adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Aprel 2017 14:45
5128
MƏMLƏKƏT
A- A+

YENƏ NARAZILIQLAR VAR…

Biz Bakının 20-ci Yaşayış sahəsindən Ələtə gedən 195 saylı marşrutla bağlı dəfələrlə tənqidi yazılar qələmə almışıq və həmin tənqidi yazılarda qeyd etmişik ki, bu marşrutlarda tez-tez hərəkət qrafiki pozulur, avtobuslar dayanacaqlara vaxtında çatmır. Hətta 20-ci sahədə avtobus gözləyən sərnişinlər bəzən 15 dəqiqə əvəzinə, yarım saat vaxt itirməli olurlar. Gözləyirlər ki, bəlkə avtobus gəldi, onlar da əyləşib rahat mənzilbaşına getdilər.

Ancaq sərnişinlərin sevincləri heç də uzun çəkmir. Yəni onlar çox nadir hallarda avtobusların dayanacaqlara vaxtında çatdığını görərlər. Düz 1 ildən çoxdur ki, bu marşrutda hələ də qayda-qanun yaradılmayıb və sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlər vaxtında həyata keçirilməyib. Təbii ki, bu cür mövcud nöqsanların davam etməsi istər-istəməz sərnişinləri narahat etməyə bilməz.

Əvvəllər bu marşrutda vəziyyət daha acınacaqlı idi. Belə ki, avtobuslar dayanacağa 40-45 dəqiqədən və bəzən də 1 saatdan sonra gəlib çıxırdı. Üstəlik də həmin marşrutda işləyən avtobusların əksəriyyəti köhnə idi və texniki cəhətdən lazımi tələblərə cavab vermirdi. Məhz bu mövcud nöqsanlara görə həmin marşrut sahibkarın əlindən alınaraq bir müddətdir ki, digər sahibkara verilib.

İnsaf naminə deməliyik ki, indi xəttə buraxılan avtobuslar əvvəlkilərlə müqayisədə texniki tələblərə cavab verir, oturacaqlar normaldır və qış aylarında demək olar ki, maşınların istilik sistemləri də pis-yaxşı işləyir. Bununla yanaşı, avtobuslarda səliqə-səhman və xüsusi bir nəzarət də var. Bunlar hamısı müsbət qiymətləndirilir.

Təəssüflə qeyd etməliyik ki, bu cür müsbət fəaliyyətlə yanaşı, həmin marşrutda kifayət qədər nöqsanlar da mövcuddur. Elə biz də bu nöqsanları qeyd eləmək istəyirik ki, sahibkar və sürücülər çatışmazlıqları aradan qaldırsın və sərnişinlərə daha yaxşı xidmət göstərsinlər.

İndi keçək əsas mətləbə, yəni bu marşrutda işləyən avtobusların qrafikə uyğun hərəkətinə. Birincisi, həmin avtobuslar 20-ci yaşayış sahəsində həddindən çox ləngiyir. Biz həmin dayanacaqda olarkən yola düşməli olan avtobusun sürücüsü dispeçerin göstərişinə əməl etməyərək ləngiyirdi. Hətta dispeçer bir qədər əsəbləşdi və bundan sonra sürücü avtobusu işə saldı. Amma 10-15 metr getməmişdi, yenə avtobusu saxladı və sərnişin yığmağa başladı. Hansı ki, dispeçerlə onun arasında 10-15 metr məsafə vardı. Dispeçer yenidən uzaqdan qışqırdı və sürücü heç nə eşitməyirmiş kimi hərəkət edirdi. Elə burda da nə az, nə çox 3-4 dəqiqə ləngidi. Salonda sərnişinlərin narazılığından sonra birtəhər qapını bağladı və yenidən maşını işə saldı.

Sahil qəsəbəsinə çatanda isə yaşlı qadınlar çox çətinliklə özlərini avtobusun salonuna sala bildilər. 60-70 yaş arasında olan bir qadın gileyləndi ki, ay oğul, düz 40 dəqiqədən çoxdur avtobusu gözləyirik gəlib çıxmaq bilmir. Hansı ki, sizin üstünüzdə başqa marşrutda işləyən avtobusun ikisi gəlib gedib, siz isə gəlmək bilmirsiniz. Gözümüzün kökü saralıb e, sizi gözləməkdən.

Sürücü isə heç bir söz demədi. Ancaq mən onunla söhbət edəndə bildirdi ki, qardaş, heç kəs bu avtobuslarda sürücü işləmək istəmir. Çünki avtobusu minən azdır, heç xərcini belə çıxarmaq olmur. Neçə sürücü gəlib gedib, görüb ki, planı verə bilmir, dolanmağı bacarmır işi atıb qaçır. Elə mənim özüm də can dərdi, can harayı gəlib gedirəm. Vallah, babat bir iş tapsam, günü sabah burdan başımı götürüb gedərəm. Amma neyləyim, Allah əlacımı kəsib. Bir tikə çörək üçün məcburam ki, həm müdriyyətin, həm də sərnişinlərin acı sözlərini götürüm.

Gərək sahibkar da sürücü üçün normal şərait yaratsın. Başqa sözlə demiş olsaq, onu dolandırsın. Sürücü dolanmayanda, çörəkpulu qazanmayanda istər-istəməz hər şeyə barmaqarası yanaşır. Yəni o düşünür ki, onsuz da mənim işimə qiymət verən yoxdur. Özümü öldürsəm də fərqi yoxdur. Elə yaxşısı budur hər şeyi yola verim.

Göründüyü kimi, 20-ci sahədən Ələt qəsəbəsinə hərəkət edən 195 nömrəli marşrutda heç də vəziyyət ürəkaçan və sevindirici deyildir. Ən azından ona görə ki, hər gün bu marşrutdan istifadə edərək Ələtə gedən sərnişinlərin nələr çəkdiyini onlardan yaxşı heç kəs bilməz.

İndiki çətin iqtisadi böhran şəraitində işə getmək və işdən evə qayıtmaq üçün nə qədər vaxt itirməlisən. Təbii ki, işə də gedən adam gecikəndə və vaxtında lazımi yerə çatmayanda buna görə ona «çox sağ ol» demirlər. Yaxşı olardı ki, Bakı şəhər Nəqliyyat Agentliyi 195 nömrəli marşrutda baş verən mövcud nöqsanların aradan qaldırılmasına kömək göstərsin, öz işinə səhlankar yanaşan sahibkarı və sürücüləri məsuliyyətə cəlb eləsin.

Faiq QİSMƏTOĞLU