adalet.az header logo
  • Bakı 19°C
10 Aprel 2017 16:40
9018
ELM VƏ TƏHSİL
A- A+

AzTU-da Fransa ali məktəblərinin təqdimatı keçirilib

Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul işçisi Batist Minyo Azərbaycan Texniki Universitetində I kurs tələbələri ilə görüşüb.

Batist Minyo Fransa universitetlərində təhsilin keyfiyyəti, tədrisin istehsalatla birgə fəaliyyəti və təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib. Səfirliyin nümayəndəsi bildirib ki, Biznes və Menecment üzrə dünyanın ən yaxşı ali təhsil müəssisələrinin 25%-i Fransada yerləşir.

Fransada təhsil bakalavriat pilləsində fransız dilində, magistratura pilləsində isə tələbənin seçimi ilə fransız yaxud da ingilis dilində aparıldığını deyən Batist Minyo təhsilin ödənişli və ödənişsiz əsaslarla olmasından aslı olmayaraq universitetlərin dövlət tərəfindən maliyyələşdirildiyini qeyd edib.

Görüşdə AzTU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov Fransa universitetləri ilə mövcud əməkdaşlığından danışaraq bu əlaqələrin nəticəsi olaraq müəllim-tələbə mübadiləsi, birgə konfransların keçirilməsi, elmi-tədqiqat işlərinin aparılmasını qeyd edib və gələcəkdə ikili diplomların alınması üzrə mühüm işlər həyata keçirildiyini bildirib.

Sonda tələbələri maraqlandıran bütün suallar Fransa səfirliyinin nümayəndəsi tərəfindən cavablandırılıb.