adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Aprel 2017 14:05
5641
MƏMLƏKƏT
A- A+

İSTİLİK PULLARI NƏ VAXT ÖDƏNİLƏCƏK?

«Azəristiliktəchizat»ın əməkdaşları qapı-qapı düşərək abonentlərin borclarını ödətdirə bilmirlər

Hər il payız və qış mövsümündə mənzillərimizi qızdırmaq üçün biz müxtəlif yanacaqlardan istifadə edirik. Onlardan da ən ucuzu, ekoloji cəhətdən ən təmizi və təhlükəsizi mənzillərin isti su ilə qızdırlımasıdı. Bu vəzifəni də Bakı şəhərində «Azəristiliktəchizat» yerinə yetirir.

Onu da qeyd edək ki, noyabr ayının 15-dən aprelin 15-dək «Azəristiliktəchizat» evlərə istilik verir. Bu müddət ərzində istiliklə bağlı yaranmış hər hansı problem operativ olaraq həmin qurum tərəfindən həll edilir və mövcud çətinliklər aradan qaldırılır. Ancaq gəlin onunla razılaşaq ki, «Azəristiliktəchizat»ın da «Azərişıq»a və «Azərqaz»a işlətdikləri yanacağa görə borcları olur. Bu borclar da uzun illər verilməyəndə hər il payız mövsümündə bu üç qurum arasında müəyyən problemlər yaşanır.

Çünki «Azəristiliktəchizat» həmin qurumlara borcları milyonlarla ölçülür. Təbii ki, bu pul da vaxtında «Azəristiliktəchizat»ın hesabına keçirilməlidir ki, onlar da həmin qurumlara olan borclarını verə bilsin.

Təəssüflə qeyd etməliyik ki, bu məsələlər hər dəfə payız mövsümündə böyük bir mübahisə mövzusuna çevrilir, borclu olan tərəf hər dəfə bir çox çətinliklərlə üzləşir. «Azərişıq» və «Azərqaz» isə iki ayağını bir başmağa dirəyib deyir ki, mənim borcumu ver, mən də səni lazımi yanacaqla təmin edim.

Aydındır ki, bu borclar da payız və qış mövsümlərində istiliklə təmin olunmuş mənzillərin sahibləri tərəfindən ödənilməlidir. Əksər abonentlər isə borcu ödəməkdən ya boyun qaçırır, ya da ki, vermək istəmir. Hətta imkanlı adamlar belə 5 ay işlətdikləri istiliyin pulunu «Azəristiliktəchizat»a verməkdən imtina edir, min bir bəhanə ilə aradan çıxır.

Yazıq «Azəristiliktəchizat»ın əməkdaşları isə həm payız-qış mövsümündə, həm də yaz mövsümündə borcları yığmaq üçün qapı-qapı gəzməli olurlar. Heç çox vaxt əksər abonentlər yaz mövsümü gələndən sonra qapını onların üzünə açmırlar. Eşidəndə ki, qapını döyən «Azəristiliktəchizat»ın əməkdaşlarıdır, əksər abonentlər nəinki qapını açır, heç onların qapını döyməsinə belə məhəl qoymurlar. Həmin əməkdaşlar da ayrı-ayrı mənzillərin sahibinin qapısını döyməkdən yorulur, axırda da kor-peşman idarəyə qayıdır.

Ancaq gəlin görək «Azərişıq»ın və eləcə də «Azərqaz»ın çox yox, bir ay pulunu ödəməsən nələr baş verər? Çünki heç kəsə sirr deyil ki, həmin qurumlar əksər yerlərdə kart sisteminə keçiblər və bu kartda da pul olmayanda avtomotik olaraq işıq və qaz təchizatı mənzillərə dayandırılır. Bax onda mənzil sahibi məcbur olub iki daşın arasında ticarət mərkəzlərindən birinə qaçır, orda karta ya qaz yüklətdirir, ya da işıq. Bundan sonra kartı sayğaca qoyur və yenidən mənzillərə enerji verilir.

