adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Aprel 2017 15:15
10094
ƏDƏBİYYAT
A- A+

Rəsul Rza:Kərkük

Bir yanım Mosuldur
bir yanım Ərbil,
bəxtimə yazıldı
bu qara nisgil.
Çəkdiyim ağrılı
illər içində
nə bəd gəldi qanlı,
qadalı bu il.

Güneylər, ay quzeylər,
Dərdim odu buz eylər.
Gəldi ağır günlərim –
bir dərdimi yüz eylər.

Bağdaddan karvan gəlir,
Dərdli, pərişan gəlir.
Kimlər qurban kəsilib,
sularım al qan gəlir.

Mosulun yolu daşdı,
Yollar qana bulaşdı.
Bir-birinin qənimi
iki insan – qardaşdı.

Kərkük üstü dumandı,
Kərkük oda qalandı.
Kərbəla müsibəti
buna baxsan yalandı.

Ərbilə,
yanğın düşdü Ərbilə;
höcəti kəsmək olmaz
dava-dalaş, hərb ilə.

Ərbilə,
karvan gedər Ərbilə.
Sirrini elə saxla
nə qardaş, nə ər bilə.

Dənizə,
dolu düşdü dənizə.
Namərd, əlin qurusun,
Necə qıydın Təbrizə.

Dərələr,
yastı, çuxur dərələr.
Bağ salmadım ki, yadlar
meyvəsini dərələr.

Bu dağlar,
bu dərələr, bu dağlar.
Kimə neyləmişdilər
sındırılmış budaqlar.

Ay buluddan göründü,
yenə gizlənər indi.
Göydən bir dəmir düşdü,
bütün Kərkük diksindi.

Tərlan uçdu, sar gəldi,
dolu kəsdi, qar gəldi.
Eyvana kölgə düşdü,
dedim yağılar gəldi.

Bağdad qızıl, gümüşdü,
Bağdada yanğın düşdü.
Belə qara günləri
Bağdad haçaq görmüşdü.

Atlarım,
ilxı-ilxı atlarım.
Bir çətin günə düşdüm,
Ağladı xoyratlarım.

Naxçıvandan,
Təbrizdən Naxçıvandan.
Ağla, gözlərim, ağla!
Ayrıldın çox cavandan.

Külək əsdi güneydən,
bir nalə qopdu neydən.
Alov yağdı, köz yağdı
gecə ulduzlu göydən.

Kərkükün baş qalası,
divarı daş qalası.
Ölü ana yanında
tökür qan-yaş balası.

Qara yellər əsəndə,
elin dərdi var səndə.
Yeddi qurban kəsərəm
bu davalar kəsəndə.

Ay batdı gün doğanda,
nur zülməti boğanda.
Kim görmüşdü buluddan
ölüm daşı yağanda.

Tufan qopdu quzeydən,
qara buludlu göydən.
Bir od düşdü Kərkükə –
nalə qalxdı yüz evdən.

Göydə ildırım çaxar,
dərələrdən sel axar.
Çox sürməz bu qaranlıq,
Səhər olar, gün çıxar.

***

Göyün üzü bulud-bulud,
göyə dırman, yağışdan tut.
Bir güman var, bir də umud,
Ağlama, gözəl, ağlama!

Hicran dərdi yaman olur,
yollar çiskin, duman olur.
Hər dərdə bir güman olur;
Ağlama, gözəl, ağlama!

Durna keçir qatar-qatar,
Gəlir uzaq qaqqıltılar.
Hər gecənin gündüzü var,
Ağlama, gözəl, ağlama!

Kərkük üstü duman oldu,
abad evlər viran oldu.
Aydın hava boran oldu,
Ağlama, gözəl, ağlama!

Yelə vermə inamını
Könlündəki gümanını
Pozsalar da səhmanını,
ağlama, gözəl, ağlama!

Göy üzündə şimşək çaxdı,
Ərbildən od-alov qalxdı.
Kimlər yazdı belə baxtı –
ağlama, gözəl, ağlama!

Yandı Dədə Gur-gur, Mosul.
Oda girdi bütün sağ-sol.
Qurban getdi neçə oğul,
ağlama, gözəl, ağlama!

Ağlayan çox, gülən hanı?
Göz yaşını silən hanı?
Matəm tutub bu dünyanı
Ağlama, gözəl, ağlama!

1980