adalet.az header logo
  • Bakı 18°C
13 Aprel 2017 16:42
35945
ƏDƏBİYYAT
A- A+

Kürdəmir rayonunda təqdimat

Kürdəmir rayonunda aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş baş leytenant Əbu Bəkr İsmayılov və Tural Qurbanovun xatirəsinə həsr olunmuş tədbir keçirib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon rəhbərliyi, millət vəkili və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin əməkdaşları iştirak edib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının "Çaşıoğlu” nəşriyyatında çap olunmuş "Hay ver mənə, cənab leytenant” kitabı oxuculara təqdim edilib.

Əbu Bəkr İsmayılovun şərəfli həyatını əks etdirən foto çarx nümayişi olunduğu tədbirdə çıxış edən Millət vəkili, akademik Rafael Hüseynov Dağlıq Qarabağ döyüşlərinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan aprel döyüşlərindən söhbət açdı.

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, "Hay ver mənə, cənab leytenant” kitabının rəyçisi, ehtiyatda olan polkovnik-leytenant Qabil Nəsibov, şəhidin dostu baş leytenant Bəhmən Heybətov, Sor-sor kənd orta məktəbinin direktoru Zeynal Səfərov çıxış edərək kitabın əsas məziyyətlərindən və bu kitabın hər kəsin stolüstü kitabına çevrilməsi və məktəblərdə təbliğ olunmasının vacibliyindən bəhs ediblər. Orta məktəb şagirdləri kitabdan parçalar oxudular və Əbu Bəkr İsmayılovun şeirlərini ifa etdilər. "Hay ver mənə, cənab leytenant” kitabının müəllifi, muzeyin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək kitabın yazılması zərurətindən, burada təsvir olunmuş fakt və məqablardan danışdı, kitaba yaranan maraq və diqqətə görə oxuculara təşəkkürünü bildirdi. Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova, şəhid Tural Qurbanovun atası Gürşad Qurbanov çıxış edərək övladları ilə fəxr etdiklərini bildirdilər. Şəhid valideynləri qəhrəman şəhidlərimizə həsr olunmuş kitabın onlara təskinlik verdiyini və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması üçün vacib olduğunu bildirərək müəllifə təşəkkür etdilər.

Qeyd edək ki, sözügedən kitab işğalçı Ermənistan hərbi birləşmələrinin 2016-cı il aprelin 2-də Dövlətimizə qarşı növbəti təxribatının qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş, Mi-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun qısa, eyni zamanda şərəfli həyatından, şəxsi keyfiyyətlərindən bəhs edir. Eləcə də, onun doğmaları, dostları müəllimləri və iş yoldaşlarının söylədikləri maraqlı xatirələr, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə onun haqqında yazılanlar da kitabda öz əksini tapmışdır.

Onu da bildirək ki, baş leytenant Əbu Bəkr İsmayılov ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə, şəhid Tural Qurbanov isə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar.