adalet.az header logo
  • Bakı 19°C
13 Aprel 2017 22:11
7849
LAYİHƏ
A- A+

Sabir Rüstəmxanlı poeziyada

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(Əvvəli ötən sayımızda)

Burdan İsfəhana yollar görünər,
Doğma Həmodvana yollar görünər.
Yumsam gözlərimi Zəncanda, Xoyda
Boynuma dolanan qollar görünər.

Silkələdi ədəbi zümrəni. Sıxışdırdı, təzələdi, "nağılvarı nəsrin" hüdud və formalarını. Qoydu ortalığa "vətəndaş yanğıları ilə içəridən qızınmış poetik nəsrin" ilk nümunəsini. Daş atdı mühafizəkar tarixçilərin yaddaş aynasına. İçəridən çalxalandırdı korşalmış doqmatik beyinləri. Səyahətə apardı minləri, milyonları millətin etnogenezisinə. Nur çilədi paslı-kirli yaddaşlara. Yeni impulslar, emosiyalar daşıdı əxlaqi-mənəvi, əqli-fikri sferalara. Zövqləri, ovqatları yeniliklərə köklədi Sabir Rüstəmxanlının "ÖMÜR KİTABI" ədəbi-bədii, elmi-publisist sənət nəhəngi, poetik nəsrin azmanı! Və bu günün özündə belə oxunaqlıdır. Cəzbedicidir. Valehedicidir. Yaddaş və ürəklərə hökmedicidir. Çünki bu əsər bizi bizlərə tanıdır. Bizi bizlərə sevdirir. Əcdad ruhu çırpınır bu əsərdə. Əcdad nəfəsi duyulur bu əsərdə. "Keçmişdən gələcəyə, gələcəkdən keçmişə gedən bütün yollar"ın qovuşaq nöqtəsidir bu əsər. Keçmişlə gələcək, gələcəklə keçmiş yan-yana addımlayır bu əsərdə. Milli ruh, əxlaq, mənəviyyat, etnoqrafiya, tarix, mədəniyyət, dil, ədəbiyyat… toplu haldadır bu əsərdə.

Bu əsəri yavaş-yavaş, asta-asta, aramla, düşünə-düşünə oxuyanlardandır X.R. Ulutürk. Oxuyur. Fəxarətlənir. Qürurlanır qələm yoldaşının "Ömür kitabı" ilə. Şair X.R.Ulutürk sanki əsərin cümlələrində yox, "bakir eşqin ümman dalğalarında" üzür, nuş edir misra və beytlərin, abzas və epizodların şirinliyini, ürəyə yatımlığını, beynə-qəlbə nur-işıq daşıdığını:



Oxuyuram yavaş-yavaş… lap aramla.
Misraların şan balını nuş edirəm damla-damla.
Otaq səssiz, gecəyarı.
Almış məni dalğasına eşqin bakir ümmanları.
Çıraq keçsə bu əsəri sanma atam, durub-yatam,
Sözlərinin işığında çıraqban bir kainatam.



Və günlərin birində X.R.Ulutürk "Ömür kitabı"ndan aldığı zəngin təəssürat və yaşantılarını, fikir və düşüncələrini dəstələyib oxuculara təqdim edir.

Heyrandır X.R.Ulutürk Sabir Rüstəmxanlı obrazının şairlik və alimlik qüdrətinə. Qaya səbrinə. Dağ dözümünə. Araşdırıcı-tədqiqatçı qabiliyyətinə. Saysız-hesabsız məxəzlərə baş vurmasına. Tariximizi yanlış yazan başabəla alimlərimizin inkarına. Onlarla elmi polemika aparmasına. Elmi baxışlara çıraq tutmasına.



Sal qayanı yarıb çıxan şəffaf bulaq Şairimiz.
Dumanlarda azanlara çıraq, mayak Şairimiz



Beytdəki "Sal qaya", "dumanlarda azanlar" şəffaf bulaq, işıq, mayak şairimiz" poetik-sintaktik vasitələr altında tariximiz, bu tarixi araşdırarkən yanlış elmi nəticə çıxaran alimlər və bu yanlışlara münasibət sərgiləyən, duruluq, aydınlıq gətirən Sabir Rüstəmxanlı anlaşılmalıdır. "Sal qayanı yarıb çıxan şəffaf bulaq Şairimiz" misrası ilə X.R.Ulutürk demək istəyir ki, Sabir Rüstəmxanlı tariximizi ("sal qaya") elmi baxımdan düzgün, şəffaf, əyintilərə, qeyri-elmi nəticələrə yol vermədən araşdırıb. "Dumanlarda azanlara çıraq, mayak Şairimiz" misrasının yozumu belədir: gələcək araşdırıcılar qeyri-gerçəkliklərdə it-bat salınmış tarixmizi tədqiq edərkən əcnəbi və bəzi kosmopolit alimlərin elmi-nəzəri fikirlərinə kor-koranə yanaşmasınlar və Sabir Rüstəmxanlının "Ömür kitabı" gələcək tədqiqatçılara işıq-mayak kimi yol açan ən etibarlı elmi mənbəə, elmi məxəzdir.

X.R. Ulutürk poema-dastançada Sabir Rüstamxanlının türk xalqlarına, türk dillərinə, türk xalqlarının ədəbiyyat və tarixinə dərindən-dərin bələdliyini ürək alovu və yanğısı ilə poetikləşdirir. Beş-altı beytdə türklərin qədimliyini və böyüklüyünü, tarixən çox geniş bir ərazidə (Aral dənizi ilə Altay dağları arasında) məskunlaşdığını, türklərin sumerlərlə dil, mədəniyyət, ərazi yaxınlığını, Asiya, Afrika və Avropada türk mədəniyyəti izlərinin aşkarlandığını, dünyaya səpələnmiş türkdilli xalqların faciəsini və bu faciənin günümüzdə belə var oduğunu həm iftixar, həm də sonsuz nifrət hissilə qabardır Xəlil Rza Ulutürk. Və O, öz poemasında Sabir Rüstəmxanlının "Ömür kitabı"nda türk-şumer dillərinin bağlılığına, hər iki dildə işlənən çoxlu sözlərin doğmalığına və uyarlığına dair səsləndirdiyi elmi fikirlərini poetik sözün gücü və cazibəsilə təsdiqləyir:



Qoy utansın məhəbbətsiz, "ustanovka" alimləri.

Dəfn eləmək mümkün deyil nə Odəri, nə Şumeri.

Məhəbbətdir kəşf eləyən tarixin alt laylarını.

Araz ilə Kür davamı Dəclə, Fərat çaylarını.

Odər-Od ər, Şumer - Şum ər,

Salur - Sal ər, Uyğur - Uyuq ər.

Səpələnmiş mirvaridir Tatar, Bolqar, Balkar, Xəzər.



Dargözlərə, paxıllara amansız-güzəştsizdir. Dilinə, elinə biganələrə qəzəbli-nifrətlidir. Yalan və yalançılara, talan və talançılara, oğru və oğrubaşılara qənim-düşməndir. Kökünü-rişəsini, acılı-zəhərli nəfəslərini kəsməyə müsəlləh-səfərbərdir X.R.Ulutürkün Sabir Rüstəmxanlısı.



Oxuyuram aram-aram…Qala kimi duran şair,

Dargözlərə, daş üzlərə söz şilləsi vuran şair.

Yalan-palan dünyasını darmadağın edən şair,

Qıratların qızıl şəfəq qanadında gedən şair.



X.R. Ulutürkün Sabir Rüstəmxanlı obrazı vurğunluq simvolu, vurğunluq etalonudur. O, vurğundur Səmərqənddə çocuqların salamına. Nüşabənin İsgəndərə "Buyur, nuş et!" kəlamına. O, vurğundur Suraxanı ocağına. Məhəmmədi obasına. Tərtərin saf havasına. O, vurğundur Ordubadın dadlı-dadlı meyvəsinə. Köhlənlərin buz əridən nəfəsinə. O, vurğundur Nuh babanın qərbə, şərqə üzüb gedən gəmisinə. Məmləkətin dünəninə, bu gününə. O, vurğundur Fəzlullahı allah bilən Nəsimiyə. Tiranlara baş əyməyən Cavid adlı möcüzəyə. O, vurğundur ocaqların burul-burul tüstüsünə. Dairəvi təndirlərdə çörəklərin istisinə:



Mümkündürmü yığcam demək kimə, nəyə vurulmusan,

Fəzlullahı allah bilən Nəsimiyə vurulmusan!

