adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2017 17:24
3721
MƏMLƏKƏT
A- A+

Tələbələr Metropolitendə təcrübə keçir

"Bakı Metropoliteni" QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində daha bir layihənin həyata keçirilməsinə başlanılıb. 

Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsinin Bakı metropolitenində əldə etdikləri nəzəri biliklər əsasında praktik istehsalat təcrübəsi başlanıb. Layihə "Bakı Metropoliteni" QSC ilə bu ali təhsil ocağı arasında bağlanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq həyata keçirilir. Qarşılıqlı anlaşmaya uyğun olaraq, ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin 2-ci və 3-cü kurslarında metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan 16 tələbəsinə Bakı metropoliteninin diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən maksimum faydalanmasına imkan yaradılacaq. 3 ay davam edəcək istehsalat praktikası zamanı tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri möhkəmləndirməsi, bu bilikləri təcrübədə tətbiq etməsi məqsədilə məqsədyönlü proqram hazırlanıb. Bu müddət ərzində mərkəzin rəhbər və mütəxəssis heyətinin nəzarəti və dəstəyi ilə tələbələrə mərkəzdə qurulmuş ən müasir və dünya standartlarına cavab verən texnologiyalarla tanış olmaq, onların tətbiqini mənimsəmək üçün imkan yaradılacaq.