adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Aprel 2017 00:32
8470
ƏDƏBİYYAT
A- A+

TEZ BÖYÜ, OXŞAYIM SƏNİN BOYUNU

Ömrüm təzələndi, il təzələndi,

Dərdli ürəyimə sevinc ələndi.

Dünya gözlərimdə nura bələndi,

Axı bu dünyada sən varsan, bala!



Damla-damla yığıb dərya suyunu,

Tez böyü, oxşayım sənin boyunu.

Kaş görə biləydim nəvə toyunu,

Gün gələr, sən də bəy olarsan, bala!



Uymaynan şöhrətə, aldanma vara,

Sən özün kömək ol, kim düşsə dara.

Zülmət gecələrə, qaranlıqlara,

Günəş tək bir işıq salarsan, bala!



Sənin çiynindədir tanrının əli,

Gözəl dövran sürüb yaşarsan bəli.

Elmlə, hünərlə gedib irəli,

Həmişə qələbə çalarsan, bala!



Döyüş meydanında vuruş şir kimi,

Səcdənə gələrlər ocaq, pir kimi.

Həyatda iz qoyub Cavanşir kimi,

Tarixdə əbədi qalarsan, bala!



Saçına dən düşüb baba olanda,

Nəvə sevinciylə gözün dolanda,

O xoşbəxt günündə, həmin o anda,

Babanı yadına salarsan, bala!


YOXDU



Ömrüm-günüm keçir hədər,

Tənha qalım de nə qədər?

Boğur məni qüssə, kədər,

Can dərdimə yanan yoxdu.



Mən nə deyim bu dövrana,

Yığılmışam vallah cana.

Tək qalmışam yana-yana,

Yada salıb anan yoxdu.



Bağlarımı barsız qoydun,

Dağlarımı qarsız qoydun,

Dünya məni yarsız qoydun,

Dünya səndə vicdan yoxdu.



Ürək yanır, can ağlayır,

Bir yetim insan ağlayır.

Yazıq Vahid qan ağlayır,

Gözlərindən duyan yoxdu.




FƏLƏK



Əlində tutduğun zəhərli oxdu,

Bizim çəkiləsi dərdimiz çoxdu.

Gözünü qan örtüb xəbərin yoxdu,

Bəlkə gözlərini siləsən fələk!



Yaş olub gözümə nolar dolma, tez,

Qoy hələ yaşayaq gəl, can alma, tez.

Yarı öz yarından ayrı salma tez,

Ayrılıq bəladı, biləsən fələk.



Taleyin qəm yükü belimi əydi,

Eh, başım daşlardan daşlara dəydi.

Bəlkə sən deyəsən, günahı nəydi?

Döndərdin Kərəmi külə sən, fələk.



Hər kəsə dağ çəkib salırsan dərdə,

Ancaq yaxşıları tapır kədər də.

Allahın əmriylə can alan yerdə,

Allahın əmriylə öləsən, fələk.



Yaşamaq gözəldir, insaf yox səndə,

Nədən can almaqdan doymadın sən də.

Ölüm haqq işidir, bilirəm mən də,

Gələndə vaxtında gələsən fələk.



ÜRƏYİM YAMANCA

DARIXIR SƏNSİZ



Bu sevgi önündə baş əyirəm mən,

Yolunu hər zaman gözləyirəm mən.

De harda, qalmısan, gəlmirsən nədən?

Ürəyim yamanca darıxır sənsiz.



Bilmirəm nə işdi başıma gəldi,

Sevgi yaşa baxmır, hər an gözəldi.

Həsrətin ox kimi sinəmi dəldi,

Ürəyim yamanca darıxır sənsiz.



Aylar, Illər ötür, yaşa doluram,

Payız çiçəyitək mən də soluram.

Sənsizəm, dərdindən dəli oluram,

Ürəyim yamanca darıxır sənsiz.



Ayrılıq, tənhalıq nə imiş bildim,

Özüm öz dərdimə dəli tək güldüm.

Səni gözləməkdən inan ki, öldüm,

Ürəyim yamanca darıxır sənsiz.



YAŞIMIN O

VAXTI DEYİL



Görmürsənmi saçda dəni?

Yollarımda duman, çəni.

Hara çəkir gözün nəmi?

Yaşımın o vaxtı deyil.



Göz süzdürüb belə baxma,

Ürəyimi yay tək sıxma.

Bir baxışla məni yıxma,

Yaşımın o vaxtı deyil.



Eşq bağında gül əkməyə,

Eh, təzədən ev tikməyə,

Daha mənim naz çəkməyə,

Yaşımın o vaxtı deyil.



Çəkiləsi dərdim azmı?

Heç bilmirəm qışmı, yazmı?

Ellər məni qınamazmı?

Yaşımın o vaxtı deyil.



XƏBƏR GƏTİRİN



Başımın üstündən ötən durnalar,

Gözlərim önündən itən durnalar,

Bircə xahişim var, sizdən nə olar,

Mənə nazlı yardan xəbər gətirin.



Onsuz açılarmı bağda çiçəklər?

Bir gün ürəyimdə dərdim çiçəklər.

Ey yağan yağışlar, əsən küləklər,

Mənə nazlı yardan xəbər gətirin.



Unuda bilmədim bir an da onu,

Gözlərim axtarır hər yanda onu.

Gəlib yetişməmiş ömrümün sonu,

Mənə nazlı yardan xəbər gətirin.



Ayrılıq canımı alıb nə vaxtdı,

Çəkilməz dərdlərə salıb, nə vaxtdı.

Eh, Vahid tək-tənha qalıb nə vaxtdı,

Mənə nazlı yardan xəbər gətirin.