Nəsimidən seçilməyən, keçidlərdə kiçilməyən

Cavid adlı möcüzəyə vurulmusan!



X.R.Ulutürk "ŞAİRİMİZ" şerində Sabir Rüstəmxanlını, əsasən, 80-lərdəki ictimai-siyasi hadisələrin fırtınalı qucağında - ön cəbhədə oxuculara təqdim edir. Və göstərir ki, həmin o ağır- kəşməkeşli, ziq-zaqlı, ziddiyyətli və təbəddülatlarla dolu dönəmlərdə Sabir Rüstəmxanlı Azərbaycanın rəmzi-simvolu olan simalardan idi və o, dövrün ictimai-siyasi, mədəni-milli mənzərəsini layiqincə tamamlayırdı. Rahatlanmırdı. İtirmişdi asudəliyini. Gecə-gündüz bilmirdi. Boğurdu məsləkdaşları ilə məmləkəti bürüyən qaranlığı. Addımlayırdı dan yerinin aydınlığına Sabir Rüstəmxanlı:



Gecəsi yox, gündüzü yox, cəbhəçidir daim öndə,

Gecə-gündüz gözlərinin həm ağı, həm qarasıdır.

İtələyir qaranlığı, addımlayır dan yerində,

Zülmətləri ildırımtək doğrayası, yarasıdır.



Gah dağlara qalxırdı, gah arana enirdi. Gəzirdi Azərbaycanı addım-addım. Yolu Naxçıvandan, Lənkərandan düşürdü. Salyanı, Kazanı, Zəncanı da unutmurdu. Ayaqüstü Şirvana baş çəkir, Muğandan da keçirdi. Fürsət gəzirdi silkələsin mürgüləyən beyinləri. Oyatsın yatmış şüurları böyük-kiçik salonlarda Sabir Rüstəmxanlı:



Gah dağdadır, gah aranda - Naxçıvanda, Lənkəranda,

Yarı canı ya Salyanda, ya Kazanda, ya Zəncanda.

Macal gəzir beyinləri, şüurları silkəməyə.

Yollardadır gecə-gündüz gah Şirvanda, gah Muğanda,

Şair Sabir Rüstəmxanlı bir günəşdir gündoğanda.



1980-lərdə silahlanmışdı Sabir Rüstəmxanlı. Silahlanmışdı qılıncdan kəsərli SÖZlə. Atomdan güclü QƏLƏMlə, qeyrət-cəsarət kürsüsü "AZƏRBAYCAN"la. Ciyərinin odunu-atəşini içirmişdi bu üç mənəvi qüdrətə. Gərək idi bu üç mənəvi qaynaq Sabir Rüstəmxanlıya: qartımış canavaların qanlı dişlərini qırıb yerə atmaq üçün; Vətəni xımır-xımır gəmirən qalstuklu tuzları kabinet-mağaralardan süpürüb atmaq üçün; həqiqətləri xalqa-millətə çılpaqlığı ilə çatdırmaq üçün; Azərbaycan insanını azadlıq və müstəqillik ideyası ətrafında sex birləşdirmək üçün! Birləşdirmişdi Sabir Rüstəmxanlı bu üç güc qaynaqını öz vətəndaş qeyrətində, öz şair xislətində:



Gecə yarı imzalayır "Azərbaycan" qəzetini,

Qurtum-qurtum içdiyi çay bəxş edərmi ləzzətini?

Daim əli qələmlidir. Qələm-Misri qılıncıdır,

Bu çarpışma dodağında son nəfəsi qalıncadır.

...Addımlayır, silkələyir naşıları, nadanları,

Dar gözləri baxa-baxa ayaq üstə yatanları.



X.R.Ulutürkün Sabir Rüstəmxanlı obrazı birlik və həmrəylik carçısıdır. Çağırırdı o, hamını, hər kəsi milli birliyə, vətəndaş həmrəyliyinə. Bilirdi güc birlikdədir. Uğur vətəndaş həmrəyliyindədir. Bilirdi xalqı mənəvi ucalığa aparır birlik. Real və böyük gücdür həmrəylik. Bunları bildiyindən o haraylayırdı birliyə minləri, milyonları. Çağırırdı birliyə qanıbir, dilibir qardaşları, doğmaları, əzizləri, cılızları, acizləri:



Ey cılızlar, iriləsin, birləşin!

