adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AXMAQ OLMAQ HAQQI...

BABƏK YUSİFOĞLU
66353 | 2013-02-28 10:34
Vallah, mən bu amerkanları bu qədər bic, bu qədər "atanşik" bilmirdim. Sən demə, onlar bu sahədə heç ölçüyə gələcək bir şey döyülmüşlər. Eyni anda, eyni yerdə qatığı sənə göstərib bir dəfə onun ağ olduğunu, sonra isə qara olduğunu sübut eləyə bilərlər. Elə bircə misal çəkiməyim kifayətdi. Bu zalım uşağı atom bombaları var deyib İraqın üstünə hücum çəkdi, gecə-gündüz onların başına bomba yağdırdı, şəhərlərini, kəndlərini xarabaya döndərdi, işğal etdi və bir milyon yarım müsəlmanı öldürəndən sonra dedi ki, ay dadibi-dad, deyəsən səhv məlumat almışıq, İraqda atom bombası yoxmuş.
İndi bilirəm ki, bu sözləri oxuyanlar deyə bilər ki, hə, noolsun, hamı səhv edə bilər də. Amma sonradan aydın oldu ki,  bu amerikalı "atanşiklər"in əsl dərdi  nöyüt adlı "atom bombası"ymış. Elə ki, onu əldə etdilər, sakitləşdilər. Nə isə, bunları xatırlatmaqla məqsədim onların dünyanın başına hansı fəlakətlər gətirdiyini sadalamaq döyül. Sadəcə istəyirəm ki, bunların təzə bir fırıldaqlarına diqqəti yönəldim.
Amerikanlar xeyli vaxt idi hiss eləmişdilər ki, onların o ölkənin, bu ölkənin üzərinə hücum etmələrinin yavaş-yavaş zibili çıxmaqdadır. Ona görə də indi başlayıblar özlərinə haqq qazandırmaq üçün tədbirlər görməyə. Və heç kəs belə düşünməsin ki, bundan ötrü hansısa elmi-nəzəri düsturlar-zadlar fikirləşməli olublar. Xeyr. Bu dəfə heç canlariına əziyyət də verməyiblər. Belə ki, ABŞ-ın yeni dövlət katibi Con Kerri bu yeni "strategiyanı" ayın 26-da Berlində tələbələr qarşısında çıxış edərkən açıqlayıb. Bildirib ki, Amerika vətəndaşlarının  kefi istəsə axmaq ola bilərlər. Çünki Amerikada hər kəsin azad şəkildə seçim etmək hüququ var. Və axmaq olmaq istəyənlərə, hətta "uje" axmaq olmuşlara Amerikada çox hörmətlə yanaşılır. Yəni qısası, Kerri bəyan edib ki, Anadolu türkləri demiş - Kusura bakmayın, istənilən amerikalı istənilən vaxt, istənilən yerdə istədiyi axmaqlığı eləyə bilər. Heç kim də həmin adama güldən ağır bir söz deyə bilməz. Bərəkəllah...
Hə, indi Con müəllim, demək istəyir ki, Amerika indiyə qədər və bundan sonra nə qədər absurd əməllər törətsə, onu Vaşinqtonun siyasətinin ayağına yazmaq lazım döyül. Yəni, bütün hoqqalar ona görə baş verir ki, hansısa amerikalı axmaq olmaq istəyib və olub. Və bu onun haqqıdır.
Bu dünyanın dərdi az idi, biri də amerikalıların axmaqlığı ilə ortalığa çıxdı. İndi ölkələr qalıblar pis vəziyyətdə. Xüsusən də kiçik, zəif dövlətlər. Hamı qorxu içindədi ki, birdən amerikanların yenə bir axmaqlığı tutar,  gəlib onların da yerini-yurdunu xarabaya çevirər.  Axmaq adama nə deyəcəksən? Deyəcəksən ki, niyə belə eləyirsən? Vallah, acığa düşüb elə axmaqlığa əl atar ki, ağıllı olmağına görə hər kəs peşiman olar.
Dövlət katibinin keçirdiyi həmin görüşdə olsaydım və tanınmağımı istəmədiyim üçün  ona  "zapiska" ilə bir neçə sual göndərərdim. Birinci soruşardım ki, ay hörmətli Con müəllim, niyə axı amerikalılar hər dəfə bir axmaqlıq eləyəndə onun çanağı müsəlmanların başında sınır? Bəyəm amerkan axmaqlığı hoqqa çıxarmaq üçün başqa yer tanımır? İkinci öyrənmək istərdim ki, müəllim, amerikalılardan başqa, daha hansı millətlərin, hansı ölkələrin axmaq olmaq imkanları var? Daha sonra, sual verərdim ki, Ermənistana, Dağlıq Qarabağdakı erməni separatçılarına hər il göndərdiyiniz humanitar yardımları, ayırdığınız milyonlarla vəsaiti axmaqlığınıza görə edirsiniz, ya ortada başqa məsələlər var?..  Çox təəssüf ki, həmin tədbirdə iştirak edə bilməmişəm.
Tədbir dedim yadıma, Con Kerrinin iştirak etdiyi başqa bir tədbirdəki çıxışında işlətdiyi bir ölkə adı  yadıma düşdü. Hazırda ABŞ-ın xarici siyasətinin bir nömrəli adamı sayılan  Con Kerri elə bu Avropa turnesində, böyük bir tədbirdə  çıxış edərkən  orada heç bir ağıllı adamın anlamadığı, tanımadığı bir dövlətin adını çəkib -  "KIRZAXISTAN". Cümlə belə olub: "...Onlar Kırzaxıstanda və Gürcüstanda diplomatik institutları dəstəkləyirlər..."(vz.ru). Bəli, bəli məhz Kırzaxıstan. Maraqlı şəxslər düşünüblər ki, bəlkə ABŞ dünyada  bu adda yeni bir dövlət yaradıb, amma kimsənin xəbəri yoxdu. Ona görə də tez-bazar xəritədə, internetdə hər yeri ələk-vələk eləyiblər, Gürcüstanın adını hər yerdə görüblər, amma bu zəhrimar Kırzaxıstana rast gəlməyiblər. Ancaq haçandan-haçana  həmin çıxışın dövlət departamentindəki rəsmi sənədlərindən aydın olub ki, Con müəllim, Qırğızıstanla Qazaxıstanın adını birləşdirərək bu sintezi ortalığa çıxarıb.
İndi həmin Orta Asiya ölkələrində olmasam da bilirəm ki, amerikalıların axmaq olmaq imkanları söhbəti üzə çıxdığına görə Qazaxıstanla Qırğızıstanda hamı təlaş içindədi. Fikirləşirlər ki, olmaz elə, olar belə. Birdən amerikalılar Qazaxıstanla Qırğızıstan dövlətlərini ləğv eləyər,  sonra ikisindən bir dövlət düzəldər, adını da qoyar Kırzaxıstan. Onda gəl eşşək gətir, mərəkə yüklə... Noolsun amerikalıların kefləri istəyəndə axmaq olmaq imkanları var?..
Nə isə, bu Con müəllimdən danışdıqca söhbət çox uzanır.  Axmaq-axmaq şeylər ortalığa çıxır. Və mən də  ehtiyat eləyirəm. Deyirəm danışdıqlarımın bu qədəri bəsdi. Çünki hər şeyin düşər-düşməzi var...
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV