adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Aprel 2017 14:12
19604
İQTİSADİYYAT
A- A+

Yevlaxda 6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsidir. Artıq 18 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

"Azəravtoyol” ASC-dən Adalet.az-a verilən məlumata görə, hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur.

Əsasın tikintisi 15 sm qalınlığında qum-çınqıl və 12 sm qalınlığında optimal qırmadaş qarışığından ibarətdir.

Torpaq işləri yekunlaşan hissələr isə artıq asfaltlanır. Sözügedən avtomobil yoluna 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənir. Ümumilikdə isə yolun 100 min m2-dən çox ərazisinin asfaltlanması nəzərdə tutulub. IV texniki dərəcəyə uyğun yenidən qurulan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metr olmaqla yol yatağının ümumi eni 10 metr təşkil edir. Layihə çərçivəsində yol boyu müxtəlif diametrli 16 ədəd su borusunun tikintisi işləri də aparılır.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra yola 360 ədəd təhlükəsizlik dirəkləri, 118 ədəd yol nişanları və göstərici lövhələr quraşdırılacaq, 25 km uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Məlumat üçün bildirək ki, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirərək gediş-gəlişi rahatlaşdıracaq, yük və sərnişin daşınmasını isə xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhrəmtəpə, həmçinin Bakı-Ələt-Qazax-Rürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdikləri məhsulları rahat şəkildə və qısa müddət ərzində bazarlara daşımasına imkan yaranacaq, bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının inkişafına müsbət təsir etmiş olacaq.