adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Eybəcər

SAMİRƏ ƏŞRƏF
30171 | 2013-02-28 10:52
Yeddi il əvvəl bitirdiyim universitetin yaxınlığında bir mağaza vardı. Mağazanın qapısının üstündə, çərçivədə qırmızı boyayla "Xatirə" sözü yazılmışdı. Qırmızı rəngi xatirələrə heç cür yaraşdıra bilmirdim. Keçmiş mənim gözümə  həmişə ağ-qara rənglərdə görünürdü. Görünür, dükanın yiyəsi keçmişi bu günlə uzlaşdırmaq istəmişdi.
Evdə çoxdandan yığılıb qalmış bir xeyli köhnə dəbli paltar vardı.
Bazar günü vaxt tapıb köhnə paltarları həmin dükana təhvil verməyə apardım.
Mağazaya girəndə adamı ötən əlli ilin havası vururdu. Köhnə paltarlar, otuz-qırx il əvvəlin bəzək-düzəyi, köhnə qoxular...
Mağazanın yiyəsi yaşına görə mağazadakı əşyaların dəblərini görmüş adam idi. O,  açıq xurmayı rəngli, laklı stolun arxasında əyləşib yetmişinci illərin qəzetini oxuyurdu.
Müdirin oturduğu yerdən azca aralı köhnə musiqi valları olan dolab yerləşdirilmişdi. Ortaboy bir oğlan üzü dolaba dayanıb əlində tutduğu valın üstünə yapışdırılmış kağızda yazılanları oxuyurdu. Mən divarboyu asılmış paltarlara baxırdım. Səksəninci illərin dəbiylə tikilmiş, ətəyi gipür ağ  qadın paltarı anamın gəlinliyini xatırladırdı.
Bu vaxtı həmin oğlan mənə yaxınlaşdı.
Bir də onda ayıldım ki, zəndlə mənim üzümə baxır.
- Tanımadın məni?
- ???
- Neçə il bir məktəbə gedib-gəlmişik...
- Eybəcər?!
Onu baxışlarından tanıdım.
Bir ayrı adam olmuşdu. Bərbad danışığından, kələ-kötür sifətindən, əyri ayaqlarından əsər qalmamışdı.
- Gör neçə il keçib!..
- On səkkiz ildi Moskvadayam.
Nə isə soruşmağıma macal vermədi.
- Qaçqın düşəndən sonra  dayım məni həkimə göstərmək üçün Moskvaya apardı. Sonra  qalıb dayımın yanında işləyəsi oldum.
- Oğuldan-uşaqdan nəyin var?
- Dayım qızıyla evləndim. İki qızımız var. Böyüyüblər. Qayıtmaq istəyirəm. Burdan ev almışam. Yerbəyer eliyəndən sonra gedib uşaqları da gətirəcəm.
Sonra bir az susduq. Ötən zamanların sözü-söhbəti çox olduğundan, onu bu dar macala sığışdıra bilmirdik.
 - Natiq nə işlə məşğuldu? Yaxşıdırmı?
Qardaşımı soruşurdu.
Bozumtul gözlərini üzümə dikib, çoxdan aralı düşdüyü uzaq keçmişindən təzə xəbər gözləyirdi.
Bilmirəm, bu anda mənim yadıma düşənləri o da xatırlayırdımı?..
...Həmişə viran qoyulmuş evimiz, ölüb getmiş illərimiz, ayağımızın altından qaçmış torpağımız yadıma düşəndə onun  yerə sərilmiş əyri-üyrü qaraltısı  gözümün önündə canlanırdı.
Qardaşım  soyuqqanlı, adama yovuşmaz olsa da, keçmişinə bağlı idi. Uşaqlıqdan, olub keçənlərdən danışanda Eybəcəri də yada saldığımız az olmamışdı.
Bacı-qardaş bir  sinifdə oxuyurduq. Qardaşım mənim ilk dostum, həm məktəb, həm yol yoldaşım idi. Evimizlə məktəbin arasındakı yarım saatlıq yolu hər səhər bir gedib, hər günorta bir qayıdardıq.
O biri yol yoldaşımız hamının "Eybəcər" dediyi həmin bu Asif idi. Uşaqlar çörək yeyəndə onun üzünə baxmamağa çalışırdılar, dili də ayağı kimi axsayırdı. Yol gedəndə yıxılmamaq üçün əməlli-başlı əziyyət çəkirdi. İl on iki ay məktəbə çantasız gəlirdi. Dərs vaxtı  başını partaya qoyub yuxulayırdı. Hər dərs ilinin sonunda müəllimlər bir sınıq-salxaq "3" yazıb onu  sinifdən-sinifə keçirirdilər.
Qardaşım hara getsə, onu özüylə aparırdı. Dərsdən çıxanda evə birgə qayıdırdıq.
Əmimgilin evi yolumuzun üstündəydi. Əmim uşaqlarının istiqanlı nənəsi arabir biz bacı-qardaşı yoldan eləyib, darağı görsənən əlləri ilə ovcumuza tut qurusu, kişmiş tökərdi. Natiq həmişə payını Asiflə yarı bölərdi.
Dekabrın sazaqlı günlərinin birində üçlükdə dərsdən çıxıb evə gəlirdik. Yol boyu onlar öz aralarında yeni çıxmış velosiped haqqında danışırdılar. Sonra Eybəcər Moskvadan onlara qonaq gələn dayısının alıb gətirdiyi hədiyyələrdən danışmağa başladı. İkimiz də Eybəcərə heyranlıqla qulaq asırdıq. Həmin anda onun qüsurları gözümüzə görünmürdü, elə bil Moskvadan gələn Eybəcərin dayısı yox, özüydü. Bizi daha da heyrətləndirmək üçün dayısının aldığı çantanı açıb içindəki dəftərləri, rəngli karandaşları yolun ortasında bir-bir bizə göstərməyə başladı. Ən axırda o bahalı qələmi göstərdi. Dəmir örtüklü  qızılı qələm  mənim də, qardaşımın da çox xoşuna gəldi. Eybəcər qələmi ürəklə qardaşıma bağışladı. Hərçənd Natiq o qələmi az-az  işlədirdi, qıymırdı.
Yeni il yaxınlaşırdı. Bayramın gəlişinə uşaqlardan başqa heç kim sevinmirdi. Rayondakı yüksəkliklərdən atılan topların səsi gecələrimizi haram eləmişdi. Hər gün ölüm xəbərləri alırdıq.
Belə günlərin birində səhər dərsə yollandıq. Məktəbin həyətində hərbi maşınlar sıralama düzülmüşdü. Əsgərlər əl-qollarını ölçə-ölçə həyəcanla nəsə danışırdılar. Az sonra hər şey məlum oldu: cəbhədə vəziyyət ağırlaşdığından Bakıdan köməyə çoxlu hərbçi gəlmişdi. Gələnlərin bir qismini bizim məktəbə yerləşdirmişdilər. Ona görə də bizi ibtidai siniflər olan qanada köçürdülər. Ertəsi gündən dərsimiz günorta başlayacaqdı. Bu gün dərs keçilmədiyindən oğlanlar bayırda söhbətləşirdilər. Birdən bərk hay-küy eşitdik. Qızlara qoşulub bayıra çıxanda gördüklərimə inanmadım: qardaşımla Eybəcər əlbəyaxa olmuşdular. Müəllim onları ayıranda Eybəcərin burnundan qan damırdı. Qardaşım toz-torpaq içində çabalayan Eybəcərin bir az da əzilmiş üz-gözünə baxıb dedi:
- Yolunu düz gedə bilmir, mənimlə söz döyüşdürür.
Bunun ardınca o, Asifi ilk dəfə adıyla yox, ləqəbiylə çağırdı. Həmin gün evə ikilikdə qayıtdıq.
Dava kimin qohumlarının cəbhəyə gedib-getməməsi üstündə düşmüşdü. Eybəcər oğlanların yanında cəbhədə döyüşən qohumlarının sayı ilə öyünəndə bizim xarici ölkələrdə qulluq eləyən, dar gündə vətənin dadına çatmayan qohumlarımıza eyham vurmuşdu. Qardaşım da qınaqdan qurtarmağın ayrı yolunu tapmayıb yumruğunu işə salmışdı.
Eybəcər neçə dəfə barışmağa çalışsa da, qardaşım onu saya salmadı. Onsuz da heç kəsin yoldaşlıq eləmədiyi Eybəcər indi lap tək qalmışdı. Bir dəfə biz dərsdən qayıdanda onun da bizim arxamızca gəldiyini gördüm.  Mən ayaq saxlayıb onu gözlədim. Qardaşım da dayanmağa məcbur oldu. Eybəcər sevincək bizə çatdı. Yolboyu danışmadan gedirdik. Birdən çantamın qulpu qırıldı, çanta əlimdən yerə düşdü. Eybəcər çantanı yerdən götürüb, aralı qalmış dəmir halqanı çantanın ilgəyinə keçirib sıxmağa çalışırdı. Soyuqdan bənövşəyi rəngə çalan barmaqlarının ucu titrəyirdi. Bunu görən qardaşım çantanı onun əlindən hirslə alıb dedi:
- Sənlik deyil.
Bundan sonra Eybəcər bizə yaxınlaşmadı. Ta o məktəbdən sonuncu dönüşümüzə qədər...
