Birinci sinfə qəbul üzrə 37 minə yaxın müraciət olub
Bu günə qədər elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 000-ə yaxın sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 33 604-ü ümumi təhsil məktəblərini, 3 171-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizindən çoxdur.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.
Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook” səhifəsində I sinfə qəbulla bağlı suallara cavab verilib.