adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2017 21:40
4745
İDMAN
A- A+

Rusiya Premyer Liqasının azərbaycanlı gənc ulduzu

Rusiyanın məşhur championat.com saytı Mahaçqalanın "Anji” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev barəsində yazı dərc edilib.

Adalet.az-ın Qol.az-a istinadən xəbərinə görə, yazıda əvvəlcə qeyd edilir ki, Azərbaycan mətbuatı Ayaz Quliyevin Ramil Şeydayevdən sonra milli komandalarında oynayacağına səmimi şəkildə inanır.

"Hər şey eyni ssenari ilə gedir. Ayazdan soruşurlar ki, o, Azərbaycan millisində oynamağa hazırdımı? O isə Aleksandr Səmədova xas tərzdə cavabdan diplomatik şəkildə yayınır. Quliyevi orada yaxşı tanıyırlar. Bu mənada, gənc futbolçunun "Anji”yə gedişi azərbaycanlılar üçün şok oldu. Ayazın bu transferindən sonra ona verilən iki sual:

-Siz erməni əsilli baş məşqçi Aleksandr Qriqoryanın rəhbərlik etdiyi komandaya keçdiniz. Yeni komandanızı seçməzdən əvvəl bu haqda düşünmüzdünüz?

-Mahaçqala Azərbaycana yaxındır. Demək olarmı ki, "Anji”ni seçməklə siz Azərbaycan millisinə də yaxınlaşdınız?

İndi gəl, bundan sonra onunla futboldan danış. O isə korrekt danışığına sadiqdir:

"Anji”nin baş məşqçisinin erməni, rus, ya azərbaycanlı olmasının fərqi yoxdur. Məgər, mən milli məsələyə görə futbol oynamamalıyam?”

Yazıda Ayaz Quliyevin Rusiyanın yeniyetmələrdən ibarət milli komandalarında uğurlu çıxışlarına da toxunulur. Daha sonra müəllif Sergey Titov Ayazın hazırda Rusiya Premyer Liqasının gənc ulduzlarından biri olduğunu yazır.

Moskva "Spartak”ının yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi qış transfer pəncərəsində "Anji”yə keçib.


Ayaz Quliyev "Spartak"la oyunda

"Bütün gənc futbolçular kimi Quliyev onun güclü tərəflərini bilən məşqçinin yanına düşməliydi. Aleksandr Qriqoryan futbolçuların potensialını yenidən açmaq bacarığına malikdir. Ayaz Quliyev onun rəhbərli etdiyi "Anji”də əsas simalardan biri olmalıdır”.

Müəllif Rusiya Premyer Liqasının ötən həftə keçirilən 22-ci turunun "Zenit” – "Anji” matçında A.Quliyevin uğurlu çıxışına toxunur və onu bu matçın ən yaxşı oyunçusu adlandırır.

"Onun ötürmələrinin 71 faizi dəqiq oldu. Ümumi komandada bu göstərici 67 faiz idi. O 43 ötürmə etdi ki, bu da "Anji”də ən yaxşı göstərici idi. Topa 60 dəfə toxunuş da komandada ən yaxşı göstərici sayıldı.

Ümumiyyətlə, Ayaz çox mobil oyunçudur. O, müdafiədən hücuma keçən zaman "Anji”nin əsas oyunçusu ola bilir. "Zenit”lə oyunda qapıya uzaqdan zərbə vurmasa da, "Orenburq”la matçda bunları edirdi. O, qapıya 4 zərbə endirdi: hamısını da cərimə meydançasının kənarından. Quliyev zərbə vurmağa çox keyfiyyətlə hazırlaşır”.

Müəllif hesab edir ki, artıq bu yay Ayaz Quliyev Moskva "Spartak”ına qayıdaraq komandanın liderlərindən olan Denis Qluşakovun layiqli əvəzedicisi rolunu oynaya bilər: "Bunun üçün Ayazda tələb olunan bütün keyfiyyətlər var. Amma hazırda Ayaz qarşıdakı yarım il, bir il ərzində hansısa komandada əsas oyunçu kimi öz potensialını tam açmalıdır”.