Birinci dərs bitdi. Zəng çalındı. Bundan sonra cəbr dərsinə girəsiydik. Oğlanlı-qızlı yeməkxanaya toplaşmışdıq. Zəng vurulanda son tikələrimizi yavanlıq eləyib sinfə qaçdıq. Müəllim eynəyi gözünə taxıb kitabı vərəqləyirdi. Onun arvadı dörd il əvvəl yel xəstəliyindən ölmüşdü. Bu müddətdə tək yaşadığından müəllimin nə huşu, nə də  hövsələsi qalmışdı. Özü də çox vasvası adam idi.
Dərsi başa salandan sonra müəllim sinfə diqqətlə göz gəzdirib yerinə keçdi. Uşaqların başı verilən tapşırığı yerinə yetirməyə qarışmışdı. Birdən müəllim hamımızı fikirdən ayırdı:
- Uşaqlar, mənim qələmimi görməmisiniz?
Hamımız döyükdük.
Bunu görən müəllim çantasını masanın üstünə boşaltdı. Qələm üzə çıxmadı. Kimsədən səs çıxmadıqca cəbr müəllimi bir az da əsəbiləşirdi. Sonra bir-bir hamıya yaxınlaşıb çantalarımızı yoxlamağa başladı. Qardaşımla mən üçüncü cərgədə əyləşirdik. Dörd nəfərdən sonra növbə bizə çatdı.  
Müəllim əlini qardaşımın çantasına salıb-çıxaranda Eybəcərin qardaşıma bağışladığı qələm əlində gəldi. O, qəzəb dolu heyrətlə gözlərini qardaşımın üzünə zillədi.
Qardaşım da matdım-matdım müəllimin üzünə baxırdı.
Onun günahsız baxışları müəllimi bir az da coşdurdu.
- Mənim qələmim sənin çantanda nə gəzir?
- Müəllim, öz qələmimdi.
Müəllim bu səfər başını yelləyib, dişlərini qıcadı.
- Yalan deyirsən! Bu qələmi mənə Asif bağışlayıb. Ona da dayısı Moskvadan alıb gətirib.
Natiq tez dilləndi:
- Müəllim, mənə də Eybəcər bağışlayıb, - bunu deyib,  küncə qısnanmış  gözləriylə Eybəcəri axtardı.
Eybəcər lap axırıncı partada otururdu.
Müəllim qəzəblə üz-gözünü qırışdırıb ona sarı baxdı. Sinfə səssizlik çökmüşdü. Hamı onların arasındakı ədavəti bildiyindən işin sonunu maraqla gözləyirdi
Müəllim Eybəcəri qaldırıb soruşdu:
- Düz deyir?
Eybəcər yerindən duranacan həm qardaşımla, həm də mənimlə göz-gözə gəldi. Sonra müəllimin əlindəki qələmə baxa-baxa dedi:
- Bəli.
Həmin gün evə üçlükdə qayıtdıq. Yolboyu susduq. Eybəcər tez-tez köks ötürüb nəsə demək istəyirdi. Amma axıracan da deyə bilmədi.
Qardaşım da ona mərdliyinin əvəzini qaytara bilmədi. Yəqin sözünü bir başqa vaxta saxlamışdı. Amma həmin vaxt gəlmədi...
Ertəsi gün dərsə gələndə məktəbin darvazasını bağlı gördük. Məktəbimiz bütünlüklə hərbiçilərə verilmişdi. Elə o gündən, o saatdan da sinif yoldaşlarımızdan ayrı düşdük...
Eybəcərin səsi məni düşüncələrimdən ayırdı.
- Niyə dinmirsən? Olmaya Natiqin başına bir iş gəlib?
- Universiteti yarımçıq qoyub cəbhəyə getdi. Ayağını itirdi. İndi protez ayaqla hərlənir. Beynindən zədə almışdı. Danışanda kəkələyir. Ancaq yaddaşı dipdiridi. Deyir, kaş ayağımı itirincə, yaddaşımı itirəydim.
Eybəcər divardan asılmış köhnə dəbli kişi şalvarlarına diqqətlə baxdı. Elə bil, o şalvarların ayağında  güllə yeri axtarırdı.
Mən gətirdiyim paltarları mağazaya təhvil  verdim. Küçəyə çıxanda Eybəcər Natiqlə görüşmək istədiyini dedi. Mən razılaşmadım. Onunla sağollaşanda telefon nömrəsini yazıb mənə verdi:
- Nə kömək lazım olsa, xəbər elə.
Beş-altı addım atandan sonra dayanıb geri döndüm. Eybəcərliyindən əsər-əlamət qalmamış Eybəcəri öz adıyla çağırdım:
- Bilirsən, Natiq həmişə deyir ki, Eybəcərin borcunu qaytara bilmədim. Özünə dərd eləyir...
Yenə beş-altı addım atandan sonra dönüb bir də arxaya baxdım. Eybəcər üzü o yana gedə-gedə dəsmalıyla gözlərini silirdi.

Samirə Əşrəf

TƏQVİM / ARXİV