adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Aprel 2017 13:37
14001
SİYASƏT
A- A+

Lavrov: “Tramp administrasiyasının real niyyətini anlamaq istəyirik”

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Reks Tillersonla görüşü keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, görüşün yalnız protokol hissəsi mediaya açıq olub.
S. Lavrov ABŞ dövlət katibi ilə görüşdə beynəlxalq məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyini söyləyib. Rusiya XİN başçısı ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrindən narahatlığını bir daha dilə gətirib: "Ümid edirik ki, bu cür hallar bir daha təkrarlanmayacaq. Hesab edirəm ki, səfəriniz mühüm əhəmiyyət daşıyır. Moskva üçün Tramp administrasiyasının real niyyətini anlamaq olduqca vacibdir".

S. Lavrov Rusiyanın hər zaman dialoq tərəfdarı olduğunu vurğulayıb: "Biz hər zaman kollektiv fəaliyyətin tərəfdarıyıq. Mövqeyimiz dəfələrlə amerikalı həmkarlarımızın diqqətinə çatdırılıb. Bizim üçün sizin mövqeyinizi, ABŞ-ın mövqeyini, administrasiyanızın real niyyətini anlamaq vacibdir. Ümid edirik ki, bu gün bu yolda irəliyə gedəcəyik".

R. Tillerson isə rəsmi Vaşinqtonun Rusiya ilə əlaqələrin saxlanılmasında maraqlı olduğunu söyləyib: "Biz sizinlə tez-tez telefon əlaqələri saxlayırıq. Vaşinqton bu xəttin açıq qalmasının tərəfdarıdır. Bu görüş bizim üçün olduqca vacib bir vaxtda keçirilir. Mövqelərimizi bir-birimizə izah etməyə çalışırıq. Məqsədimiz və vəzifəmiz ümumidir. Taktiki yanaşmalarımızın fərqli olmasına baxmayaraq maraqlarımız üst-üstə düşür. Ümid edirəm ki, bu görüş ölkələrimiz arasındakı münasibətləri müsbət istiqamətdə aparmaq üçün açıq dialoqa kömək edəcək".

Qeyd edək ki, Lavrov-Tillerson görüşündə Suriya münaqişəsi, Ukrayna və Şimali Koreya problemləri, o cümlədən Rusiya-ABŞ ikitərəfli münasibətləri müzakirə olunacaq. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.