adalet.az header logo
  • Bakı 19°C
13 Aprel 2017 14:32
20008
GÜNDƏM
A- A+

ALİ SOVETİN QANUNU SABİR RÜSTƏMXANLI ÜÇÜN KEÇƏRLİ DEYİL

Bir dəfə Sabir Rüstəmxanlı içkili maşın sürərkən dövlət avtomobil müfəttişi (o vaxtlar yol polisi belə adlanırdı) onu saxlayır və sürücülük vəsiqəsini əlindən alır. Sabir nə qədər desə ki,qardaş, mən şairəm, «Ədəbi yyat və incəsənət» qəzetinin şöbə müdiriyəm, özü də sərxoş deyiləm, xeyri olmur. Nəticədə şair sürücülük hüququndan bir illik məhrum edilir. Sabir müəllim gəlir həmin vaxtlarda Ali Sovetin sədri olan Süleyman Rüstəmin yanına. Süleyman Rüstəm respublika DAM-ın rəisinə telefon açır və xahiş edir ki, Sabiri sürücülük hüququndan məhrum eləməsinlər. Rəis bildirir ki, bu mümkün deyil, çünki biz qanunla işləyirik və həmin qanunu da Ali Sovet qəbul edib, biz onu poza bilmərik.

Süleyman müəllim Respublika Dövlət Avtomobil Müfəttişliyinə Ali Sovetin adından belə bir məktub göndərir: «Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi filan-filan qanuna əsasən şair Sabir Rüstəmxanlı sürücülük hüququndan məhrum edilib. Sizə rəsmi olaraq bildiririk ki, Ali Sovetin həmin qanunu görkəmli şair Sabir Rüstəmxanlı üçün keçərli deyil».

Bu rəsmi məktubdan sonra Sabir Rüstəmxanlının sürücülük vəsiqəsini qaytarıb verirlər özünə.

İndi Milli Məclisə siqaretin ictimai yerlərdə qadağan olunması ilə bağlı qanun layihəsi gəlir. Bu da şair dostumuz Rəşad Məcidi çilədən çıxarıb və möhkəm etirazını bildirib, hətta siqaret haqqında elə gözəl bir şeir yazıb ki, siqaret çəkməyən o şeiri oxuyandan sonra siqaret çəkmək istəyər.

Dostum, sən siqaret təbliğatı aparma və narahat olma. Biz də qanun qəbul edəndə ora ayrıca bir maddə salarıq ki, bu qanun şair Rəşad Məcid üçün keçərli deyil.