- Əziz qonağım üçün, - cavab verdim.
- Mən limonsuz da keçinərdim. O gözəlliyə niyə qıydın, - deyib təəssüfləndi.
Həsən müəllim kəndimizdəki qovaq, çinar ağaclarını görəndə ürəyi dağa dönürdü, dayanıb xeyli tamaşa eləyirdi. Biz onun məsləhəti ilə kolxozun ərazisində meyvə bağları saldıq. Hər il məhsulunu dərəndə akademiki xatırlayıb ruhuna dualar oxuyurduq.
Həsən Əliyev Lerik torpaqlarında üzüm bağları salmağa təşəbbüs göstərən ilk alim idi. Məsləhəti ilə respublika hökuməti bir neçə təsərrüfatda üzümçülüyün inkişafına qərar vermişdi. Dağ yamaclarında 3500 hektar bağ salındı. 1979-cu ilin payızında rayonda üzüm yığımı başlandı. Məhsulla dolu maşınlar zavodlara yan alırdı. Bar yetirənlər zəhmətlərinin bəhrəsinə sevinirdilər. Akademikin gəlişi bu sevinci ikiqat artırmışdı. Rayonda 10-12 min ton üzüm istehsal olunurdu. Vaxtilə iqtisadiyyatı zəif olan təsərrüfatlar dirçəldi, adamların güzəranı yaxşılaşdı. Üzümçülükdən əldə edilən gəlir hesabına kəndlərə asfalt yollar çəkildi, evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar tikildi. Mixail Qorbaçovun bədnam yenidənqurma siyasəti nəticəsində səksəninci illərin ortalarında respublikanın bütün regionlarında olduğu kimi, Lerikdə də üzüm bağları doğrandı. Ancaq həyətyanı sahələrdə qalanlara əl vurulmadı. Bu bağlar indi də məhsul verir, akademikin yadigarı kimi qorunur.
Hörmətli akademik və onun rəhbərlik elədiyi institutun əməkdaşı Əbülfəz Haşımi ilə Şingədulan kəndinin üzüm bağlarına baxmağa getmişdik. Rayon qəzetinin redaktoru kimi mən kəndin adamlarını yaxşı tanıyırdım. Maşın dağ yolu ilə yuxarı qalxdıqca Həsən müəllim bu yerlərin gözəl təbiətini, üzümlükləri, orada çalışan zəhmət adamlarını, xüsusilə qadınları görəndə fərəhlənirdi. Yolboyu söhbətinə qulaq asmaqdan doymaq olmurdu. Mənzil başına çatdıq. Sovxozun rəhbərləri ilə söhbəti çox çəkmədi. İş üstünə yollandıq. Akademik tənəklərin üstündəki salxımlara tamaşa etdikcə üzü gülürdü. Onun salamlayan qız-gəlinlərə ":::əlləriniz var olsun" deyirdi.
Gün-günorta yerinə qalxanda Həsən müəllimin üzümçülərlə söhbəti başa çatdı. Qayıdanbaş Lerikə ilk dəfə gəlişindən danışdı. Dedi ki, çox çətinliklə mənzil başına çatdıq. Yol 4-5 saat vaxt apardı. Dağlara qar yağmışdı, axşam düşdü. Ayın işığı bu diyara xüsusi gözəllik verirdi. Rayon mərkəzi evləri adda-budda tikilmiş kəndi xatırladırdı. Qonaq evində gecələdik. Səhər kəndlərə getmək istədik. Hər tərəfi qar örtmüşdü...
Akademik söhbətinə azca ara verdi. Əliabad kəndinə çatanda üzünü mənə tutub:
- Jurnalist qardaş, torpağın dərdini haçansa hiss eləmisən? - deyə soruşdu.
Bir anlığa duruxdum. Suala özü cavab verdi:
- Torpaq da insan kimi dərdlidir. Bu dərdi düşünmək, hiss etmək lazımdır. Onda bilərsən ki, torpaq ona yara vuranlardan, gözünə zəhər üfürənlərdən şikayətlənir. Haray çəkib torpağı belə adamlardan gərək qoruyaq. Mən bu barədə "Həyəcan təbili" kitabımda geniş yazmışam. İkinci dəfə çap olunur, alıb oxuyasan.
Kitab 1984-cü ildə işıq üzü gördü. Oxucular tərəfindən maraqla qarşılandı. Mətbuatda təbiət elminə dəyərli hədiyyə kimi qiymətləndirildi. Əsər ətraf mühitin qorunması üçün insanlara hərarətli müraciət, çağırışdır. Artıq 32 ildir əsəri şəxsi kitabxanamda saxlayıram. Övladlarım oxuyub, indi növbə nəvələrimə çatıb.
Biz rayon mərkəzinə qayıtdıq. Akademik özü ilə gətirdiyi kiçik kinoaparatla təbiətin mühafizəsinə dair respublikanın ayrı-ayrı yerlərində çəkdiyi qısametrajlı filmi mədəniyyət evində nümayiş etdirdi. Tamaşaya ziyalılar gəlmişdilər. Onların arasında orta məktəbdə təbiət elmlərindən dərs deyən müəllimlər də vardı. Lentdəki kadrlar bir-birini əvəz etdikcə akademik tamaşaçılara nadir bitkilər barədə məlumat verir, harada bitdiyini deyirdi.
Film sona çatdı, tamaşaçılarla Həsən müəllimin səmimi söhbəti oldu. O, ətraf mühitin qorunması barədə məsləhətlərini verdi. Akademikin bir cümləsi bu gün də yadımdadır: "Təbiətə zülm edənlər haqqında həyəcan təbili çalmaq bizim vətəndaşlıq borcumuzdur".
Akademik Talış meşələrini "Cənnət bağı" adlandırırdı. Hirkan meşəsinin yadigarı dəmirağac, azat, şabalıdyarpaqlı palıd, şümşad, ipək akasiyası, qaraçöhrə ağaclarından ağız dolusu danışırdı. O, xatirələrinin birində yazırdı: "Mənim tədqiqat işlərim əsasən Böyük Qafqaz dağları haqqında olsa da, Talış dağları heç vaxt yadımdan çıxmırdı. Hələ 30 il əvvəl Talış dağları zonasına qısamüddətli ezamiyyətə getmişdim. Mart ayı idi. Lənkərandan Lerikə qalxarkən hələ yarpaqlanmamış nəhəng dəmirağacının dibində ətirli bənövşələr koma-koma qalxmışdı".
Həsən Əliyev Talış meşələrin qorunmasına və bərpasına xüsusi diqqət yetirirdi. O, Lerikə səfərlərində vaxtilə qırılmış meşə talalarında qoz, palıd, fıstıq tingləri əkdirirdi. Əllinci illərdə Lerik şəhərinin "Dilləvu" adlanan yamaclarında qırılmış ağacların kötüklərindən pöhrələr çıxmışdı. Həsən müəllim yaşıllığın bərpası üçün yerli təşkilatlara tapşırıq vermişdi. Aradan 35-40 il keçib. Pöhrələr boy atıb cavan ağaclar olub, parkı xatırladır, ahılların istirahət yerinə çevrilib. Şəhər ağsaqqallarının xahişi ilə rayon icra hakimiyyəti sərəncamla buranı "Həsən Əliyev xiyabanı" adlandırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinin keçirilməsi barədə sərəncamı dünyasını dəyişmiş elm xadimlərinə hörmət və ehtiram timsalıdır.