Yoxsa Kommunist küçəsində iy verəcək sabah leşin.

İriləşin və birləşin beş barmağın yumruğutək

Yoxsa birlik, gəbərəcək həm ac köpək, həm tox köpək



Meydan hərəkatını yaxından izləyən X.R. Ulutürk (o həm də bu hərəkatın içində idi) xalqın birliyinə rəxnə salanları da, Sabir Rüstəmxanlını ləkələməyə can atanları da unutmur. Çünki xalq birliyi, Sabir Rüstəmxanlı vətənpərvərliyi və meydangərdliyi qorxudurdu, əndişələndirirdi azadlıq və müstəqilliyə düşmən kəsilənləri. Kimlərdir azadlığa qənim kəsilənlər, müstəqilliyə dirsək göstərənlər? Sadalayır, bir-bir nişan verir həmin düşmənləri X.R.Ulutürk:



…Gecə-gündüz sərvət üstə boğuşanlar, dartışanlar,

Minib rüşvət köhlənini taxt başına yığışanlar.

…Pudralanan, boyalanan arvadsifət kişiciklər.

…Şan-şöhrətə, eyş-itşrətə əsir düşən divanələr.

..Son gücünü, taqətini bir axçiyə sərf edənlər.

…Baş mövqedə baş girləyən müqəvvalar, ölü canlar.



X.R. Ulutürk Sabir Rüstəmxanlının "dişləri ovxarlı, quduz bir mənəvi terrorla" üz-üzə dayandığının, iç-içə yaşadığının, qəhrəmanına yer-yerdən həm cəbhəçi "dost"lardan, həm müstəqilliyə yabançılardan, həm də daxili-xarici güclərdən təzyiq və basqıların səngimədiyinin canlı şahidi idi. İstiqlalçı X.R.Ulutürk ona da şahid idi ki, bütün bu mənəvi terrorlar dalğasında sarsılmırdı, əyilmirdi, yenilmirdi, vətəndaş və şair mövqeyindən əsla çəkinmirdi Sabir Rüstəmxanlı. Əksinə, daha da qüdrətlənir - cürətlənirdi, qürurlanır - onurlanırdı, var-gur səsilə güclüləri - gücsüzləri, yaxınları - uzaqları qırmızı imperiyaya, bu imperiyanın havadarlarına dirənişə-döyüşə, savaşa-vuruşa ruhlandırırdı:



Ey güclülər, ey gücsüzlər, od içindən çıxın, gəlin!

Sərhədlərin qan qırmızı dirəyini yıxın, gəlin!

Yıxın qanlı sarayları, qırın zülmət heykəlləri!

Pozun əqrəb yuvasını, heykəlləşən əngəlləri.

Yol verməyək, qudurmasın bu karyera nökərləri,

Qıpqırmızı, qan qırmızı imperiya təkərləri



Sabir Rüstəmxanlı milli azadlıq hərəkatının ən qaynar-qızğın çağlarında (elə yaradıcılığında) kommunist imperiyasının daxili mahiyyətini, şovinist xarakterini, qeyri-rus millətlərə, xüsusən türkdilli xalqlara yad-ögey davranışlarını faktlarla, məlum tarixi gerçəkliklərə söykənərək kütlələrin, mitinq iştirakçılarının yaddaşlarına ötürürdü. Bu, xalqın imperiyaya qəzəb-nifrətini alovlandırır, inam-inancını, etibar-etimadını sarsıdırdı. X.R.Ulutürk Sabir Rüstəmxanlıya xas bu ümdə keyfiyyəti mümkün qədər, həm də inandırıcı şəkildə "Şairimiz" şerində parlaq poetik-obrazlı dildə ümumiləşdirir:



Planetin ürəyidir Odlar yurdu Azərbaycan.

Hanı nefti, ağ pambığı?! Nə zər qaldı, nə də mərcan.

Gecə-gündüz qatar-qatar

Zeytun, püstə, badam gedir.

Maşinisti sarı ilan, məgər orda adam gedir?

Neçin ölmür millətləri sümür-sümür sümürənlər,

Sümüyümü ağzı qanlı canavartək gəmirənlər?!