Bəs onda «Azəristiliktəchizat» neyləsin? Onların ki, hələ bu cür texniki imkanları yoxdur. Bizim millət də qayda-qanunu və intizamı bir o qədər də sevən xalq deyil. Yəni kimsə gəlib məcbur etməsə, çoxları həmin pulu ödəməkdən vaz keçir. Ataların belə bir məsəli var: «Yüz dəfə İmam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağlamaq lazımdı». Ürək ağrısı ilə deməliyik ki, bizim əksər abonentlər istilik pulunu ödəməkdən yayınırlar. Kasıbları başa düşmək olur. Bəs onda imkanı olan adamlar niyə «Azəristiliktəchizat»ın pulunu vaxtında vermək istəmirlər?!

Ötən ilin noyabrın 15-dən bu ilin aprelin 13-nə qədər Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki binaların hamısına yüksək təyziqli istilik verilib. Yəni qışın oğlan çağında bu yaşayış sahəsində əhalinin istiliklə bağlı heç bir çətinliyi olmayıb. Hətta bir gün belə mənzillərə istilik kəsilməyib. Bir çox halda qəzalar baş verərkən «Azəristiliktəchizat»ın əməkdaşları qışın şaxtasında, qarında mövcud xətlərdə yaranmış problemi operativ surətdə aradan qaldırıblar və bir neçə saatdan sonra evlər istiliklə təchiz olunub.

Beş ay başa çatır. İndi gəlin görək əhalinin neçə faizi «Azəristiliktəchizat»a öz borcunu ödəyib? Bununla bağlı həmin qurumla əlaqə yaratdıq. Öyrəndik ki, istilikdən istifadə edənlərin heç 15-20 faizi borclarını tam ödəməyib. Düzdür, ödəniş var, oda çox cüzi bir miqdarda. Bax, belə olan təqdirdə növbəti ildə «Azəristiliktəchizat»ın əməkdaşların hansı maraqla əhaliyə xidmət göstərəcək. Gərək biz onların xidmət pullarını və borclarımızı vaxtında ödəyək ki, bu qurumun da digər qurumlara olan borcları verilə bilsin. Üstəlik də «Azəristiliktəchizat»ın nə qədər işçisi var. Onlar da əməkhaqqı almalıdır, ya yox?!

Çox uzağa getməyəcəm, elə konrket olaraq özümdən danışacağam. Oktyabr, noyabr aylarında elektrik enerjisindən istifadə etdiyimə görə, hər iki ayda 80 manatdan çox pul ödəmişəm. Amma 5 ay «Azəristiliktəchizat»a xidmətə görə 35 manat pul vermişik. İndi görün bir ayda elektrik enerjisinə verdiyimiz pulu 5 ayda ondan da az miqdarda «Azəristiliktəchizat»a veririk. Deməli, sadəcə olaraq biz bir qədər dövləti, xalqı düşünmürük. Elə fikirləşirik ki, min bir bəhanə ilə işlətdiyimiz istiliyin pulunu ödəməyək. Ya deyirik imkanımız yoxdur, ya da qapı döyüləndə onu açmırıq. Və bu yazıq «Azəristiliktəchizat»ın əməkdaşları da qapıları döyürlər, döyürlər, sonra əliboş, üzüqara idarəyə dönürlər. Təbii ki, belə anda idarənin də rəisi əsəbləşəcək, pulu ala bilməyən əməkdaşı danlayacaq və bəzən də onu işdən azad edəcək.

Yəni kütləvi surətdə abonentlər tərəfindən istilik pulu ödənilməyəndə təbii ki, həmin qurum çıxılmaz vəziyyətə düşəcək. Əgər istəyirik ki, növbəti payız-qış mövsümündə mənzillərimiz istiliklə təmin edilsin, onda gərək hamı gecikmədən «Azəristiliktəchizat»a olan borcunu vaxtında ödəsin.

Heç onları qapı-qapı gəzməyə və qapını döyməyə imkan vermək lazım deyil. Çünki qapını döyənlər də, pul yığanlar da Azərbaycan vətəndaşıdır. Təbii ki, onları da anlamaq, başa düşmək lazımdır. Əhali bir qədər maariflənsə, öz hüquqlarını anladığı kimi başqalarını da qiymətləndirsə, bu cür problemlər təkrarlanmaz və mənzillərimizə vaxtında istilik verilər.

Faiq QİSMƏTOĞLU