adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Aprel 2017 18:01
8246
ELM VƏ TƏHSİL
A- A+

ADU-da TEC-in konfransı başa çatıb

Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Azərbaycan Dillər Universitetinin yaradılmasının 80 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) illik konfransının yekun iclası keçirilib.

İclasda 24 bölmədə 1315 məruzənin dinlənildiyini söyləyən universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev müəllimlərin tələbələrin yetişdirilməsində böyük əmək sərf etdiyini söyləyib. O, tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov isə tələbələrin tezis və elmi işlərinin onların elmi təfəkkür qabiliyyətlərinin aşkar olunması və inkişaf etdirilməsində önəmli yer tutduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, fərqlənən tələbələrdən 50 nəfəri birinci, 75 nəfəri ikinci, 75 nəfəri isə üçüncü dərəcəli diplomlarla mükafatlandırılıb.

Xatırladaq ki, tələbələrin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədi ilə təsis edilən ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə TEC öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.