80-lərdə xalqdan-millətdən səadət - xoşbəxtlik düşüncələrini də əsirgəmirdi Sabir Rüstəmxanlı. İstiqlal mücahidinin səadət düşüncələrini ümumi şəkildə belə xülasə etmək mümkündür: hamı səadət-xoşbəxtlik arzusundadır. Özbaşına döyməz heç kimin qapısını səadət. Əmrlə, yalvarışlarla reallaşmaz səadət. Uğrunda çarpışmaq-vuruşmaq gərəkdir. Varlı-karlılar qapadıb yoxsulların üzünə səadəti. Tikanlı məftillə çəpərləyiblər yollarını. Zəncirləyiblər qollarını. Kündələyiblər ayaqlarını. Tikiblər dodaqlarını. Həbs ediblər nəfəsini. İtirib-batırıblar səsini. Şəxs-fərd səadəti dişləri-dırnaqları ilə qoparmalıdır zülmətlərin bağrından. Daşürəklilərin boğazından. Fasiləsiz mübarizədədir səadət. Hər kəs onu qazanmalıdır qeyrətlə, cəsarətlə. Onu şadlıq-sevinc mələyitək aparmalıdır evinə, ailəsinə, yurduna, məmləkətinə. X.R.Ulutürk Sabir Rüstəmxanlının səadət düşüncələrini, səadətə qovuşma yolları haqqında tövsiyələrini təmtəraqlı-dəbdəbəli üslubun imkanlarından maksimum yararlanaraq bədiiləşdirir:



Səadəti qayalardan qəlpə-qəlpə qoparmalı,

Səadəti bir evə yox, milyard evə aparmalı.

Səadəti verən olmaz, qeyrətinlə almaq gərək,

Axtaları, saxtaları şah taxtından salmaq gərək.



Xalq şairi X.R.Ulutürkün sevə-sevə yaratdığı Sabir Rüstəmxanlı obrazı haqqında dediklərimizi yekun olaraq aşağıdakı kimi ümumiləşdirmək olar:

Sabir Rüstəmxanlı: a) respublikada milli şüuru, milli özünüdərki yaradanlardan, formalaşdıranlardandır; tarixi yaddaşımızın, istiqlal və suverenlik idealımızın keşikçilərindəndir. b) müstəmləkə Azərbaycanı rus istibdadına, rus əsarətinə dirənişə-protestoya qaldıranlardandır. c) XX yüzilliyin 80-lərində "əsrlərlə yatmış millətin və məmləkətin qulağına dirilik şeypuru" (M.Cəlil) çalanlardandır. ç) "Azərbaycan" qəzeti ilə milli müdafiə cəbhəsinin təbliğat mərkəzini bina edənlərdəndir, bəlkə də, birincidir. e) kommunist Azərbaycanda türkçülük, turançılıq toxumlarını beyinlərə ilkin əkənlərdəndir. ə) "Xalqı özünün qeydinə qalmağa, özünə sahib olmağa" (Asif Ata) çağıranlardandır. f) meydan hərəkatının öncüllərindən, ideoloqlarından və aparıcı simalarındandır. n) həm ədəbi-bədii fikrin, həm də milli-ictimai təfəkkürün yeniləşməsinə, xalqımızın milli-mənəvi intibahına əhəmiyyətli təsir göstərənlərdəndir. x) bir obraz və şəxsiyyət kimi bütövdür, zəngindir, yüksək humanist ideyaların daşıyıcısı-ötürücüsüdür. Bu gün də xalqın mənəvi gücü, istedadı, qələmi, söz-fikir-düşüncə adamıdır və s.

X.R. Ulutürk Sabir Rüstəmxanlı obrazını geniş, əhatəli, çoxplanlı epik lövhələrdə yaratmamışdır. O yalnız Sabir Rüstəmxanlının bəzi əxlaqi-mənəvi keyfiyyətlərini, çeşidli hiss və düşüncələrini, müstəqillik və mənəvi suverenliyə çağırış və haraylarını lirik-romantik axarda poetikləşdirmişdir. Şübhəsiz, şair və yazıçılar gələcək illərdə X.R.Ulutürkün başlatdığı bu nəcib-xeyirxah işi davam etdirəcək və Sabir Rüstəmxanlının miqyaslı və şaxəli, parlaq və möhtəşəm nümunəvi obrazını yaratmaqda inamlı-inadlı addımlar atacaqlar.

Musa Xanbabazadə



AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